Azərbaycan İpəkyolunun kilid ölkəsidir

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Azərbaycan İpəkyolunun kilid ölkəsidir” başlıqlı yazısı.

1796915
Azərbaycan İpəkyolunun kilid ölkəsidir

Qarabağ zəfərindən sonra Azərbaycan Türkiyə ilə ittifaqını dərinləşdirərək, həyata keçirdiyi strateji mahiyyətdəki həmlələriylə Cənubi Qafqazın əsas oyun qurucu gücü olduğunu, tək yol tək quşaq adlandırılan yeni İpəkyolunun kritik güzərgah ölkəsinə çevrildiyini nümayiş etdirməyə davam edir.

Rusiyanın Ukraynaya qarşı həyata keçirməyə çalışdığı yeni eksponsiyanist siyasət, müstəqil bir ölkənin ərazilərinin işğalına cəhd edilməsi, gündən-günə alovlanan müharibə beynəlxalq münasibətlər sistemindəki böhranı dərinləşdirdiyi kimi xüsusiylə Avropanın Rusiyadan qaz asılılığının azaldılması məsələsi başda olmaqla enerji təhlükəsizliyi, ticarət yolları və dəhlizlərin əhəmmiyətini bir az da artırmışdır. Bu müstəvidə də Azərbaycan ağıllı xarici siyasəti, təbi neft və qaz ehtiyatları, güclü ordusu və coğrafi mövqeyiylə ön plana çıxmaqdadır. Bakı Ankarayla birlikdə Türk Dövlətləri Təşkilatının (TDT) daha da gücləndirilməsi, türk xalqları arasındakı inteqrasiyanın dərinləşdirilməsi istiqamətində də ardıcıl fəaliyyətlərini gücləndirir.

Regionda  və dünyada yaranan mürəkkəb geosiyasi mənzərə içində başqa bir müstəqil ölkənin işğal təşəbbüsündən sonra Moskvaya qarşı bütün Qərb dünyası cəbhə almışkən, tətbiq edilən sanksiyaların sərhədləri hər keçən gün genişlənirkən Rusiya ilə  qonşuluq münasibətlərini, əlaqələri pozmadan Ukraynanın haqlı  ərazi bütövlüyü uğrundakı mübarizəsini dəstəkləmək, bu mürəkkəb şərait içində milli maraqlar nöqtəsinə diqqətləri fokslayaraq durumu avantaja çevirmək önəmlidir. Cənubi Qafqazda sülhü qalıcı hala gətirərək Xankəndindəki son separatizm qalıqlarını təmizləyib Rusiya sülhməramlı qüvvələrinin ölkədən çıxarılmasına nail olmaq dərin siyasi zəka və planlama, dəyişən geosiyasi şərtlərə görə çevik hərəkət etmə qabiliyyəti tələb edir. Antalya Diplomasi Forumunda xarici işlər naziri C. Bayramovun da açıqladığı kimi Azərbaycan bir an öncə bir-birilərinin ərazi bütövlüklərini tanımaq, sərhədlərin demarkasiyasını sürətlə  həyata keçirmək və bir daha bir-birilərinə ərazi iddialarında bulunmamaq şərtiylə Ermənistanla sülh sazişini imzalamaq istəyir. Əlbətdə 10 Noyabr sazişinin ən önəmli maddələrindən  biri olan, Türk dünyasının inteqrasiyasının artırılması baxımından da vacib bir proyekt halına gəlmiş  Zəngəzur dəhlizinin açılması da Bakının ən önəmli hədəfləri arasındadlr. Sülh sazişinin imzalanması məsələsində olduğu kimi Zəngəzur dəhlizinin açılması məsələsində də Ermənistanın ləngitmə siyasəti izlədiyi, dəhlizin hüquqi statusunun müəyyənləşdirulməsində uzlaşmaz bir mövqe sərgilədiyi də bilinməkdədir. Bakı bütün istiqamətlərdə həyata keçirdiyi, Azərbaycanın  önünə yeni fürsət və imkanlar çıxardan həmlələriylə Ermənistan rəhbərliyinə artıq qatarın yola düşdüyü mesajını verməkdə, gecikmə və tərəddüdün ermənilər üçün daha ağır nəticələr doğura biləcəyini göstərməkdədir. Bir neçə gün əvvəl  Cənubi Zəngəzur dəhlizinin yaradılmasıyla bağlı İranla əldə edilən razılaşma da bu konteksdə dəyərləndirilməlidir.

Şərqi Zəngəzuru Naxçıvanla, Azərbaycanı Türkiyə ilə birləşdirən yolların fərqli geosiyasi meyillərə sahib  ölkələrlə çeşitləndirilməsi Azərbaycan dövlət ağlının dərinliyini, Türkiyə-Azərbaycan ittifaqının daha böyük güc inşası üçün qərarlı olduğunu da ortaya qoyan amildir, strateji mahiyətli bir  həmlədir. Ermənistan sürətlə əhəmmiyətini itirən, Qarabağ  müharibəsində uğradığı məğlubiyətin yaratdığı nəticələri görməməzlikdən gələrək qonşularıyla problem yaradan  ənənəvi siyasət görüntüsündən bir an öncə qurtulmalıdır. Bakı və Ankarayla normallaşmaya getmək artıq qaçınılmaz bir zərurətdir.



Әlaqәli Xәbәrlәr