Teatra getməliyik, çünki … (mətin və audio)

Bu gün sizə tarixi 3000 illik bir sənət növü olan teatra niyə getməli olduğumuzdan danışacağıq

2085626
Teatra getməliyik, çünki … (mətin və audio)

Teatra getmək

 

  Bu gün sizə tarixi 3000 illik bir sənət növü olan teatra niyə getməli olduğumuzdan danışacağıq. Kino, televiziya və sosial media növlərinin yayılmasına baxmayaraq, teatr qeyri-adi cazibəsilə insanı cəlb edən, rahatladan, bəzən düşündürən, bəzən güldürən, obrazları canlı görməyimizə vəsilə olan bir incə sənətdir.  

  Teatra baxış insandan insana dəyişə bilir. Məsələyə ümumi baxacağıq. Teatr hər şeydən əvvəl, müxtəlif dövləri, fərqli coğrafiyaları, ayrı-ayrı mədəniyyətləri dərk etmək və qiymətləndirmək imkanı verir. Hər tamaşa mövzusu yeni maraq qapısı, yeni üfüq olur insana.

  Canlı görüntü, eşitmə və emosional duyğuları birləşdirən teatr tamaşası həyat təcrübələrini insanların önünə sərir. Film və seriallara evdə tək baxmaqdan fərqli olaraq, səhnədə canlı teatra baxmaq insanları bir araya gətirən və cəmiyyət hissini gücləndirən bir fəaliyyətdir. Teatr tamaşasına baxarkən eyni hissləri paylaşan insanlar arasında bir bağ yaranır. Bu, bizə ədəbi əsərləri oxuyarkən və ya filmlərə evdə baxarkən gördüyümüz personajlarla yaxın olmaq kimi daha gözəl imkan verir.

  Teatr səhnə dizaynından tutmuş geyimlərə, mətndən aktyorluq texnikasına qədər bir çox yaradıcı elementləri özündə cəmləşdirir. Tamaşaya baxarkən istər-istəməz bu elementlərin formalaşma prosesini müşahidə edirsən ki, bu da maraqlı baxış aurası yaradır. Estetik qavrayışın artması insanın digər işlərə yanaşma qabiliyyətini də artırır. Teatra getməyin faydasına heç kim etiraz edə bilməz. Ona görə də teatra getməliyik, çünki hər bir tamaşa yeni zövq, yeni maraq, yeni həyəcan və yeni düşüncə oyadır insanda.


Etiketlәr: #teatra getmək , #teatr

Әlaqәli Xәbәrlәr