Tarixdə bu gün: 12 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1216443
Tarixdə bu gün: 12 iyun

***

  12 iyun Filippin respublikasının milli bayramıdır.

  1898-ci ilin bu günü İspaniya əsarətindən ayrılaraq müstəqilliyini elan edən Filippin bir qədər sonra Amerika Birləşmiş Ştatlarının hakimiyyəti altına düşdü. 1946-cı il iyulun 4-də Filippin öz istiqlaliyyətini ikinci dəfə elan və bərpa etdi.  

***

  1918-ci ilin 12 iyun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin Batumda olan xarici işlər naziri Məhəmmədhəsən Hacinski Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyə göndərdiyi məktubda yazırdı:

  “Rusiya inqilabı nəticəsində Azərbaycan hökuməti böyük çətinliklərə məruz qalır. Ölkənin çox hissəsində üsyan qaldırmış bolşeviklər Bakını ələ keçiriblər. Bununla əlaqədar hərc-mərclik bizi rahat buraxmır.”

  Məhəmmədhəsən Hacinski bolşeviklərə qarşı mübarizədə Türkiyənin hərbi yardımını vacib hesab edirdi.

***

  1919-cu ildə Qurtuluş Savaşını başlamaq üçün Samsuna gələn Mustafa Kamal Paşa iyunun 12-də Havzadan Amasiyaya keçdi.

***

  12 iyun 1924-cü ildə Atatürkün təlimatı ilə Türkiyənin ilk təlim və araşdırma xəstəxanası olan Heybeliada Sanatoriyası açıldı.

***

  1940-cı ilin 12 iyununda Türkiyənin o zamankı baş naziri İsmət İnönünün rəhbərliyilə toplanan hökumət Türkiyənin İkinci Dünya Müharibəsində bitərəf qalması ilə bağlı qərar verdi.

***

  12 iyun 1967-ci ildə SSRİ (keçmiş Sovet ittifaqı) "Venera 4" kosmik gəmisini Venera planetinə göndərdi.

***

  Rusiya 1990-cı ilin 12 iyun tarixində rəsmi olaraq müstəqilliyini elan etdi.

***

  12 iyun 2000-ci ildə Türkiyənin ilk kosmos düşərgəsi olan "Uzay Kampı Türkiye" açıldı.

***

12 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Qədim gürcü knyazı nəslindən olan rus generalı Pyotr Baqrationi 1765-ci ilin bu günü anadan olub.

  O, Suvorovun İtaliya və İsveçrəyə hərbi yürüşlərində iştirak edib, 1805-1807-ci illərdə Fransa ilə müharibədə fərqlənib, sonralar Rusiya-İsveç müharibəsində Aland eskpedisiyasına, Rusiya-Türkiyə müharibəsində isə Moldova ordusuna komandanlıq edib.

  1812-ci ildə Borodino döyüşündə rus ordusunun sol cinahının komandiri olan Baqration ağır yaralanaraq həlak olub. (1765-1812)

***

  Azərbaycanın tanınmış teatr və kino aktyoru Hacıbaba Bağırov 1933-cü ilin 12 iyununda Bakıda dünyaya gəlib.  

  “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Hacıkərimin aya səyahəti”, “Ulduz”, “Qaynana”, “Hicran” tamaşaları və bir sıra filmlərdə özünəməxsus komik obrazlar yaradıb. (1933-2006)

***

 



Әlaqәli Xәbәrlәr