Qәhraman qadınlarımız: Şahika Ercümәn

''Qәhraman qadınlarımız'' proqramının bu günkü hissəsində sərbəst suya tullanmada Türkiye rekordçusu Şahika Ercümən haqqında danışacağıq.

2109769
Qәhraman qadınlarımız: Şahika Ercümәn

Qәhraman qadınlarımız: Şahika Ercümәn

“İndi  nəfəs alın və verin. Nəfəs alın və verin. Hər kəs öz fikirlərini və etməli olduqlarını bir kənara qoymalıdır. Beyninizi tamamilə boşaldın. Dənizdə üzdüyünüzü təsəvvür edin. Suya dalırsınız və daha da dərinə doğru irəliləyirsiniz. İşıq getdikcə azalır. Səslər fərqli olur. Nəbziniz yavaşlayır və artıq bədəninizin ağırlığını hiss etmirsiniz. Sanki cazibə qüvvəsi olmayan bir mühitdəsiniz. İstəyirəm üzərinizdə olan təzyiqi hiss edəsiniz... Sanki dəniz sizi qucaqlayır. İndi nəfəsinizi bacardığınız qədər tutun, sonra yenidən nəfəs alın. Təkrarlayın. Artıq su pərisinə, sərbəst suya tullanmada Türkiye rekordçusu  Şahika Ercümənə çevrildin!

Şahika Ercümən 1985-ci ildə Çanaqqalada anadan olub. Uşaqlıq illərində astma xəstəliyindən əziyyət çəkib. Onun üçün xəstəxanaya getmək artıq həyatın bir parçasına çevrilmişdi.

Təbii ki, o günlərdə nə balaca Şahika, nə də ailəsi onun sərbəst suya tullanmada Türkiye rekordçusu olacağını tәsәvvür belə edә bilməzdi. Amma xəstəliyi ilə əlaqədar evdə keçirdiyi uşaqlıq günlərində də dənizə və xüsusən də dənizin dərinliklərinə böyük marağı olub. O günlərdə kəşf etmək istəyini kitablar vasitəsilə təmin edirdi. Ta ki,  məktəbinin təşkil etdiyi yelkənli səyahət zamanı bir qrup uşağın suya daldığını görüb və ilk dəfə sınaqdan keçirənədək.

Həmin gündən sonra Şahikanın həyatı tamamilə dəyişdi. İllər sonra uğurlu idmançı olanda keçmiş günlər haqqında belə dedi: “Mənim üçün həyat ilk nəfəsimi aldığım zaman deyil, ilk nəfəsimi tutduğum zaman başladı”.

Əvvəlcə ailəsindən gizli, sonra səhhəti yaxşılaşdıqdan sonra onların dəstəyi ilə məşqlərə qatılmağa başladı. Bununla belə, nə o vaxt, nə də indi həkimlər astma xəstələrinə sərbəst dalışı tövsiyə etməsələr də, bu gənc qadın üçün bunun çox faydalı olduğu açıq-aşkar ortadadır.

2001-ci ildə sualtı reqbi və xokkey milli komandasına seçilən Şahika Ercümən universitet illərində sərbəst tullantıya böyük maraq göstərdi. Hətta universitet seçimini belə hovuz imkanlarına görə etdi və Başkent Universitetinin Qidalanma və Dietologiya fakültəsini bitirdi.

Özünü günü-gündən inkişaf etdirən idmançı bu dəfə dünya rekordunu qırmaq fikrinə düşdü. Onun hədəfi Avstriyanın Veissensee şəhərində keçiriləcək buz altında üfüqi suya tullanma yarışı idi. 11 fevral 2011-ci ildə 110 metr məsafəni bir nəfəsdə qət edərək həm kişilər, həm də qadınlar arasında dünya rekorduna imza atdı.

Onun dərin dalış macərası 2011-ci ildə başlayıb. Bu sahədə böyük uğur və rekordlar əldə edən Şahika Ercümən bizləri qürurlandırdı və qürurlandırmaqda davam edir.

Son uğurunu isə milli atlet Şahika Ercümən zəlzələ bölgəsində maarifləndirmə məqsədi ilə “Hatay üçün bir nəfəs ol” şüarı ilə təşkil edilən rekord cəhddə əldə edib. Ərcümən, dəyişkən çəki dərəcəsində serb Lena Baltanın 105 metrlik dünya rekordunu üzgəcsiz olaraq qırmaq məqsədi ilə Yayladağı rayonundakı Karamağara sahilində  nəfəsini tutaraq 106 metr dərinliyə irəliləyərək yeni dünya rekorduna imza atıb.

Şahika Ercümən o qədər uğur və rekordlar əldə etdi ki, onları bir-bir  saymaq mümkün deyil. Bundan əlavə, yaşadığı mənfi təcrübələrdən sonra əlsa təslim olmadı və özünə inamını itirmədi. Böyük mənzərəyə baxdı və yoluna davam etdi. Şahika Ercümən “Aldığım hər nəfəsin haqqını verməyə çalışıram” deyir.

Sonuncu dəfə! Dərin nəfəs alın və saxlayın. Sonra yavaş-yavaş nəfəs verin. İndi suyun səthinə qalxırsınız. Ətrafınız aydınlanmağa başlayır və günəşin istiliyini hiss edirsiniz. Barmaqlarınızı və ayaq barmaqlarınızı yavaş-yavaş hərəkət etdirin. İndi əllərinizi və ayaqlarınızı yavaş-yavaş hərəkət etdirin. Sonra dizlərinizi və qollarınızı hərəkət etdirin. Müntəzəm olaraq nəfəs alın.

İndiki vaxta, baraya, yoqa otağımıza geri qayıdırıq.

Unutmayın, Şahika Ercümən olmaya bilərsiniz. Amma siz də onun kimi hər cür çətinliyin öhdəsindən gələ bilərsiniz. Yetər ki, bunu istəyin və bunun uğrunda hər nəfəsin haqqını hər gün və hər an verməyə çalışın!

Hekayəmizi xəyallarından vaz keçməyən hər kəsə və Şahika Ercümənə həsr edirik.



Әlaqәli Xәbәrlәr