Brüssel görüşündən nə anlamalıyıq?

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Brüssel görüşündən nə anlamalıyıq” başlıqlı məqaləsini təqdim edirik.

1747929
Brüssel görüşündən nə anlamalıyıq?

Soçinin ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüylə Brüseldə beş saata yaxın davam edən Əliyev-Paşinyan görüşünün nəticələri, həmçinin Azərbaycan prezidenti İ. Əliyevin NATO-nun mənzil qərargahında gerçəkləşən yüksək səviyyəli təmasları sırasında verdiyi açıqlamalar mütəxəsisilər tərəfindən analiz edilməyə davam edir.  

Qafqaz gündəmi üçün qələmə aldığımız dekabrın 8-i (8.12.2021) tarixli yazımızın son cümləsi belə idi. "Nə Soçi, nə də Brüssel görüşü münasibətlərin normallaşması üçün  ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanımaq şərtiylə böyük sülh sazişi imzalamasının zərurət olduğunu, Zəngəzur dəhlizi açılmadan Laçın dəhlizinin də mümkün  olmayacağı yönündəki  həqiqəti dəyişə bilməz". Bəzi təhlilçilər  regionda baş verən proseslərə bütöv bir prizmadan baxmadan  əsas və böyük rəsmi, Qarabağ zəfəri sonrasında regionda cərəyan edən hadisələrin  ana istiqamətlərini, əsas aktyorların güc və imkanlarını, böyük razılaşmanı, Türkiyə-Azərbaycan ittifaqının hədəflərini, strateji və taktiki addımlar ayırımını görmədən yanlış qənaətlərə gəlməkdədir. Bu səbəbdəndir ki, Brüseldə prezident İ. Əliyevin səsləndirdiyi "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır" fikriylə bağlı fərqli reaksiyalar ortaya qoyulmaqda, Ermənistan əhalisinin Azərbaycanın Qarabağ bölgəsində yaşamağa davam edən az saylı ermənilərlə əlaqəsini təmin edən Laçın yoluyla Zəngəzur dəhlizi arasında paraleliklər aparılması qüsurlu sayılmaqdadır. İlk öncə üzərində durmamız gərəkən əsas məqam Azərbaycan və Türkiyənin yeni geosiyasi şəraitdə bölgədə sülh və normallaşma iqliminin yaradılması üçün israrlı olmasının səbəbləridir. Yeni müharibə riskinin minimuma endirilərək  bölgədə təhlükəsizlik və sabitliyin yaradılması, həqiqi əməkdaşlıq mühitinin bərqərar olması bütün xalqların, bölgə insanının xeyrinə olacağı kimi  bundan ən qazanclı çıxanın da Türkiyə-Azərbaycan ittifaqı, Türk Dünyası olacağı aydındır. Demoqrafik, iqtisadi, hərbi-coğrafi baxımdan nəinki Cənubi Qafqazda bütün Avrasiyada sərhəd və gömrük birliyi , yollar, dəhlizlərin maneəsiz istifadə edilməsi,  dilindən, dinindən asılı olmayaraq  ticarətin önündəki bütün maneələrin qaldırılaraq əməkdaşlıq mühitinin yaradılması birinci növbədə Türk dünyasının  iqtisadi gücünün artmasına, geniş sferalarda Türk xalqları arasında ortaqlıq və yaxınlaşmanın daha da güclənməsinə səbəb olacaq. Yetər ki, geniş coğrafiyaları əhatə etməsi düşünülən, qlobal təsirləri də inkar edilməz bir həqiqət halına gələn bütün bu layihələrin içində Türkiyə də olsun, Türk Dünyası fikir birliyini qorusun.

Xarici işlər naziri cənab Çavuşoğlunun Ermənistana qarşılıqlı olaraq  xüsusi təmsilçi  təyin ediləcəyi və Yerevana çarter reyslərinin başlayacağı yönündəki son açıqlamasını və buna əlavə olaraq əksər regional və qlobal məsələlərdə Türkiyə və Azərbaycanın tək millət-ortaq güc paradiqmasıyla hərəkət edib istişarəylə addım atdıqlarını düşünsək mənzərə daha da aydın olar. Türkiyə-Azərbaycan  böyük hədəfi və planları olan bir gücün təmsilçisi kimi davranmalı,  Ermənistandakı proseslərin gələcəyini, sülh sazişi imzalanana qədər Paşinyanın sükanı səlamətlə idarə etməsinin vacibliyini,  cəmiyyətini anlaşmaya hazırlamasının təfərrüatlarını da düşünməliyik. Xankəndində də Azərbaycanın suverenliyi təmin edildikdən, Zəngəzur dəhlizi açıldıqdan, Türkiyənin, Azərbaycanın dört bir tərəfindən milyonlarla insan Laçın dəhlizindən, digər yollardan  istifadə edərək Xankəndi də daxil olmaqla Qarabağın bütün dilbər guşələrinə rahat səyahət etmə, orada  yaşama imkanı əldə etdikdən, vaxtiylə öz dədə-baba torpaqlarından qovulmuş Azərbaycan Türklərinin Qərbi Zəngəzur, Göyçə mahalına qayıtma fürsəti yarandıqdan  sonra iki milyonluq Ermənistanın Laçın yolundan istifadə edərək Qarabağa maneəsiz keçişi Azərbaycan üçün hansı milli təhlükəsizlik  riskləri yarada bilər? Tarixi təcrübə içində Erməni siyasət və dövlət adamlarının daima problem yaratma qabiliyyətini, Daşnaqsütün kimi qrupların islah olmaz şovinizmini də unutmadan görməliyik ki, dünyada artıq elə dəyişikliklər baş verir ki, Erməni faktoru böyük güclər üçün  əhəmmiyətini, təsir imkanını da itirir və Türk Dünyası bütün parametrlər üzrə yüksələn gücdür. Bakıya bütün əraziləri üzərində qeydsiz-şərtsiz hegemonluğunu təsdiq edəcək, Rusiya sülhməramlılarının da regiondakı mövcudluğuna son verəcək böyük sülh sazişinin bütün mənalarda və platformlarda əsaslarının hazırlanması, bu çətin prosesdə bəzi oyun pozucu geosiyasi güclərə həmlələr etmə imkanı tanımamaq lazımdır. Elə Ankarayla birlikdə -o da hazırda məhz bunu etməyə- bütün platformlarda qalıcı sülh üçün konstruktiv mövqe sərgiləməyə davam edir. Hərb dövrü dost da düşmən də tək millət iki dövlətin kurmay zəkasını gördü. İndi başladılan bu prosesi diplomatik-siyasi müstəvidə nəticələndirmə zamanıdır.



Әlaqәli Xәbәrlәr