Post-it yaddaş vərəqləri necə yarandı? (mətin və audio)

TRT "Türkiyənin səsi" radiosunun “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu dəfə post-it qeyd və yaddaş vərəqlərinin yaranmasından danışırıq, mətni oxuyur Sevda Mirzə

2125312
Post-it yaddaş vərəqləri necə yarandı? (mətin və audio)
post-it yaddaş xatırlatma qeyd vərəqləri.jpg
post-it yaddaş xatırlatma qeyd vərəqləri_0.png

Yaddaş vərəqləri

 

  Müasir dövrdə unutqanlıq həyatımızın bir hissəsinə çevrilib. Baxmalı olduğumuz o qədər müxtəlif vəzifələr var ki, beynimiz yavaş-yavaş bəzi məlumatları qısa müddətə də olsa, silir. Biz buna “unutqanlıq” deyirik ki, nəticəsi heç də müsbət deyil. “Sözlər uçub gedir, yazı qalır” deyərək nə etdiyimizi, nə edəcəyimizi unutmamaq üçün kiçik qeydlər aparmalıyıq. Belə məqamda soyuducunun qapısına yapışdırdığımız bir qeyd və ya kompüter ekranımızın altına qoyduğumuz kiçik kağız parçası yardıma gəlir. Məhz buna görə də “post-it” adlanan, kiçik, rəngli və yapışqan xatırlatma kağızları XX əsrin 80-ci illərindən həyatımıza daxil olub.

  Hekayənin başlanğıcı 1968-ci ilə təsadüf edir. 3M şirkətinin tədqiqat rəhbəri Spenser Silver birlikdə işlədiyi mühəndislərlə Amerika aviasiya sənayesi üçün dünyanın ən güclü yapışdırıcısını tapmağa çalışırdı. Mühəndislər bu araşdırmalar zamanı çoxlu zəif yapışdırıcılar tapdılar, lakin diqqəti ən güclü yapışdırıcıya yönəltdikləri üçün o biriləri yararsız görüb kənara atdılar. Yapışdırıcıların bəziləri şaquli səthlərə yapışır, çıxarıldıqda heç bir iz qoymurdu. Araşdırmasının ilk illərində buna biganə qalan Spenser Silver bir müddət sonra təsadüfən  kəşf edilən bu yapışdırıcıların başqa sahələrdə istifadə oluna biləcəyini anladı və 1973-cü ildən zəif yapışdırıcılar üzərində işləməyə başladı.

  Silver və komandası əvvəlcə ofislərdə istifadə olunan divar kardon lövhələrinə yapışqan istifadə etmədən yeni yapışqanlı qeyd kağızı yapışdıra biləcəklərini kəşf etdilər. Lakin o dövrdə ABŞ-da kardon kövhələrin (cork board) satışı çox aşağı olduğu üçün istənilən nəticəni əldə edə bilmədilər. Amma bir gün Spenser Silverin zəif yapışdırıcılarla bağlı seminarına qatılan mühəndis Art Frayın (Fry) nəzərini cəlb etdi bu iş.

  Art Fray dindar idi və bazar günləri kilsə xorunda ilahilər oxuyurdu. Lakin onun ilahilər kitabında səhifələrini qeyd etmək üçün istifadə etdiyi kağız parçalar daim düşür və Fray işarələdiyi yerləri itirirdi. O, həmkarı Spenser Silverin tapdığı zəif yapışqanı kağız parçasına çəkir və bu vərəqləri kitabda qeyd etdiyi səhifələrə yapışdırır. Beləliklə, əvvəlcə uğursuz olan və atılan zəif yapışdırıcı təsadüfən kiçik bir kağız parçası ilə birləşərək “post-it” adlı ilk zəif yapışqanlı qeyd vərəqlərini yaradır.

  Art Fray hətta bu kiçik yapışqan vərəqlərin üzərinə kiçik qeydlər yazıb müdirinə göndərir, onları hesabata əlavə etməsini istəyirdi. Müdiri Frayın yapışqan kağızını hesabatdan çıxarıb digər sənədlərin üzərinə yapışdırır və ya ona geri göndərirdi.

  1970-ci illərdə ofislər başlıqlı iynələr, sancaqlar və lentlərlə dolu idi. İşçilər qeydlərini bir-birlərinə belə çatdırırdılar. Ancaq Art Fray və müdiri şirkət daxilində təsadüfən də olsa, yeni  ünsiyyət üsulu tapmışdılar və bunu birlikdə qəhvə içərkən anladılar.

   Art Frayın çalışdığı şirkət 1980-ci ildə post-it kağızlarından üç fərqli məhsul istehsal etdi və onları patentləşdirdi. Lakin kiçik bir problem var idi: ofis işçiləri bu kiçik, rəngli yapışqan vərəqlərdən necə istifadə edəcəklərini bilmir və köhnə vərdişlərindən əl çəkmirdilər. Müxtəlif marketinq üsullarına baxmayaraq, şirkət 10 il uğur qazana bilmədi. Yeni üsula əl atdı: müxtəlif ölçülərdə hazırlatdığı məhsulu ABŞ-ın iri şirkətlərinə pulsuz göndərməklə post-it xatırlatma vərəqlərini tanıtma kampaniyasını keçirdi. Qısa müddətdən sonra alıcıların demək olar ki, hamısı post-it yaddaş qeyd vərəqləri sifariş etdi.

  Bu gün post-it xatırlama, xatırlatma, ünsiyyət və təşkilatçılıq işinin əvəzsiz hissəsinə çevrilib. İndi demək olar ki, hər ofis və evdə mövcud olan post-it qeyd, yaddaş vərəqləri ABŞ sərhədlərini aşaraq Avropa və Asiya qitələrinə də yayılıb və bu gün hər yerdə geniş şəkildə istifadə olunmaqdadır.



Әlaqәli Xәbәrlәr