Tarixdə bu gün: 18 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1253526
Tarixdə bu gün: 18 avqust

***

  1791-ci il 18 avqustda Osmanlı – Rusiya müharibəsini sona çatdıran Kalas sülh müqaviləsi imzalandı.

***

  1873-cü ilin bu günü Qarabağ xanının qızı və Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın Şuşaya su çəkdirməsi münasibətilə xalq şənliyi keçirildi.   

***

  1917-ci ilin 18 avqustunda “Böyük Selanik yanğını” çıxdı. 32 saat sürən yanğında şəhərin 30 faizdən çoxu məhv oldu, 70 min adam evsiz qaldı.

***

  1919-cu il 18 avqust tarixində Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edildi. Lakin Cümhuriyyətin süqutundan sonra sərhəd formalaşması prosesi dayandırıldı.

  2002-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə sərhəd qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tabeliyindən çıxarıldı və ayrıca Dövlət Sərhəd Xidməti yarandı.

***

  18 avqustda “Türkiyə gözəli” Keriman Halis1932-ci ilin dünya gözəli” seçildi.

***

  1971-ci ilin 18 avqustunda Avstraliya və Yeni Zelandiya Vyetnam Müharibəsindən əsgərlərini geriçəkmə qərarı verdilər.

***

  1998-ci ildə Rusiyadakı iqtisadi böhran dünyanı sarsıtdı. Avqustun 18-dən Rusiya bütün xarici borc ödəmələrini dayandırdı.

***

  1998-ci il 18 avqustda ifadə verməyə məcbur olan ABŞ prezidenti Bill Klinton (Bill Clinton) Ağ Evdə stajer olaraq çalışan Monika Levinski (Monica Lewinsky) ilə əlaqəsini etiraf etdi. 

***

18 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1227-ci ilin bu günü tarixin ən böyük imperiyalarından birinin qurucusu, moğol imperatoru Çingiz Xan dünyadan köçüb. O, həmin il çıxdığı hərbi səfər zamanı xəstələnmişdi. Amma Çingiz Xanın məzarının yeri bu günə qədər məlum deyil.  

***

  18 avqust “Vadidəki zanbaq", "Qoriot ata" kimi klassik əsərlərilə dünya şöhrəti qazanan fransız yazıçısı Onore de Balzakın (Honore də Balzac) xatirə günüdür.

  Balzak öz dövrünün ictimai həyatının bütöv mənzərəsini yaratmış böyük yazıçıdır. Onun qələmə aldığı roman və hekayələr bütün dünyada “Bəşəri komediya” adı ilə məşhurlaşıb.

  Onore de Balzaka qədər heç kim tamahkarlığı və varlanma cəhdlərini, karyerizmi əsas həyat stimulu kimi qəbul edən bu cür obrazlar qalereyası yaratmağa müvəffəq olmayıb. Yazıçının mükəmməl təhkiyə texnikası, təsvir ustalığı və dramatik intriqa yaratmaq bacarığına görə ədəbiyyatşünaslar onu “müasir romanın atası” adlandırırlar.

  Balzakın “Qobsek” (1830), “Qulan dərisi” (1931), “Qorio ata” (1834) və s. kimi romanları bütün zamanlarda oxucuların sevə-sevə oxuduğu əsərlərdir. O, 1850-ci ilin bu günü 51 yaşında Parisdə dünyasını dəyişib. (1799-1850)

***

Port-Artur döyüşünün qəhrəmanlarından biri, görkəmli Azərbaycan sərkərdəsi general Əliağa Şıxlinskinin xatirə günüdür 18 avqust.

  18 yaşından (1883) orduda xidmət edən Əliağa Sankt-Peterburqda artilleriya məktəbini bitirib, 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində batareya komandiri olub. Şıxlinski Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə “Qızıl qılınc” mükafatına layiq görülüb. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə işləyib.

  1917-ci ildə artilleriya general-leytenantı rütbəsi alan Əliağa Şıxlinski Azərbaycan Demokratik Respublikası dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan sovetləşəndən sonra o, bir müddət xalq hərbi və dəniz işləri komissarının müavini işləyib. 1920-ci ilin avqustunda Səmədbəy Mehmandarovla birlikdə baş qərargahda işləmək adı ilə Moskvaya göndərilib. Az sonra hər ikisi müsavatçı olaraq ittiham edilərkən Nəriman Nərimanovun bilavasitə köməyilə həbsdən qurtulublar. 1929-cu ildə Şıxlinski istefaya çıxmağa məcbur olub.

  Artilleriyaya aid bir çox kitabların da müəllifi olan Əliağa Şıxlinski Azərbaycanda hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərib. O, 1943-cü ilin bu günü Bakıda 78 yaşında həyatdan köçüb. (1865-1943)

***

  18 avqust görkəmli Azərbaycan şərqşünası və türkoloqu Əkrəm Cəfərin xatirə günüdür.

  24 yaşında (1929) Moskva Dövlət Universitetinə oxumağa göndərilən Əkrəm ali təhsilini bitirdikdən sonra Rusiya paytaxtının institutlarında dil və ədəbiyyatdan dərs deyib. 1935-1937-ci illərdə Kremlə dəvət olunub və orada SSRİ hökuməti qanun və sərəncamlarının Azərbaycan dilindəki nəşrinin məsul redaktoru olub. 34 yaşında (1937) Bakıya qayıdıb və Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Həmin dövrdə pantürkist və panislamist kimi təqib olunmağa başlanıb. 1942-ci ilin sentyabrında həbs edilərək Rusiyanın Kuybışev şəhərinə katorqaya, 7 il sonra isə Türkmənistanın Mərv vilayətinə sürgünə göndərilib. 1954-cü ildə bəraət qazanan Əkrəm Cəfər Bakıya dönüb. Bir müddət pedaqoji institutda “Qədim türk yazılı abidələri” fənnindən dərs deyib. 1955-ci ildən AMEA-nın Ədəbiyyat və Dil İnstitutu, 1961-ci ildən ömrünün sonunadək isə Şərqşünaslıq İnstitutunda çalışıb. Bir çox dərs vəsaiti, o cümlədən əruz vəzninə dair fundamental tədqiqat əsərinin müəllifidir. (1905-1991)

***

  18 avqust 2018-ci ildə Qıbrız (Kipr) Barış Planı ilə tanınan, Nobel Sülh Mükafatının sahibi, BMT-nin baş katibi olmuş Kofi Annan İsveçrədə dünyasını dəyişib. (1938-2018)

***



Әlaqәli Xәbәrlәr