Fotonun icadı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə fotonun icadından danışırıq, mətni oxuyur Sevda Mirzə

2103449
Fotonun icadı (mətin və audio)

Fotonun ixtirası

 

   İnsan yalnız işığın köməyi ilə yaddaşda qala bilərmi? Əgər alimlər bu məsələ üzərində düşünməsəydilər və təsadüfən uğur qazanmasaydılar, biz bu suala “Xeyr” cavabını verərdik.

  “Fotoqrafiya” adlanan ixtira olmasaydı, xatirələrimiz ancaq sözlərdən ibarət olardı.

  X əsrin məşhur riyaziyyatçısı və alimi İbn əl-Heysəm insanın gördüyü müəyyən bir anı əbədiləşdirmək xəyalı ilə təsvirin mənbəyini elmi üsullarla izah edib. Onun gümüş nitratla apardığı təcrübələr kameranın ixtirasında mühüm rol oynayır. Lakin fotoqrafiyanın və bildiyimiz kameranın ixtira edilməsi üçün daha bu bilik Misirdən Avropaya köçməli, əsrlər keçməliydi.

  Təsvirin qalıcı və aydın görünən olması üçün müəyyən kimyəvi maddəyə ehtiyac vardı. IX əsr alimləri “Gümüş işıqla qarşılıqlı əlaqədə qaralır” deyirdi. Bu məlumatı istifadə edən və müxtəlif təcrübələr aparan ingilis alimi Con Frederik Herşel (John Frederick Herschel 1792 – 1871) bir az da yaşasaydı, fotoqrafiyanı kəşf edən ilk şəxs o olacaqsı. Lakin bu şərəf fotoqraf makinasını kəşf edən fransız ixtiraçı Cozef Nisefor Nyepsə (Joseph Nicephore Niepce, 1765-1833) düşür.

  1826-cı ildə Nisefor işığa həssas bir lövhə üzərində qalıcı fotoqraf əldə edir. Tarixdə ilk foto kimi qeydə düşən "Pəncərədən le Qrasın görüntüsü" şəkli üçün Nyeps düz 8 saat gözləməli olmuşdu. Bənzər bir sahədə çalışan fransız alim Lui Daqer (Louis Daguerre, 1787 - 1851) ilə 1829-cu ildə ortaqlıq quran Nyeps araşdırmaları üçün müəyyən bir üsul əldə edə bilmədən vəfat etdi. Həmkarını itirsə də, Daqer bu sahədəki işindən əl çəkmir və 1835-ci ildə təsadüf nəticəsində fotoqrafiya inqilabı edir. O, təsadüfən kimyəvi maddələr olan konteynerə işıqlandırılmış boşqab qoyaraq onu oradaca unudur. Alim bir neçə gündən sonra boşqaba yenidən baxdıqda fotonun kifayət qədər aydın olduğunu gördü. Konteynerdəki kimyəvi maddələri analiz etdikdən sonra yeni üsulunu Fransa Elmlər Akademiyasına təqdim edən Lui Daqer təsadüfən də olsa, işinin nəticəsini almışdı. "Daqerrotip" (Daguerrotype) adlanan bu üsul akademiya tərəfindən rəsmiləşdirildi.

  Fransalılar arasında sürətlə yayılan fotoşəkil çəkməyə maraq getdikcə bütün dünyaya təsir etməyə başladı. Bu ixtira həm Fransa, həm də digər ölkələrdə böyük maraq doğurur, çünki insanların artıq müəyyən bir anı əks etdirmək imkanı yaranmışdı.

  Təsadüfən kəşf edilsə də, zaman keçdikcə yeni texnikalardan istifadə edilərək inkişaf yolu tutan fotoqrafiya gündəlik həyatın hər sahəsinə təsir göstərdi, təsviri sənət sahəsində yeni texnologiya və ixtiralara qapı açdı.

  Çəkilən anların müəyyən ardıcıllıqla qoyulması və hərəkətə gətirilməsi isə gələcəyin film, kino və televiziya adlı yeni dünyaların doğulmasına səbəb oldu.

  Bu gün fotoqrafiya rəqəmsal həyatın ayrılmaz hissəsinə çevrilib. Smartfonların insanın həyatına daxil olması ilə hər bir telefon eyni zamanda, anı qeyd edən kameraya çevrilib. Lakin bu fotoşəkillərin ömrü bəzən telefonun ömrü qədər olur, əgər yalnız telefonun şəkil yaddaşı ilə məhdudlaşırsa və onlar kağıza həkk olunmursa.



Әlaqәli Xәbәrlәr