Qatıq necə icad olundu? (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə qatığın icad olunmağından danışırıq, mətni oxuyur Sevda Mirzə

2122077
Qatıq necə icad olundu? (mətin və audio)

Qatıq necə yaranıb?

 

  Fabrik deyil, evdə hazırlanan qatıq, pendir, çörək, turşu və mürəbbənin yeri, dadı, keyfiyyəti bir başqa olur. Ona görə də milyonlarla adam hələ də çörək bişirməkdən və qatıq çalmaqdan vaz keçmir. Qatığın hazırlanması əslində sadədir: südə qaşıq ucunda bir az qatıq əlavə edirsən və süd qatıq olur. Qatıq sadə şəkildə tək yeyilə bilər, süfrəyə yemək yanında verilir, ondan dovğa, şorba hazırlanır, su və duz əlavə edilərək ayran edilir, ilıq və soyuq şəkildə içilir, arıqlamağa və ya kökəlməyə yardım olur, eyni zamanda, günəş yanıqlarına yaxşı gəlir. Ona görə də Türkiyədə yay günü isti günəşin altında işləmək məcburiyyətində qalanların və ya dəniz kənarında oynayarkən dərisi qıcıqlanan uşaqların gecələr rahat yatması üçün bir nömrəli xilaskar qatıqdır.

  İlk qatıq necə hazırlanıb və bu möcüzəvi yeməyi kim kəşf edib? Bu sual təkcə maraqlanan deyil, alimlərin də araşdırdığı bir mövzu olub. Qatığın yarannması ilə bağlı tarix boyu çoxlu rəvayətlər söylənilib. Bunlardan ən məşhuru ilk qatığın İbrahim peyğəmbər tərəfindən hazırlanması və onun bunu mələklərdən öyrənməsidir. Rəvayətə görə, mələklər İbrahim peyğəmbərə qarışqa yuvası torpağını südlə qarışdırmağı öyrətmiş və beləcə, ilk qatıq meydana gəlmişdir. Alimlər bu dini hekayəni yoxlamaq üçün südə qarışqa yuvası torpağı qatıb qıcqırdığını görüb, elmi izahını da belə veriblər ki, qarışqalar gəzdikləri yerlərdən bilmədən də olsa, yuvalarına zəngin bakteriyalar daşıyırlar. Südün mayalanması və qatığa çevrilməsi üçün lazım olan tək şey də bakteriyalardır.

  Sonralar aparılan elmi araşdırmalar və arxeoloji qazıntılar zamanı məlum oldu ki, qatığın ilk ixtiraçıları köçəri türklərdir. Xüsusilə, Orta Asiyanın dəfn yerlərində qatıq və heyvan dəriləri olan qabların tapılması bu deyilənləri təsdiqləyir.

  Min illər əvvəl yaşamış ilk türk boylarının əsas qidası süd və süddən hazırladıqları məhsullar, başlıca gəlir mənbəyi isə heyvandarlıq olub. Heyvandan sağılan isti süd saxlanmaq üçün heyvan dərisindən hazırlanmış torbalara tökülürdü. Süd qısa müddətdə içilsə, heç bir problem olmurdu. Ancaq heyvan dərisinin içi bakteriya ilə dolu olduğundan süd bir müddət sonra qıcqırmağa başlayar və qatığa çevrilirdi. Alimlərin bir çoxu qatığın təsadüfən də olsa, bu şəkildə meydana gəldiyini düşünür. Bu gün də Anadoluda ən ləzzətli qatıq və pendirlərin bir çoxu qoyun və ya keçi dərisinin içərisinə qoyulan südün təbii qıcqırdılmasının nəticəsidir.

  Qatıq yemək və ya əsas xörək yanında ayran içmək vərdişi Orta Asiya çöllərindən miras qalmış bir mədəniyyətdir. Bir çox bitki mənşəli yeməklərlə, xüsusilə ispanaqla qatıq, kababla ayran yaxşı gedir.

  Qatıq damağa ləzzət verməklə yanaşı, həm də insan orqanizmi üçün qoruyucu rol oynayır. Çünki qatıqdakı bakteriya zəhərli otlar və ya xarab yeməklərə qarşı dirənir, tez kimyəvi reaksiyaya girir, zərərli qidaların orqanizmdən çıxmasına kömək edir. Müasir zamanda belə zəhərlənmə hadisələri zamanı qatıq istifadə olunur.



Әlaqәli Xәbәrlәr