Qəhrəman qadınlarımız– Samiye Cahid Morkaya

Dostum Nillə otların üzərində uzanıb ulduzlara baxırdım.

2098536
Qəhrəman qadınlarımız– Samiye Cahid Morkaya

Qəhrəman qadınlarımız– Samiye Cahid Morkaya

Dostum Nillə otların üzərində uzanıb ulduzlara baxırdım. Şəhərin səsi uzaqdan eşidilirdi. Sakit, tənha bir mühit idi. Həmişə burada görüşüb söhbət edirdik və bu gün də belə günlərdən biri idi.

Göyə baxaraq Nildən soruşdum ki, gələcəkdə nə etmək istəyirsən? O, tərəddüd etmədən “Əlbəttə, mən tibb oxuyub həkim olmaq istəyirəm!” dedi. Nil gözləri parıldayaraq dedi. - Bəs sən Leyla? 

Sükut hökm sürdü. “Aydındır ki, bir şey fikirləşirsən. Söylə mənə'' dedi Nil.  “Yaxşı... Mən illərdir qrafik dizayner olmaq istəyirdim, amma deyəsən, hamı mənim diş həkimi olmağımı gözləyir. Bilirsən ki, mənim bütün ailəm diş həkimidir” dedim.  Nil ayağa qalxdı, gözlərimin içinə baxdı və dedi:''Əlbəttə ki, istədiyin ixtisası seçə bilərsən. Bu sənin həyatındır. Başqalarının dediklərinə və ya düşündüklərinə fikir vermə. Həm bilirsən ki çox sayda müvəffəqiyyətli qadın var. Onlar bütün çətinliklərə baxmayaraq heç kimin bacara bilmədiklərinə nail olublar" dedi.

Bəli, Nil haqlı idi. Narahatlığım yersizmiydi? Sonra davam etdi: “Bax, indi telefondan müvəffəqiyyətli türk qadınlarına baxıram. Sənə bir az cəsarət lazımdır, mənim gözəl dostum. "Tanış olacağımız qəhraman qadın Samiye Cahid Morkayadır" dedi gülərək.

Samiye Cahid Morkaya Türkiyenin ilk qadın ralli sürücüsü və ralli üzrə çempionudur.

Şeyx qızı olmasına baxmayaraq müasir təhsil alan Samiye Cahid Morkaya 1897-ci ildə anadan olub. İbtidai təhsilini Yedikule Alman məktəbində başa vurduqdan sonra 1922-ci ildə həmin illərin məşhur konservatoriyası hesab edilən Darülelhanda təhsil alaraq kamança müəllimi olub. Musiqini sevsə də, başqa bir həvəsi var idi. Bu yollarda daha yeni-yeni görünməyə başlayan avtomobillər idi.

Avtomobillərə olan bu maraq ona sürücülük vəsiqəsi alan ilk türk qadını olmağa imkan verdi. Onun həyat yoldaşı yazıçı Burhan Cahid Morkaya yoldaşının bu marağını dəstəkləyərək 1923-cü ildə ona avtomobil alıb.

Təbii ki, insanlar  bu səbəbdən Samiye Cahid Morkaya haqqında danışmağa başlayıblar. Onlar qadının avtomobil sürməsini "şeytanın işi" kimi qiymətləndiriblər.

Bütün bu söz-söhbətlərə baxmayaraq Morkaya sadəcə küçələrdə avtomobil sürməklə kifayətlənməyib və 1930-cu ildə keçirilən ralli yarışmasına qatılıb. Beləliklə o, ilk türk qadın ralli sürücüsü kimi tarixə düşüb.

1931-ci ildə İstanbulda İstinye-Maslak yol yarışına qatılaraq avtomobili ilə bütün rəqiblərini məğlub edib. Yarışmada ikinci olan Vehbi bəy nəticəyə etiraz edərək “Qaydalara əməl edilsəydi və heç bir qadın yarışa buraxılmasaydı, mən birinci olardım” deyib. O, kubokun  ona verilməsini istəyib. Məsələ məhkəmədə müzakirəyə çıxarılıb və  məhkəmə kubokun sahibinin Samiye xanım olduğuna qərar verib. Beləliklə, Samiye Cahid Morkaya Türkiyenin ralli üzrə ilk qadın çempionu olub.

Samiye Cahid Morkaya növbəti il ​​yenə birinci olaraq titulunu qoruyub.

"Gör nə qadınlar var!" dedi Nil. O an çox şəy deyə bilmədim, amma saata baxanda anladım ki, evə getməliyik. Əşyalarımızı yığıb dərhal qaçmağa başladıq. Evə çatanda hamı ilə salamlaşıb süfrəyə əyləşdik. Nil bu gün qonağımız idi və masada düz yanımda idi. Biz sakit ailə mühitində idik.

Mən şorbamı yeyirdim birdən atam dedi. ''Ay qızlar... Bu, sizin son  ilinizdir. Nə oxumaq istəyirsiniz? Bizim Leyla hələ bunu dilə gətirməyib”. Həyəcandan donmuşdum. Nil gözləri ilə işarə etdi mənə.

Atama tərəf baxdım, onun arxasında indiyə qədər fərq etmədiyim avtomobil bəzəyini gördüm, Samiye Cahid Morkayanı xatırladım və bütün cəsarətimi toplayıb danışmağa başladım.

“Ata, mən qrafik dizaynı oxumaq istəyirəm, diş həkimi olmaq istəmirəm” dedim. Atam qəfil güldü, özünü topladı, sakitcə şorbasından bir qaşıq yedi və dedi: “Sən hansı ixtisası oxumaq istəyirsənsə onu oxu. Mən və bütün ailən hər zaman arxandayıq”. Atamın gözlərinin içinə baxıb dediklərinə görə təşəkkür etdim. 

Hekayəmizi heç kimin dediyinə fikir verməyənlərə və Samiye Cahid Morkayaya həsr edirik. 



Әlaqәli Xәbәrlәr