Ankaradakı terror aktı və təbliğatın qarşısının alınması

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Ankaradakı terror aktı və təbliğatın qarşısının alınması” başlıqlı mәqalәsi...

2046852
Ankaradakı terror aktı və təbliğatın qarşısının alınması

Ankaradakı terror aktı və təbliğatın qarşısının alınması

PKK terror təşkilatının 1 oktyabr 2023-cü il tarixində paytaxt Ankarada Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında həyata keçirdiyi terror cəhdinə təhlükəsizlik və kəşfiyyat məsələlərindən əlavə, terror təşkilatının təbliğatının qarşısının alınması və strateji kommunikasiya prosesləri cəhətdən də nəzər salınmalıdır. Terror aktından sonra təhlükəsizlik təşkilatları ilə yanaşı ictimaiyyət də şok və qeyri-müəyyənliklə mübarizə aparır. Təhlükəsizlik təşkilatları və kəşfiyyatlar baxımından standart əməliyyat prosedurları kifayət qədər aydındır. Bununla belə, həm təhlükəsizlik və kəşfiyyat proseslərini effektiv şəkildə aktivləşdirmək, həm hücumdan sonra terrorun psixoloji və sosial təsirini minimuma endirmək, həm də ani təbliğata qarşı strateji kommunikasiyanın həyata keçirilməsi bir-biri ilə inteqrasiya halındadır. Çünki belə hadisələrə operativ reaksiya təkcə ani nəticələri deyil, həm də milli təhlükəsizliyin və sosial quruluşun uzunmüddətli gedişatını müəyyən edə bilər. Terror aktlarından sonra təcili diqqət tələb edən mühüm məsələ hücumdan dərhal sonra terror təbliğatının qarşısının alınmasıdır. Bu məqamda vurğulanmalıdır ki, təbliğatın qarşısının alınmasında strateji ünsiyyət həyati əhəmiyyət kəsb edir.

Terror aktından sonrakı xaotik anlarda bütün cəmiyyətin diqqəti hadisəyə yönəlir. Xəbər agentlikləri təfərrüatlar üçün cəhd edir, şahidlər öz təcrübələrini danışır və cəmiyyət faciəyə məna qazandırmaya cəhd göstərir. Sosial medianın hazırda ani olan və ümumilikdə dəqiq məlumatı ehtiva etməyən qarşılıqlı əlaqə sahəsində isə prosesə nəzarət etmək demək olar ki, mümkün deyil. Mütəxəssislər əllərində olan məhdud məlumatla anlıq təhlillər aparırlar, adi istifadəçilər emosiyaya əsaslanaraq paylaşımlar edirlər, xaotik mühitdən faydalanmaq istəyən maraq qrupları isə prosesi manipulyasiya edəcək və çaşqınlıq yaradacaq qarşılıqlı əlaqə şəbəkəsi qururlar. Məhz bu məqamda terror təbliğatı öz məqsədlərinə çatmaq üçün çaşqınlıqdan və artan emosiyalardan istifadə edərək kök salmaq və yayılmaq üçün uyğun zəmin tapa bilər.

Hücumdan sonra təbliğatın qarşısının alınmasının aktuallığı xüsusilə radikallaşmanın qarşısının alınması baxımından kritik mərhələdir. Hücumdan dərhal sonra ekstremist məzmuna məruz qalmaq emosional cəhətdən həssas olan və ya cavab axtaran şəxsləri radikallaşdıra bilər. Bu vəziyyətin qarşısının alınması radikallaşma dövrünü dayandırmaq üçün çox vacibdir. Digər tərəfdən, belə faktları təqlid edən hücumların qarşısının alınması, hücumdan sonra təhlükəsizlik və kəşfiyyat prosesinin idarə olunması baxımından həyati əhəmiyyət kəsb edir. Terror təbliğatı ümumilikdə hücum edənləri tərifləyir, onları sözdə “qəhrəman” adlandırır. Bu vəziyyət radikallaşma prosesində olan fərdləri təqlidçi hücumları həyata keçirməyə sövq edə bilər ki, bu da dərhal hərəkətə keçməyi zəruri edir.

Əslində, paytaxt Ankarada oktyabrın 1-dəki hücumdan cəmi bir neçə gün sonra PKK terror təşkilatı oxşar metoddan istifadə edərək sosial mediada aktiv fəaliyyət sahəsi yaratmış və hücum vasitəsilə öz sahəsini genişləndirməyə cəhd etmişdir. İctimai birliyin qorunması hücumdan sonra nəzərə alınması lazım olan bir hədəfdir. Terror təbliğatı cəmiyyətlərdə parçalanma və fikir ayrılığı yaratmaqla psixoloji narahatlıqları dərinləşdirmək məqsədi daşıyır. Hücumdan dərhal sonra buna etiraz etmək sosial ahəng və birliyi qorumaq üçün çox vacibdir. İctimai təhlükəsizliyin təmin edilməsi isə hücumdan sonrakı prosesin idarə olunması baxımından əks-təbliğatın qarşısının alınmasında ən kritik proseslərdən biridir. Buna görə də dəqiq məlumat və açıq ünsiyyət ictimai təhlükəsizliyin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edir. Təbliğat yolu ilə yayılan dezinformasiya və ya şayiələr panikaya və ya yanlış hərəkətlərə səbəb ola bilər. Bu məqamda Türkiyenin son illərdə tətbiq etdiyi və Kommunikasiya İdarəsinin rəhbərlik etdiyi yeni kommunikasiya əsasları və modeli (xüsusilə Dezinformasiya ilə Mübarizə Mərkəzi) proseslərin idarə olunması baxımından doğru məlumatı yalan məlumatdan ayırmaqda mühüm rol oynayır. Rəsmi məlumatı qeyri-rəsmi məlumatlarla əvəz etmək çox çətin olsa da, sosial medianın gücünü nəzərə alsaq, cəld reaksiya təbliğatın yayılmasının və kök salmasının qarşısını alır. Odur ki, terror təhlükəsi ilə effektiv mübarizə aparmaq üçün terrorun təbliğatının qarşısının alınması və terror hücumlarından sonra strateji kommunikasiyaların idarə olunmasının böyük əhəmiyyət kəsb etdiyini dərk etməliyik.

Terror təbliğatının qarşısının alınması ideyalar mübarizəsində olduğumuzu etiraf etməkdən başlayır. Qazanmaq üçün təkcə ekstremist ideologiyalara meydan oxuyan deyil, həm də ümid, tolerantlıq və sülhə alternativ baxış təklif edən əks-diskursiyalar qurmaq lazımdır. Bu əks-diskursiyalar inandırıcı, emosional cəhətdən əks-səda doğuran və ekstremist tərəfdarlarının təsirlərinə ən çox həssas olan kütlələrə yönəldilməlidir. Üstəlik, bu mübarizə hər hansı bir təşkilatın təkbaşına mübarizə apara biləcəyi mübarizə deyil. Müvəffəqiyyət yalnız o zaman əldə edilə bilər ki, hökumətlər, dövlətin müxtəlif institutları, texnologiya şirkətləri, media, QHT-lər və cəmiyyət bu ekzistensial təhlükə ilə mübarizə aparmaq üçün vahid strategiya çərçivəsində hərəkət etsinlər. Bu baxımdan medianın və texnologiya şirkətlərinin üzərinə həyati məsuliyyət düşür. Medianın hadisəni xəbər verərkən istifadə etdiyi dil, hücum zamanı əldə edilən görüntülərin paylaşılması, ekspertlərin seçilməsi və hüquqi əsasları nəzərə alaraq administrasiyanın prosedurlarına uyğun hərəkət etməsi həm hücumun hədəf aldığı mühitin yaranmasının qarşısını almaq, həm də strateji kommunikasiyanın effektiv həyata keçirilməsini təmin etmək baxımından kritikdir.

Oktyabrın 1-də baş verən hücumda göründüyü kimi, bəzi media platformalarının açıq mənbə kimi istifadəyə verilən görüntülərini izləyiciləri və ya təqibçilərilə paylaşmaq, edilməməsi vacib olan ən böyük səhvlərin başında yer almışdır.

Mediadan əlavə, texnologiya şirkətləri ekstremist tərəfdarı məzmunları aşkar etmək və öz platformalarından dərhal silmək üçün məsuliyyət daşıyırlar. Ancaq hazırda texnologiya şirkətlərinin anlıq reaksiya imkanları çox məhduddur. Türkiyedə bu mövzuda hüquqi tənzimləmələr olsa da, onların effektiv tətbiqi ilə bağlı problemlər hələ də mövcuddur. Bu sahədə tam uğur qazanmaq mümkün görünmür. Çünki sosial şüurun zəif olması ən böyük maneələrdən biridir. Bu məqamda təhsil sahəsinə, QHT-lərə yenidən baxılması vacibdir. Sosial mediada fərdi məsuliyyətin harada başlayıb, harada bitdiyi sualına tam cavab vermək mümkün olmasa da, Milli Təhsil Nazirliyinin yeni dünyanın yeni reallığı olan sosial mediadan istifadə ilə bağlı daha çox layihə həyata keçirməsi çox faydalı olardı. O qədər ki, bu sahədə yeni fənnlərin əlavə, QHT-lərin də prosesə daxil edilməsi yolu ilə mübarizənin ictimai və sosial aspektlərini daha effektiv idarə etmək üçün çox vacibdir.



Әlaqәli Xәbәrlәr