Bu gün Azərbaycanda baharın ilk müjdəçisi olan Su çərşənbəsidir

Azərbaycana əsrlərin sınağından çıxmış, mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramların şahı sayılan Novruz gəlir.

437939
Bu gün Azərbaycanda baharın ilk müjdəçisi olan Su çərşənbəsidir

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Azərbaycan xalqı Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-də, Od çərşənbəsi martın 1-də, Yel çərşənbəsi martın 8-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 15-i qeyd ediləcək.

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları, türkəçarələr, bayatılar, əfsanələr, rəvayətlər və inanclar var. Məsələn, inanclarda deyilir: süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçərkən “suyum, irəlilə” deyərlər.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: su olan yerdə dirilik olar, su ehsandır, su murdarlıq götürməz, suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Beləliklə, su həyat mənbəyi, aydınlıq rəmzidir.

Ömrünüz su qədər uzun və pak olsun!



Әlaqәli Xәbәrlәr