İstanbulun Anadolu hissəsi

İstanbulun Anadolu hissəsində səyahətimiz davam edir.

2070421
İstanbulun Anadolu hissəsi

İstanbulun Anadolu hissəsi

Türkiyeni üç tərəfdən əhatə edən dənizləri ətrafında səyahətimizə və gəmimiz "Gezgin"ə xoş gəlmisiniz. İstanbulun Anadolu hissəsində səyahətimiz davam edir. Boğaziçi boyunca davam edirik və Çubukluda gəmilərin yan aldığı tərəfə gedirik. Sahil boyu düzülmüş, bir dövrə şahidlik edən gözəl sahil malikanələrinin yanından keçirik. Bugünkü dayanacağımız İstanbulun bütün əzəməti ilə günümüzə qədər gəlib çatmış mühüm mədəni irslərindən biri olan Hıdiv qəsridir. Əminəm ki, Boğaza möhtəşəm mənzərəsi olan bu qəsr sizdə çox böyük təəssürat yaradacaqdır. Çubuklu körpüsündə "Gezgin"i lövbərləyib Hıdiv qəsrinə tərəf hərəkət edirik.

Qəsrlər sığınacaqlı malikanə və ya qala mənasını verən sözdən əmələ gəlib. Osmanlı imperiyası dövründə sultanın şəhərdən kənarda qısa müddət qaldığı kiçik saraylar da “qəsr” adlanırdı. Bu gün ziyarət edəcəyimiz Hıdiv qəsri sultana deyil, Osmanlı dövrünün valilərindən birinə aid olduğu üçün bir az fərqlidir. Osmanlı İmperatorluğunun Misirdəki sonuncu valisi Hıdiv qəsri tikdirib. Hıdiv, Osmanlı İmperatorluğu tərəfindən Misir valilərinə verilən tituldur. Məhz buna görə də malikanə bu adla tanınıb.

Hıdiv qəsri memarlıq xüsusiyyətləri və bənzərsiz Boğaz mənzərəsi ilə diqqəti cəlb edir. Bu xüsusiyyətlərinə görə onun şöhrəti bütün Avropaya yayılıb. Qəsr dövrün məşhur qərb memarlıq üslubunu və Osmanlı memarlığını əks etdirən Boğazın ən yüksək təpələrindən birində italyan memar tərəfindən tikilib.

Hıdiv qəsri tikildiyi dövrdə İstanbulun ən böyük gül bağlarından birinə malik idi. Əvvəlki qədər böyük olmasa da, qəsr hələ də bağçası ilə diqqəti cəlb edir. Yazda lalə, sümbül və iriyarpaq hortenziya ilə bəzənmiş bu bağ ziyarətçilərə əyani ziyafət təqdim edir. Gəlin bu gözəl bağdan keçib qəsrə daxil olağın. Girişdə mərmər sütunlarla əhatə olunmuş və tavana qədər uzanan monumental fəvvarə var. Buradan divarları mərmərlə örtülmüş salona keçirik. Bu, şüşə qapıları, sütunları və zərli bəzəkləri olan heyrətamiz bir salondur. Burada da tavana qədər uzanan mozaika ilə örtülmüş möhtəşəm bir fəvvarə var. Hıdiv qəsri işıqlandırma üçün elektrik enerjisindən istifadə edilən ilk qəsrdir. Bina orijinal Art Nouveau (nuvo) çinilər, çilçıraqlar, güzgülər və tavandakı vitrajlarla bir dövrün möhtəşəmliyini ortaya qoyur. İncəsənət əsəri olan əşyaları və incə detallarla bəzədilmiş bəzəkləri ilə muzeyi xatırladan Hıdiv qəsri bir zamanlar burada necə bir həyat yaşadığını insana düşündürür.

Hıdiv qəsrində ən diqqət çəkən memarlıq ünsürü binanın qülləsidir. Çünki İstanbuldakı başqa malikanələrdə qüllə yoxdur. Qüllə özlüyündə maraqlıdır, lakin onu daha da maraqlı edən başqa bir xüsusiyyəti də var. Bu qüllənin içərisində İstanbulun ilk buxarla işləyən liftlərindən biri var! Dövrünə görə kifayət qədər dəbdəbəli sayılan bu liftdən bu gün də qülləyə qalxmaq üçün istifadə olunur. Bir-bir liftə minib nəfəs kəsən Boğaz mənzərəsini seyr etmək üçün qülləyə qalxaq.

Hıdiv qəsri Çubuklu bağı və ya Hıdiv bağı kimi tanınan meşəlikdə tikilib. Çoxəsrlik çinarları, budaqları səmaya uzanan qovaqları olan bu bağa baş çəkməyə gedirik. Çubuklu bağı şəhərin xaosundan uzaqlaşmaq istəyən istanbulluların tez-tez seçim etdiyi qaçış nöqtəsidir... Meşə bir az sıldırım və yoxuşlu olsa da, ağacların arasından Boğaziçi mənzərəsi yorğunluğunuzu unutduracaq. Üstəlik, meşəlikdə gəzərkən Bizans dövrünə aid su yolları və sistern qalıqlarına rast gəlmək mümkündür. Bizansdan Osmanlıya və günümüzə qədər yüzlərlə illik bu meşəlik təbiətdən həzz almaq və özünüzü təravətləndirmək üçün mükəmməl yerdir.

Bu gün səyahətimizi bitirməyin vaxtı gəldi. "Səyyah" bizi Çubuklu körpüsündə gözləyir. Ancaq əvvəlcə körpünün qarşısındakı Halil Ethem malikanəsini ziyarət edək. Dəniz kənarındakı malikanə Osmanlı sadrazamlarından biri və Türkiyenin ilk mədən mühəndisi İbrahim Ethem Paşa tərəfindən tikilib. Neoklassik üslubda olan bu taxta malikanə “Tısbağa Təlimçisi” əsəri ilə tanınan Osman Həmdi bəyin və türk muzeylərinə mühüm töhfələr vermiş Halil Ethem bəyin yaşadığı yerdir.



Әlaqәli Xәbәrlәr