Qazaxıstan hadisələri və Avrasiyada güc mübarizəsi
Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Qazaxıstan hadisələri və Avrasiyada güc mübarizəsi” başlıqlı yazısı
Duman çəkildikçə oyunu quranla oyuna gələnin, ağırlaşan sosyal- iqtisadi vəziyyətə, ədalətli olmayan gəlir bölgüsünə etiraz etmək üçün küçələrə çıxan insanlarla xüsusi məqsədlə psixoz vəziyyətində idarə olunan kütlənin arasına qarışıb şiddətə, silaha əl ataraq hadisələri fərqli məcralara sürükləməyə çalışan qrupların və ən əsası pərdə arxasından prosesi idarə edən rejissorların mövqeyi, zərər- qazanc tablosu daha aydın görünür.
Nəticələri yavaş-yavaş ortadan qaldırılaraq sabitlik təmin edilməyə başlansa da şübhəsiz ki, bu kütləvi iğtişaşlardan ən çox zərər çəkən Qazax Türkləri və Qazaxıstan dövlətçiliyi olmuşdur. Rusiya, Amerika, Çin və Türkiyə kimi geosiyasi güc mərkəzlərindən nəticə kimin ziyanına kimin xeyrinə işlədi onu daha təfsilatlı və dərin nəzərlərlə araşdırmaq, hadisələrin sonrakı inkişafını da görmək lazım ama bu oyunun düşünüldüyü kimi mütləq bir qalibi də olmayacaqdır.
Hadisələrin başqa yöndə inkişafının arxa planında Çin- Amerika, Rusiya- Amerika rəqabətinin ola biləcəyi kimi hazırda Qərbə qarşı eyni səngərdə olan Çin- Rusiya mübarizəsinin də baş verməsi ehtimal daxilindədir. Elbaşı Nazarbayevin də yaxın kadrlarından, Qazaxıstanın ikinci şəxsi ola bilmiş, təhlükəsizlik bürokratiyasında xüsusi ağırlığı olan, Uyğur mənşəli, Çində təhsil almış, Qazax dövlətinin Çinlə münasibətlərinin inkişaf etdirilməsinə də önəm verən Kərim Məsimovun dövlətə xəyanətlə ittiham edilərək həbs edilməsi bu yöndəki ehtimalları da qüvvətləndirməkdədir.
Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri cənab Çavuşoğlunun da diqqət çəkdiyi kimi baş verən hadisələrin Qazaxıstanın ənənəvi balanslaşdırılmış xarici siyasətinə mənfi yöndə təsir etməməsi Avrasiyanın toqquşma deyil, əməkdaşlıq və stabillik məkanı halına gəlməsi baxımından üzərində durulması vacib olan məqamlardan biridir. Ən azından Çin, Rusya və TDT bu arealda maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Qaldı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daxilindəki fikir ayrılıqları və fərqli geosiyasi istiqamətlərə baxan iqtidar cərəyanlarını, öz xalqlarının belə dəstəyini ala bilməyən bəzi liderlərin siyasi cazibəsini itirdiyini görmədən Qazaxıstana hərbi müdaxiləsi nəticəsində əldə etdiyi taktiki uğura baxaraq SSRİ-nin təkrar bərpa ediləcəyi, Rusiyanın təsir dairəsində yeni bir ittifaqın yaradılacağı yönündə məqsədyönlü xof və qorxu mühiti yaratmağa çalışanlar da anlamalıdırlar ki, tarixin axarını dəyişmək mümkün deyildir. Öz müstəqil ordusu, kəşfiyyatı, iqtisadiyyatıyla artıq 30 ildir milli dövlətçiliyini gücləndirməyə davam edən keçmiş Sovet respublikaları həqiqəti var və dünyanın siyasi-iqtisadi reallıqları da başqadır. Ayrıca XXI əsrdə hansısa xalqı silah gücünə müstəmləkə proyektinə razı salmaq mümkün deyildir. Əlbətdə Qazax dövlətçiliyi, milli maraqları bu kataklizm zamanı yara aldı, amma böyük dərslər də. Müqayisə tam yerinə düşməsə də qeyd etmək lazımdır ki, Sovet İttifaqı kimi dünyanın iki super gücündən biri olmuş bir dövlət 20 Yanvar 1990- cı ildə dimdik ayaqda ikən Azərbaycana hərbi müdaxilə edərək xalqın milli azadlıq mübarizəsini dayandıra bilmədisə Qazaxıstanda da başlayan milli intibah prosesini hər hansı bir gücün dayandırmasının mümkün olmayacağını görmək lazımdır.
Rusiyadakı bəzi milliyətçi dairələrin xalqların arzu və istəklərinə rəğmən həyata keçirmək istədiyi ənənəvi müstəmləkə anlayışı, zorakılığa əsaslanan siyasət problem həll etmədiyi kimi yalnız problemlərin arealını daha da genişlətməyə xidmət etməkdədir. Heç bir ölkə qonşu ölkələrdə bütün sərhədləri boyu problem və xaotik bir durumun yaranmasında maraqlı ola bilməz. Qazaxıstanın həm də Avrasiyada Türk- Rus uzlaşması, gerçək əməkdaşlıq modeli üçün də önəmli bir ölkə olduğu unudulmamalıdır. Cənab Çavuşoğlunun da ifadə etdiyi kimi dünya geosiyasətində çox kritik bir rola sahib olan Türk Dünyası Avrasiyada qarşıdurmadan deyil əməkdaşlıq və stabillikdən yana bir siyasət izləməkdədir. Ancaq əksər tarixi dövrlərdə olduğu kimi günümüzdə də beynəlxalq münasibətlər sistemində hüquq deyil, güc anlayışının əsas alındığını diqqətə alsaq TDT-nin təhlükəsizlik və kəşfiyyat sahəsində də müştərək fəaliyyətləri artırması, yaradılacaq ortaq mexanizmlər , sülh və sabitliyi qoruma gücü vasitəsiylə öz coğrafiyalarını terror və xarici müdaxilə riskindən müdafiə etməsi zərurətə çevrilməkdədir.