Tarixdə bu gün: 16 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1469474
Tarixdə bu gün: 16 avqust
Bəxtiyar Vahabzadə.jpg

***

  1556-cı ilin 16 avqustunda İstanbulda mərasimlə Süleymaniyyə məscidi (Süleymaniye Camii) açıldı.

***

  1858-ci ilin bu günü Avropadan Amerikaya ilk teleqram göndərildi: ABŞ prezidenti Ceyms Bükenen (James Buchanan) okean aşan ilk teleqraf danışığını İngiltərə kraliçası Viktoriya (Victoria) ilə etdi. Bununla da dünya tarixində teleqrafdan istifadə etməklə qısa müddət ərzində informasiya çatdırılmasının bünövrəsi qoyuldu.

***

  16 avqust 1868-ci ildə Perunun Arica şəhəri (bu gün Çiliyə bağlı) 8,5 gücündə zəlzələ ilə gələn tsunami nəticəsində yerlə yeksan oldu. 25 mini Aricadan olmaqla təxminən 70 min nəfər həyatını itirdi.

***

  1953-cü ilin 16 avqustunda İran şahı Rza Pəhləvi və xanımı Sürəyya baş nazir Musaddiki vəzifəsindən kənarlaşdıra bilməyincə İranı tərk etdilər.

***

  16 avqust Qıbrız (Kipr) respublikasının milli bayramı – müstəqillik günüdür. Bu ölkə 1960-cı ildə istiqlaliyyətini elan etdi. Lakin 1963-cü ildən başlayaraq adanın türk sakinlərinə qarşı müntəzəm fitnələr aparılaraq bütün vasitələrlə onlara qarşı ayrı-seçkilik siyasəti yeridildi. Yalnız 1974-cü ildə Türkiyə öz qoşunlarını adaya çıxardıqdan sonra türklərin qırğınına son qoyuldu.

  1974-cü il 16 avqust tarixində Qıbrız (Kipr) Barış Hərəkatı çərçivəsində Türkiyə hərbi birlikləri Maqosa, Lefkoşa, Lefke xəttinin şimalında qalan bölgəni nəzarətə aldı və atəşkəs elan olundu. 1975-ci ildə qıbrız türkləri Kipr-Türk Federativ Dövləti, 1983-cü ildə isə xalqın istəyilə Şimali Qıbrız (Kipr) Türk Respublikası yaradıldığını elan etdilər.

***

  16 avqust 2008-ci ildə Yamayka (Jamaika) atleti Usain Bolt Pekində keçirilən 2008 Yay Olimpiadasında 9.69 saniyə ilə 100 metrlik dünya rekordunu qırdı. Bir il sonra o, Berlindəki Dünya Atletizm Çempionatında rekordunu 9.58 saniyə ilə yenilədi.

***

16 avqustda həm də bu insanlar xatırlanır

  "Sıravi dəlilik əhvalatları" başda olmaqla bir çox məşhur əsərə imza atan yazıçı Çarlz Bukovski (Charles Bukowski) 1920-ci ilin 16 avqustunda Almaniyada dünyaya gəlib. (1920-1994)

***

  Azərbaycanın tanınmış yazıçısı və dövlət xadimi Şıxəli Qurbanov 1925-ci ilin bu günü dünyaya gəlib.

  Komediyalarında cəmiyyətin mənfi cəhətlərini satira atəşinə tutan yazıçı həm də Azərbaycan-Rusiya ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir.

  Şixəli Qurbanov Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitənin baş katibi vəzifəsində çalışan zaman xalqın milli bayramı olan Novruzun rəsmi keçirilməsinə nail olub.

  Hal-hazırda paytaxt Bakıda fəaliyyət göstərən Musiqili Komediya Teatrı Şixəli Qurbanovun adını daşıyır. (1925-1967)

***

  XX əsrin tanınmış Azərbaycan fəlsəfi şairi Bəxtiyar Vahabzadə 1925-ci il 16 avqustda Şəkidə anadan olub.

  Bədii yaradıcılığa 18 yaşında başlayan şairin şeir, pyes və publisistik əsərlərindən ibarət 70-dən çox kitabı nəşr edilib.   

  Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də dəyərli və əvəzsizdir. Azərbaycan tarixinin taleyüklü anlarında əsl vətəndaş mövqeyi nümayiş etdirən şairin xalqın yaşadığı Qanlı Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları və atdığı addımlar öz qətiyyəti ilə seçilib. (1925-2009)

***

  Bu gün “Rok and roll” kralı Elvis Preslinin (Elvis Presley) xatirə günüdür. O, 1977-ci ildə Qreyslenddə (Graceland) 42 yaşında dünyadan köçüb. Elvis Presli səsi ilə yanaşı rəqsləri, saç modeli və geyim tərziylə də öz dövrünə damğasını vurub. (1935-1977)

***

  1971-1979-cu illər arası Uqandanı idarə edən diktator İdi Amin 2003-cü ilin 16 avqustunda sürgündə yaşadığı Səudiyyə Ərəbistanın Cidde şəhərində ölüb. (1925-2003)

*** 



Әlaqәli Xәbәrlәr