Avropa İttifaqı dağılarsa…

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_51 (19.12.2018)

1109214
Avropa İttifaqı dağılarsa…

  Avropa İttifaqı dağılarsa…

  Axır zamanlar İngiltərənin Brexit qərarı, İtaliya və bəzi Avropa ölkələrinin buna təpkiləri, artan irqçilik, nifrət və son olaraq “sarı jiletlilər”in aksiyaları kimi səbəblər Avropa İttifaqının gələcəyini sual altında qoyur.

  Əvvəl bundan başlayaq: Avropa İttifaqı nədir?

  Avropa İttifaqı əslində Avropa ölkələrinin başqa coğrafiyalarda imperialist axtarışları bitdikdən sonra bir-birlərinə hücumların qarşısını almaq məqsədilə qurulmuş bir birlikdir.

  İttifaqın qurucu ölkələri müharibə bir-birilərinə yönəlmədiyi müddət boyu qlobal istismardan narahat deyildilər. İki dünya savaşının həm özlərinə, həm də bəşəriyyətə yaratdığı mənəvi sarsıntılar və maddi xərclər Avropa ölkələrini üçüncü dəfə dünya müharibəsi yaşamamaq üçün əməkdaşlığa yönəltdi.

  Avropa İttifaqının verdikləri: sülh və plüralizm

  Aİ-nin əldə etdiyi iqtisadi uğurlar bu əməkdaşlıq, sabitlik və ortaq dəyərlərin nəticəsidir.

  İsrail tarixçisi, Yəhudi (Hebrew) Universitetinin müəllimi, professor Yuval Noah Harari yaxşnlarda “Hürriyyət” qəzetinə verdiyi müsahibədə deyir: “Avropa İttifaqının əsas uğuru qitəyə sülh bəxş etməsidir. Amma İttifaq dağılarsa, müharibə Avropaya yenidən qayıda bilər… Avropa İttifaqı Qərbə sülh, plüralizm və tolerantlıq gətirdi. Halbuki Orta əsr Avropasında tolerantlıqdan əsər-əlamət yox idi. 1600-cü illərdə Parisdə hər kəs katolik idi. Şəhərə bir protestant girdimi, onu öldürürdülər. Londonda isə hamı protestant idi. Şəhərə bir katolik girdimi, onu öldürürdülər. O illərdə Avropada yəhudilər sürgün edilir, müsəlmanları da kimsə istəmirdi. Amma bu dövrdə İstanbulda müxtəlif məzhəblərdən müsəlman, katolik, erməni, pravoslav, yunan və bolqarlar yan-yana və xoşbəxt yaşayırdı".

  Avropa İttifaqı dəyərləri dedikdə nə başa düşülür?

  Aİ dəyərləri deyəndə, demokratiya, insan haqları, hüququn aliliyi, bərabərlik, azadlıq, plüralizm, tolerantlıq, əməkdaşlıq, həmrəylik kimi dəyərlər sadalanır. Təbii ki, bu dəyərləri Avropa yaratmayıb, müxtəlif mədəniyyətlərdə bunlar vardır. Hararinin sözlədiyi kimi, İslam coğrafiyasında insan hüquqları, plüralizm və dözümlülük kimi dəyərlər uzun əsrlər boyu var ikən, Avropa özü bu dəyərlərə 20-ci əsrin ortalarında sahib çıxdı. Avropaya aid olmasa da, sadalanan dəyərlərə “Avropa İttifaqı dəyərləri” adının verilməsinə pis deyil, özünəinam hissinin bir ifadəsi kimi baxmaq lazımdır. Çünki bu dəyərlərə yiyələnməklə Avropa öz içində sülhü təmin etdi və regiona da müəyyən qədər töhfə verdi.

  Avropa İttifaqı ölkələri arasındakı əməkdaşlıq və dəyərlər başqa coğrafiyalara istismar rəqabətini bir az tarazlaşdırdı. Buna görə də XX əsrin əvvəlində 25 il fasilə ilə 2 dəfə müharibə edən Avropa ölkələri təxminən 80 ildir ki, sülh içində yaşayır.

  Bəs bu gün Avropa İttifaqının dəyərləri necədir?

 "Dünənin günəşi ilə bu günün paltarını qurutmaq olmaz”. Bu gün Avropa İttifaqı artıq bir dəyərlər birliyi deyil. Aİ-nın özü İttifaqa üzv olmaq istəsə, o dəyərləri burada tapa bilməz. Artan irqçilik, nifrət, Avropanın bir qaçqın düşmənliyi, insanlığa sığmayan münasibətlər, haqların zəifləməsi, plüralizmə basqı, hədsiz millətçi və faşist baxışları Avropa İttifaqı dəyərlərini və gələcəyini açıq-aşkar təhdid edir.

  Avropa İttifaqı dağılarsa, o zaman nə ola bilər?

  İqtisadi qayğılar, faşist partiyaların artan təsiri, dəyərlərin itməsi kimi səbəblər Avropa İttifaqının dağılma ehtimalını ciddi şəkildə ortaya qoyur. Bu proseslər, bəzi məsələlərdə prinsipsiz və ikili siyasət İttifaqın funksiyasını itirməkdə olduğunu göstərir. Bəziləri Avropa İttifaqının dağılmasının ciddi problemə yol açmayacağını bildirir. Amma əksinə, bu ittifaqın dağılması özünə, regionuna və bəşəriyyətə ağır zərbə vura bilər. Unudulmamalıdır ki, Qərb imperializminin ən zalım dövrləri Avropa İttifaqı yaranmazdan əvvəlki zamanlarda olmuşdur. Aİ dəyərlərindən və tarazlaşmadan ayrılan Avropa dövlətləri bundan sonra daha dözülməz ola bilər.

  Narahatlığımızı artıran bəzi suallar var.

  Birincisi. Avropa İttifaqı olmazsa, Qərb ölkələri öz aralarında qlobal imperializm axtarışlarını necə tənzimləyəcək? Keçmişdəki vəhşi və ölümcül rəqabətlərini necə məhdudlaşdıracaqlar?

  Etiraf edilməlidir ki, Avropa İttifaqı və ölkələri artıq qlobal oyunçu deyil, ABŞ və Rusiyanın arasında qalmış, Çinin iqtisadi inkişafı qarşısında siyasəti olmayan bir aktyordur. Bu vəziyyət də Avropanın daxili və bölgəsində toqquşma riskini artırmazmı?

  İkincisi. Avropa İttifaqı olmazsa, müəyyən prinsip və dəyərlərlə məhdudlaşmamış bir rəqabət Avropada nəyə xidmət edər?

  Üçüncüsü. Hazırda Avropada İttifaqın dəyərləri getdikcə əriyir. İrqçilik, neonasizm, neofaşizm hərəkatları sürətlə yüksəlir. Avropada bu cərəyanlara təslim olmayan neçə dövlət adamı qaldı ki? (Angela Merkel son ağıllı ad kimi görünür.) Avropa İttifaqının dağılması, ilk olaraq Avropada yaşayan qaçqın və müsəlmanlar, daha sonra Avropanın özü üçün daha çox içəqapanma və irqçilik yaratmazmı?

  Dördüncüsü. Avropa İttifaqı damının çökməsi demokratiya, insan haqları, əməkdaşlıq, plüralizm, açıq cəmiyyət kimi dəyərləri də zəiflədəcək, dünyada daha mühafizəkar, millətçi, avtoritar və totalitar münasibətləri qarşıya çıxaracaqsa, bu vəziyyət insanların fərdi həyatına, yaşayış tərzinə mənfi təsir etməyəcəkmi?

  Beşincisi. Bu gün bir dam altında, amma bir-birindən çox fərqli Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi dövlətlər, Avropa İttifaqı dağılarsa, maraqların toqquşma riskini artırmayacaqmı?

  Beləliklə, Avropa İttifaqı dağılsa da, dağılmasa da, artan irqçi ifadələr, nifrət dili ən çox Qərbin gələcəyini təhdid altında qoyur. Avropanın plüralist, azadlıqsevər və demokrat təbəqələrindən soruşmaq istərdik: sizə gələn təhlükəni hiss edirsinizmi?

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim etdik. 



Әlaqәli Xәbәrlәr