Tarixdə bu gün: 3 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1446407
Tarixdə bu gün: 3 iyul

*** 

  1608-ci ildə Fransa kralı IV Henrixin saray coğrafiyaşünası təyin etdiyi tanınmış səyyah Samyuel de Şamplen müasir Kanadanın Cənub-Şərq torpaqlarını tədqiq edərkən Müqəddəs Lavrenti çayının sahilində istehkam qurdu. Sonralar Kvebek adlandırılan bu istehkamın adı yerli hinduların dilində “çayın daraldığı yer” mənası verir. Bu məskən çox keçmədən xəz ticarəti sayəsində varlanaraq ən çox tərəqqi edən limanlardan birinə çevrildi. Hazırda Kvebek Kanadanın fransız dilli əyalətinin paytaxtıdır.

***  

  1917-ci il 3 iyulda Azərbaycanın paytaxtı Bakıda “Hümmət” qəzetinin birinci nömrəsi çapdan çıxdı. Bu mətbuat orqanı XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi şüurunun oyanışında, eləcə də xalqın maariflənməsində özünəməxsus rol oynadı.

***

  1918-ci il iyulun 3-də Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 19 yaş hərbi xidmətə çağırış yaşı müəyyən edildi. Həmin qərarla “Azərbaycan hökumətinin xəbərləri”nin nəşrinə başlandı. 

***

  1973-cü ilin 3 iyulunda Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi açıldı. Sonradan ATƏT adlanan bu təşkilat qitənin bütün dövlətlərinin hüquq bərabərliyi əsasında təmsil olunduğu yeganə təşkilatdır. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradıldı.

*** 

  3 iyul 1988-ci ildə İran Hava Yollarına aid sərnişin təyyarəsi Bəsrə Körfəzində Amerika döyüş gəmisindən atılan mərmiylə vuruldu. Təyyarə qəzasında aralarında uşaqların da olduğu 286 nəfər həyatını itirdi.

***

3 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli alimi, tarixçi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanov 1794-cü ilin bu günü Bakının Xilə kəndində anadan olub.

  Bakı xanlarından olan Abbasqulu ağanın gənclik illəri Qubada keçib.

  Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Bakıxanov həm də qələmə aldığı “Gülüstani-İrəm” əsərilə Azərbaycanın tarixi keçmişini öyrənmək üçün əvəzedilməz mənbə yaradıb.

  Rusiya ordusunda hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edən Abbasqulu ağa Bakıxanov qayıdarkən elə buradaca dünyasını dəyişib. (1794-1847)

***

  Məşhur Avstriya yazıçısı Frans Kafka 1883-cü ilin 3 iyulunda doğulub.

  Kafkanın XX əsr modernist ədəbiyyatı üçün səciyyəvi olan yaradıcılıq üslubu Friş, Kamyu, Bekket və digər tanınmış yazıçılara güclü təsir göstərib. (1883-1924)

*** 

  “The Doors” qrupunun yaradıcısı, müğənni və bəstəkar Cim Morrison (Jim Morrison) 1971-ci ilin bu günü 28 yaşında həyatını itirib. (1943-1971)

*** 

  3 iyul Türkiyə kinokomediyasının məşhur aktyorlarından olan Kamal Sunalın xatirə günüdür. O, "Hababam sinfi" (Hababam Sınıfı), "Şərq bülbülü" (Şark Bülbülü), "Nəzakətli Feyzo" (Kibar Feyzo), "Qapıçılar kralı" (Kapıcılar Kralı”) kimi onlarla komediya filminin baş rol ifaçısı olub. Daha çox "İnək Şaban" obrazı ilə yaddaşlarda qalan Kamal Sunal 2000-ci ilin bu günü keçirdiyi infarkt nəticəsində 56 yaşında dünyadan köçüb. (1944-2000)

***



Әlaqәli Xәbәrlәr