Steteskopun icadı

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə steteskopun icadından danışırıq, mətni oxuyur Sevda Mirzə

2107602
Steteskopun icadı

Steteskop necə ixtira edildi?

 

  İnsan sağlamlığı ilə bağlı araşdırmalar bəşərin tarixinə qədər gedib çıxır. Yunan və Misir kimi antik sivilizasiyalardan bu yana tibb alimlərinin xəstəliklərlə bağlı bütün araşdırmaları səbəb-nəticə əlaqəsini tapmaq üçün düzgün diaqnoza əsaslanır. Amma həm sosial, həm dini təzyiqlər tibbi araşdırmaları uzun illər axsatdı. Cərrahiyyə bu məhdudiyyətlərdən daha çox təsirləndi, xüsusən dini səbəblərə görə rədd edildi və ümumiyyətlə idarəçilər tərəfindən qadağan olundu. Heyvanlar üzərində gizli və ya açıq araşdırmalar aparan alimlər təcrübələrinin nəticələrini insanlara tətbiq etməyə çalışarkən təzyiqlərə məruz qalırdılar.

  Tibb tarixində insan anatomiyası ilə bağlı sıçrayış İntibah dövründə baş verdi. Mikroskopun kəşfi və xəstəliklərin müalicəsi üçün yalnız təbiətdən deyil, kimyəvi materiallardan istifadə etməklə lazım olan dərmanların istehsalı mühüm addım oldu, insanın ömrü uzandı. Amma bütün bu səylərin nəticə verməsi həkimlərin xəstəyə doğru diaqnoz qoymasına bağlı idi. Halbuki 14-cü əsrdə yaşayan bir adamda xəstəyə düzgün diaqnozun qoyulması düşünüldüyü qədər asan deyildi.

  19-cu əsrdə sənaye inqilabı ilə birlikdə Avropa şəhərlərində havanın çirklənməsinin artması tənəffüs və ağciyər xəstəliklərini artırdı. O vaxta qədər həkimlər qulaqlarını xəstələrinin bədəninin üstünə qoyaraq onların ürəyini və ağciyərlərini dinləməyə, eşitdikləri səslərə görə diaqnoz qoymağa çalışsalar da, bu üsul xüsusilə, qadın xəstələrdə ciddi problemlər yaradırdı. Problemi Parisdə təsadüfən oynayan iki uşağı görən fransız həkim həll etdi.

  Fransanın paytaxtı Parisdə o illər ciddi hava çirkliliyi yaşanırdı və gənclərin çoxu ağciyər xəstəlikləri ilə mübarizə aparırdı. 1816-cı il sentyabrın sərin səhəri Luvr sarayının həyətində gəzərkən 35 yaşlı həkim Rene Teofil Laennek (Rene Theophile Laennec) görür ki, oynayan iki uşaq uzun boruşəkilli taxta parçası və iynə ilə bir-birlərinə səslərini siqnal kimi göndərirlər. Uşaqlardan biri qulağını taxta boruya dayayır, o birisi iynə ilə çubuğun digər ucunu qaşıyır və bu proses çox yüksək səslə qarşı tərəfə çatırdı. Doktor Laennekin təsadüfən qarşılaşdığı bu mənzərə tibb tarixinin ən mühüm ixtiralarından biri olan steteskopun ən sadə forması idi.

  Həmin gün çox kilolu, ürək xəstəliyi əlamətləri olan qadın xəstəxanada fransız həkimin otağının qapısını döyür. Doktor qadının dediklərini dinləyir, həm də xəstəsinin ürək səsləri və ağciyərini necə dinləyə biləcəyini düşünürdü.

  Rene Teofil Laennek daha sonra bir tibb jurnalı üçün yazdığı məqalədə izah etdiyi kimi, uşaq oyunlarında istifadə edilən üsulla problemi həll edə biləcəyini kəşf edir. Həmin vaxt əlində olan qalın kağızı bükən doktor Laennek rulonu birbaşa xəstənin ürəyinin üstünə gətirib qulağına sıxır. Xəstənin ürəyinin səslərini çox aydın eşidə bildiyini anlayan həkim təsadüfən də olsa, tibb dünyasına yeni üfüqlər açacaq bir ixtiranın ilk addımını adır.   

  Fransız həkim tezliklə öz ixtirasını təkmilləşdirir və xəstələrinin ürəyini və ciyərlərini dinləmək üçün kağız rulonu əvəzinə geniş ağızlı və getdikcə daralan içi boş taxta silindrdən istifadə etməyə başlayır. İki yunan sözünü birləşdirərək yeni ixtirasına "Steteskop" adını verir və kəşfini tibb jurnalında dərc edərək dünyaya elan edir. Beləliklə, həkim Rene Teofil Laennek çox sadə bir alətlə milyonlarla insanın həyatını xilas etmək üçün qapı açır.



Әlaqәli Xәbәrlәr