Rusiya-Ukrayna müharibəsi və keçmiş SSRİ məkanı

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Rusiya- Ukrayna müharibəsi və keçmiş SSRİ məkanı” başlıqlı yazısı.

1788683
Rusiya-Ukrayna müharibəsi və keçmiş SSRİ məkanı

Bir neçə aydır Qərb ölkələrinin dəqiq tarixlə dünyaya elan etdiyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş tutdu. İndi müharibənin gedişatı, nəylə nəticələnə biləcəyi, Ukrayna üzərindən baş verən qlobal mahiyətli kollektiv Qərb-Rusiya qarşıdurmasının yön alacağı istiqamətlər, dünyanın güc balansına təsirləri Qərbdən Şərqə bütün ölkələrin gündəminin ilk sırasına yerləşmişdir.

XXI  əsrdə bütün dünyanın gözü önündə Rusiya ordusunun başqa bir müstəqil ölkənin paytaxtının qapılarında dayanmaları, Ukraynanın böyük şəhərlərinin bombalanması anti Putin koalisyasının da sıralarını genişləndirməkdədir. Əlbətdə eyni tarixi köklərə, mədəniyyət kodlarına sahib olan iki Slavyan ölkəsinin bir-biriylə amansız müharibəyə girişməsi, xüsusiylə günahsız ukraynalıların bombardıman altında,  öz torpaqlarını müdafiə  edərkən həlak olmaları, dağıdılan binalar, körpülər insanlığın vicdanını sızlatmaqdadır. Müharibə bütün zamanların ən böyük fəlakətidir. Bu səbəblə Türkiyə və Azərbaycan prezidentləri hərbi münaqişənin baş verməməsi, iki Slavyan ölkəsinin aralarındakı problemi diplomatik danışıqlar yoluyla həll etmələri üçün son ana qədər vasitəçilik təşəbbüsündən vaz keçmədilər. Lakin məsələnin daha böyük geosiyası yönlərinin, aktyorlarının olduğu da açıqdır. 

Tarixi keçmişi və mövcud etno-demoqrafik reallıqları etibariylə Qərblə Rusiya arasında körpü rolunu oynaması gərəkən Ukrayna bu iki qarşı duran qütb arasında cəbhə ölkəsi halına gəlmiş, Moskvanın keçmiş Sovet coğrafiyalarına yönəlik müstəmləkəçi baxışları, NATO-nun Rusiyanı çevrələdiyini iddia edərək SSRİ bənzəri yeni bir birlik formalaşdırmaq üçün hərəkətə keçməsi, hədəfinə çatmaq üçün Ukraynanı ən böyük maneə olaraq görməsi və Kiyevdə iş başına gələn iqtidarların Qərb meyilli, Rusiya əlehdarı qatı bir siyasət izləmələri bu müharibə vəziyyətini ortaya çıxarmışdır. Şübhəsiz cərəyan edən proseslər dünya sisteminin gələcəyini, güc dağılımını necə şəkillənəcəyini müəyyənləşdirəcəyi kimi Türkiyə və Azərbaycanın Qara dəniz hövzəsindən Orta Asiyaya qədər uzanan geniş coğrafiyalardakı maraqlarını da yaxından əlaqədar etməkdədir. Bakı-Ankara ittifaqı milli maraqlardan yola çıxaraq  Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verib işğal təşəbbüsünün qarşısında yer alsalar da Rusiyayla münasibətlərdə daha balanslı bir siyasət izləməkdədir. Turizmdən ticarətə Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə çox geniş əməkdaşlığı, tərəfdaşlığı var. Bu səbəblə prezident Ərdoğan nə Ukraynadan nə də Rusiyadan vaz keçməmiz mümkün deyildir deyərək barışdırıcı, balanslaşdırıcı  bir siyasət izləməyə davam etməkdədir. Azərbaycanın da 44 günlük Qarabağ müharibəsindən sonra müxtəlif hərbi-siyasi reallıqları nəzərə alaraq Rusiya sülhməramlılarının müvəqqəti olaraq Qarabağın az sayılı erməni əhalinin yaşadığı bölgələrinə yerləşməsinə icazə verdiyi bəllidir. Bakının  həm Sovet keçmişi səbəbiylə, həm nüvə silahına sahib qonşu ölkə olması, qonşularının milli təhlükəsizliyinə də yarada biləcəyi potensiyal təhlükələr səbəbiylə Moskvayla münasibətləri normal saxlayaraq uyğun şərait yaranan kimi Xankəndindəki separatizm qalıqlarını məhv edib Rusiya sülhməramlılarını ölkələrinə göndərmək hesabı içində olduğu da bəllidir. Zamanlaması uyğun olmasa da Azərbaycanın Rusiyayla imzaladığı müttəfiqlik müqaviləsinin də bu niyətlə həyata keçirildiyi bəllidir.  Ümumiyətlə Türkiyə- Azərbaycan ittifaqının bütün Avrasiyada Türkiyə-Rusiya uzlaşması təmin edərək, bir çoxu Moskvanın ənənəvi müstəmləkə siyasətindən qaynaqlanan ərazi münaqişələri, separatizm problemlərini həll edib  ölkələrin ərazi bütövlüklərinə hörmət çərçivəsində regional əməkdaşlıq və sabitliyi davamlı duruma gətirmək istədiyi də açıqdır. Lakin coğrafi super güc olmasına rəğmən Rusiyanın azalmayan yayılmacı iştahı da Qərbin Türk İslam aləminə yönəlik ikili standart siyasəti də diqqətə almamız gərəkən siyasi reallıq olaraq qalmaqdadır. Türk Dünyası istiqlalın qorunması, ədalət və milli maraqların təmini üçün özü yeni dünyanın güc mərkəzlərindən biri halına gəlmək məcburiyyətindədir. Sürətlə dəyişən geosiyasi şərtlər daha dinamik bir siyasət həyata keçirilməsini də zəruri edir. Rusiyanın yeni imperyalist həmlələrinin qarşısının alınması, işğala qarşı tərəqqipərvər bəşəriyyətlə birlikdə olmaq da məsələnin başqa bir vacib məqamıdır 
Rusiya artıq demokratik dünya birliyinin total sanksiyaları altındadır. Hər iki  qarşı duran cəbhə üçün bütün parametrlər üzrə Türkiyə və Türk Dünyasının əhəmmiyəti daha da artmışdır. Rusiya məsələsi, Çinin güc yüksəlişini  və.s kimi faktorları da diqqətə alaraq strateji mövqeyini avantaja çevirməli , PYD-PKK terör təşkilatından erməni proyektinə qədər  Türk gücünə  qarşı yönəlmiş bütün təhditləri birdəfəlik ortadan qaldıraraq yoluna davam etməlidir.

 



Әlaqәli Xәbәrlәr