İsrail dövlətinin qurulması üçün niyə Albaniya təklif edilmişdi?

20-ci əsrin əvvəllərində Avropada yəhudilərin yaşayış şəraiti son dərəcə əlverişsiz idi ... 1935-ci ildə Albaniyaya gedən Leo Elton orada yəhudi milli muxtariyyətinin yaradılmasının mümkün olub-olmadığını araşdırdı ...

2069827
İsrail dövlətinin qurulması üçün niyə Albaniya təklif edilmişdi?

 

  20-ci əsrin əvvəllərində Avropada yəhudilərin yaşayış şəraiti son dərəcə əlverişsiz idi. Antisemitizmin və yəhudilərə qarşı zülmün uzun müddət davam etməsi yəhudi milli dövlətinin qurulması üçün dünyanın hər yerindən minlərlə yəhudini bir araya gətirən sionist hərəkatının yaranması ilə nəticələndi. Bu istiqamətdə bir çox rəsmi təkliflər var idi ki, onlardan ən məşhuru Uqanda ərazisində yəhudi milli dövlətinin qurulması idi, lakin o zaman sionistlərin yalnız bir məqsədi var idi: Qüds.

  Müxtəlif rəsmi təkliflərdən başqa diqqət çəkən Leo Eltonun Albaniya ilə bağlı fövqəladə təklifi oldu. L.Elton jurnalist idi, lakin əslində onun britaniyalı bir iş adamı olduğu da deyilir.

  1935-ci ildə Albaniyaya gedən Leo Elton orada yəhudi milli muxtariyyətinin yaradılmasının mümkün olub-olmadığını araşdırıb.

  Niyə Albaniya?

  Leo Eltonun fikrincə, Albaniya iqtisadi dünyagörüşünə, meyvə və tütün becərilməsi üçün münbit torpaqlara və toxuculuq sənayesinin inkişafına görə əlverişli idi. Ölkədə antisemitizm və ya dini dözümsüzlük tarixi də yox idi. Bunun səbəblərindən biri də Albaniyanın şərəf və qonaqpərvərlik ənənəsi olan Besadır. Daha çox “namus sözü” mənasında işlənən bu söz həm də kömək əlini uzadıb yardım istəyənlərə qonaqlıq vermək ənənəsini ifadə edir və milli adət-ənənə hüququnun əsasını təşkil edir. Bu təcrübə sayəsində müsəlmanlar və xristianlar İkinci Dünya Müharibəsi zamanı yerli yəhudi əhalisini xilas etmək üçün həyatlarını riskə atdılar.

  Eltonun albanlara böyük hörməti Holokost zamanı təsdiqləndi, çünki onlar ölkənin kiçik yəhudi icmasını sonuncu üzvünə qədər xilas etdilər.

  Albaniya yəhudi əhalisinin Holokostdan əvvəlkindən daha çox olduğu tək Avropa ölkəsidir.

  Nasistlərlə əməkdaşlıqdan cəsarətlə imtina edən albanlar nəinki yəhudilərin ad və ünvan məlumatlarının əks olunduğu siyahıları təhvil verməyiblər, həm də yəhudi ailələri üçün saxta sənədlər düzəldib alban əhalisi arasında gizlənmələrinə kömək ediblər.

  10 il sonra təqdim etdiyi hesabatda Leo Elton Albaniyada sionist hərəkatı ilə əməkdaşlıqla əldə edilə biləcək milli yəhudi muxtariyyətinin yaradılmasını təklif etdi. Lakin onun Qüdsdəki İvrit Universitetinin rektoru Yəhuda Maqnesə (Judah Magnes) göndərdiyi təklif məktubu heç vaxt rəsmi olaraq nəzərdən keçirilmədi və hələ də İsrailin milli kitabxanasında kilidli saxlanılır.

  Nir Hassonun hesabatında arxiv direktoru Hadassa Assulin (Hadassah Assouline) söylədiyinə görə, Leo Eltonun hesabatı çox güman ki, 1945-ci ildə - İkinci Dünya Müharibəsinin sonunda, yəni qaçqın böhranının ortasında universitetə ​​təqdim edilib.

  Beləliklə, 1948-ci ildə İsrail dövlətinin elan edilməsindən sonra dünyanın müxtəlif ölkələrindən, o cümlədən Albaniyadan gələn yəhudilər Fələstinə məskunlaşmağa qərar verdilər.

 

P.S: “TRT Balkan”dan Türkiyə türkcəsinə Hilmi Velaqoşti, Azərbaycan türkcəsinə Sevda Mirzə tərcümə etdi.



Әlaqәli Xәbәrlәr