Tarixdə bu gün: 28 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1209228
Tarixdə bu gün: 28 may

***

  1812-ci ilin 28 mayında Osmanlı dövləti ilə Romanovlar arasında Bükreş müqaviləsi imzalandı və Osmanlı – Rusiya müharibəsi sona çatdı.

***

  28 may 1830-cu ildə ABŞ-ın 7-ci prezidenti Endryu Cekson (Andrew Jackson) Amerikadakı qırmızı dərililərin yer-yurdlarından çıxarılması və başqa yerlərə sürgün edilməsinə dair Yerli Məskən Qanununu imzaladı.

***

  1913-cü ilin 28 may tarixində Osmanlı dövlətində ilk feminist təşkilat sayılan Teali-i Nisvan, yəni Qadınların Vəziyyətini Yaxşılaşdırma Dərnəyi quruldu.

***

  1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqin ilk müsəlman-türk dövləti Azərbaycan Demokratik Respublikası quruldu.

  Azərbaycan Milli Şurasının ilk iclasında Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olundu və 6 bənddən ibarət istiqlal bəyannaməsi elan edildi.

  Əqdnamə adlanan həmin bəyannamədə deyilirdi:

  “Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malikdir. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

  Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır. 

  Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

  Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşları bərabər hüquqlarla təmin edir. 

  Azərbaycan Demokratik Respublikası ərazisində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün geniş imkanlar açır.” 

  Müəssisələr Məslisi toplanana qədər ölkəni hamılıqla seçilmiş Milli Şura və Milli Şuranın təşkil etdiyi hökumət idarə etdi.

  Elə həmin gün Milli Şura Azərbaycan hökumətinin yaradılmasıFətəli xan Xoyskiyə tapşırdı.

  Bir saat sonra hökumətin yaradılması haqqında Fətəli xan Xoyskinin məruzəsini dinləmək üçün Milli Şura iclasını davam etdirdi.

  Azərbaycanın ilk müvəqqəti hökuməti aşağıdakı tərkibdə təqdim olundu:

  • Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski,
  • müdafiə naziri – Xosrovpaşa bəy Sultanov, 
  • xalq maarifi və maliyyə naziri – Nəsib bəy Yusifbəyli, 
  • xarici işlər naziri – Məmməd Həsən Hacinski,
  • poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov,
  • əkinçilik və əmək naziri – Əkbər ağa Şüyxülislamov,
  • ədliyyə naziri - Xəlil bəy Xasməmmədov,
  • ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov,
  • dövlət nəzarəti naziri – Camo bəy Hacinski. 

  Bununla da Azərbaycan Milli Şurası xalq qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi.

  Azərbaycan Demokratik Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti oldu.

  Azərbaycan milli dövlətinin yaradılması bir sıra mühüm səbəblərə görə xalqın taleyində böyük bir tarixi hadisə idi. Belə ki, bura qədər Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və linqvistik çərçivədən kənara çıxaraq siyasi bir məna kəsb edirdi. Azərbaycan adlı dövlət qurması ilə xalq bütün dünyaya istiqlalını qazandığını və bunu millətin idealına çevirdiyini göstərdi.

  Azərbaycan Demokratik Respublikasının yaradılması həm də bütün dünyada gedən ictimai-siyasi proseslərin tərkib hissəsi olduğu üçün Rusiya imperiyasının dağılması baxımından da əhəmiyyətli hadisə idi. 

***

  1952-ci ilin 28 mayında Yunanıstanda qadınlara seçmə haqqı verildi.

***

  28 may 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumu - UNESCO “Ən çox danışılan dillər” sırasına Türkiyə türkcəsini də qəbul etdi.

***

  1961-ci ilin 28 may tarixində Londonda Beynəlxalq Əfv Təşkilatı yaradıldı.

***

  28 may 1992-ci ildə Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu Ümid Körpüsünün açılış mərasimi oldu. O vaxta qədər tam blokada şəraitində yaşayan Naxçıvan ağır iqtisadi sosial problemlər məngənəsində sıxılırdı.

***         

  28 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Ümumtürk dünyasının dahi şairi, Azərbaycan ədəbi-bədii dilinin banilərindən biri Məhəmməd Füzuli 1494-cü ilin bu günü İraqın Kərbəla şəhərində anadan olub.

  O, Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb-yaradıb. Lirikası dərin fəlsəfi məzmuna malikdir.

  Füzuliyə görə, məhəbbət insana, onun gözəlliyinə və şüuruna pərəstiş, həyat eşqi, dostluq və sədaqət deməkdir.

  Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.

  Füzulinin “Bəngü-badə”, “Yeddi cam”, “Səhhət və mərəz”, “Şikayətnamə” əsərləri də dərin fəlsəfi fikirlərlə doludur. O, öz əsərlərilə Azərbaycan bədii dilini yeni səviyyəyə qaldıraraq klassik ədəbiyyata, eləcə də digər türkdilli xalqların poeziyasına güclü təsir göstərib. Əsərləri dünyanın əksər ölkələrində çap olunub. (1494-1556)

***

  28 may Türkiyə ədəbiyyatının mühüm adlarından biri, şair Edip Canseverin xatirə dünüdür. O, 1986-cı ilin bu günü 58 yaşında dünyasını dəyişib. (1928-1986)

***



Әlaqәli Xәbәrlәr