Qəhrəman qadınlarımız: İdil Biret

Hekayəmizi çox çalışanlara vә məşhur pianoçu İdil Biretə həsr etmək istərdik.

2148361
Qəhrəman qadınlarımız: İdil Biret

Qəhrəman qadınlarımız: İdil Biret

Möcüzələrə inanırsız? 1941-ci ilin soyuq qış günündə bir körpə dünyaya gəlib. Həmin gün leyləklər dünyanın bir çox yerindəki evә, hətta Ankaranın o rayonundakı bir çox evә baş çәkib, amma bu balaca qız digәr körpәlәrdәn fәrqli idi.

Şübhə yoxdur ki, hər bir körpə kimi o, da həmyaşıdları kimi ətrafındakıları təqlid edərək oturmağı, gülməyi, ünsiyyət qurmağı, yeriməyi öyrənib. Sizcə o, ən çox kimi təqlid edirdi? Təbii ki, anasını!

Bәs evdәki hәr kәs musiqi ilә mәşğul olsa və evdə həmişə musiqi ifa edən biri olsa, nə olar sizcә?

Haqqında danışdığım bu balaca qızcığaz anasını təqlid edərək musiqiyə başlayan dünyaca məşhur Türkiyә pianoçusu İdil Biretdir.

İdil Biret 21 noyabr 1941-ci ildə anadan olub. Anası Leman xanım həvəskar pianoçu olub. Demək olar ki, ailəsinin hər bir üzvü musiqi aləti çala bilirdi.

Bir gün anası və əmisi oğlu birlikdə tez-tez etdikləri kimi öz alətlərini çalarkən balaca İdilin onları diqqətlə izlədiyini gördülər. Onlar İdilə “la” notunu öyrətdilər, sonra onun yadında saxlayıb-saxlamadığını yoxladılar. O, heç bir tərəddüd etmədən həmişə düzgün cavabı verirdi. Beləliklә onlar balaca qızın musiqiyə olan marağının fərqinə vardılar. Balaca İdil notları tez öyrəndi və anasını təqlid edərək pianoda ifa etməyə başladı.

Hətta 4 yaşında ikən o dövrün prezidenti İsmət İnönünün qarşısında da pianoda ifa edib.  Dəfələrlə Çankaya Köşkünə gedәrәk diplomatların qarşısında pianoda ifa edәn İdil və onun kimi istedadlı uşaqlar üçün “Möcüzə uşaqlar’’ qanunu  qəbul edilib. Bunun sayəsində 1948-ci ildə dövlət təqaüdü ilə xaricdə təhsil alma imkanı әldә edib.

Parisə getməzdən əvvəl 5 yaşlı İdil Biret Ankara Dövlət Konservatoriyasının piano şöbəsinin müdiri olan Mithat Fenmendən fortepiano dərsləri almağa başlayıb. Musiqi mütəxəssisləri İdilin çox yaxşı musiqi qulağına vә dünyada nadir rast gəlinən yaddaşa malik olduğunu müәyyәn ediblәr. Bu xüsusiyyətlərinə görə o, gənc yaşlarından etibarәn notların zәruri olduğunu bilsә dә, oxumağı sevmirdi.

7 yaşından etibarən xaricdə təhsil almağa başlayıb. O, Paris Konservatoriyasında dahi fransız musiqiçisi Nadia Bulanerin rəhbərliyi altında təhsil alıb. Daha sonra o, 20-ci əsrin ən böyük pianoçularından olan Alfred Kortot və Vilhelm Kempffdən dərs alıb. 11 yaşlı İdil ömrü boyu ondan  "ən dəyərli şagirdim" deyə bәhs edәn müəllimi, alman pianoçu Vilhelm Kempfflə Parisdə Motsartın iki piano üçün bәstәlәdiyi әsәrlәrini ifa edib. 15 yaşında konservatoriyanı bitirәn İdil Biret 16 yaşından etibarәn dünyanın müxtəlif səhnələrində konsertlər verməyə başlayıb.

Dünyanın ən məşhur piano ifaçılarından biri olan İdil Biret saysız-hesabsız uğurlara imza atıb, mükafatlar alıb, konsertlər verib, onun haqqında kitablar yazılıb, bu günə kimi 130-dan çox CD diski işıq üzü görüb.

İdil Biret 1992-ci ildə Şopenin bütün əsərlərini ehtiva edən  CD disk  seriyasını buraxıb. İdil Biret 1995-ci ildə Varşavada keçirilən "Şopen diskləri’’ mükafat mәrasimindә münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

İdil Biret 2007-ci ildə Şopenin әsәrlәrini ifa etdiyinә görə Polşa prezidenti tərəfindən “Fərqlə xidmət ordeni” ilə təltif edilib.

İdil Biret nə təsadüfə, nə də şansa inanırdı. Onun fikrincə, uğur qazanmaq üçün bәzi xüsusiyyətlərә malik olmaq kifayət etmir. Uğur əldə etmək üçün hazır olmaq və əlbəttə ki, çox çalışmaq lazımdır.

Ancaq soyuq qış günündə, gözəl eşitmə qabiliyyətinə vә güclü yaddaşa amalik körpәnin musiqisevər ailəyə qovuşması vә bu uşaq üçün xüsusi təhsil qanununun qəbul edilməsi möcüzə deyilsә nәdir?

Hekayəmizi çox çalışanlara vә məşhur pianoçu İdil Biretə həsr etmək istərdik.



Әlaqәli Xәbәrlәr