Qədim şəhər Prusias ad Hypium - Konuralp

Düzcenin qəsəbələrindən biri olan Akçakoca Türkiyedə karvan turizminin ilk başladığı yerlərdən biridir.

2033855
Qədim şəhər Prusias ad Hypium - Konuralp

Qədim şəhər Prusias ad Hypium - Konuralp

Qədim dünyanın möhtəşəm şəhəri Efesin adını eşidənlər və ya görənlər olub. Yeri gələndə o möhtəşəm qədim Efesi ziyarət edəcəyik. Amma biz Qara dənizdə səyahətimizə davam edirik. Bəs, niyə Efes haqqında danışdıq? Çünki bu gün bizim marşrutumuzda “Qərbi Qara dəniz bölgəsində Efes” kimi tanınan bir yer var. Bura Düzcədə yerləşən Prusias ad Hypium (Prussias ad hypium) qədim şəhəridir. Dəniz kənarından içəridə yerləşir. Buna görə də "Gezgin" adlanan qayığımızı limanda qoyub sahildən içəriyə doğru hərəkət edəcəyik. Qayığımızı lövbər salacağımız yer bir vaxtlar mühüm liman şəhəri olan Diapolisdir. Hazırda bu yer Akçakoca kimi tanınır. İndi Səyahətimizə Akçakocadan başlayırıq.

Düzcenin qəsəbələrindən biri olan Akçakoca Türkiyedə karvan turizminin ilk başladığı yerlərdən biridir. Mavi bayraqlı çimərlikləri və təbii gözəllikləri ilə hazırda da karvan düşərgələrinin diqqət mərkəzindədir. Bu, Roma dövründə Qara dənizin mühüm liman şəhərlərindən biri olub. O vaxt qəsəbənin adı Diapolis idi. Təəssüf ki, Roma dövründən qalmış heç bir tikili yoxdur. Akçakocada yalnız genuyalılar dövründə tikilmiş səkkiz əsrlik qala var. Bu qala Anadolu sahilindəki əhəmiyyətli Genuya qalalarından biridir. Genuyalılar Qara dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün buranı tikiblər. Mütəxəssislər Diapolisin, yəni Akçakocanın strateji liman olması səbəbindən qalanın burada tikildiyini düşünürlər. Səlib yürüşləri zamanı Bizans İmperiyası qaladan gözətçi qülləsi kimi istifadə edib. Genuya qalası indi YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır. İndi birlikdə Genuya qalasını ziyarət edək. Qalanı gəzdikdən sonra indi isə Qara dənizin Efesi kimi təsvir edilən qədim Prusias ad Hypium (Prussias ad hypium) şəhərinə yola düşmək vaxtıdır.

Şəhərin indiki adı Konuralpdır və tarixi 2300 il əvvələ gedib çıxır. Qədim şəhər Roma ordusunun şərq səfərlərində istifadə etdiyi yolda yerləşir. Başqa sözlə, Prusias ad Hypium şəhəri o dövrdə şərqlə qərb arasında mühüm bir nöqtədə idi. Onun dənizlə əlaqəsini isə indicə baş çəkdiyimiz Qədim Diapolis təmin edir.

Prusias ad Hypium qədim şəhəri Qara dəniz bölgəsində sağ qalan ən yaxşı teatra malikdir. Qədim şəhərdə tapılan yazılarda su kəmərləri, agora və hamam kimi bir çox digər mühüm monumental tikililərin mövcudluğundan bəhs edilir. Ona görə də qədim şəhərdə geniş və səliqəli qazıntılar aparılır. Gəlin buradakı gəzintimizə qədim teatrdan başlayaq. Ellinizm dövründə tikilən və Roma dövründə əlavə edilən teatr hər iki dövrün xüsusiyyətlərini əks etdirir. Bu səbəbdən mühüm keçid teatrlarından biri hesab olunur. Təxminən 10.000 nəfər tutumu olan teatrın kulis divarı, səhnənin bir hissəsi, tağlı keçidlər və oturma sıralarının bir hissəsi günümüzə qədər gəlib çatmışdır. Prusias ad Hypium qədim şəhər teatrı usta sənətkarlığı, möhtəşəm səhnə quruluşu və yamaca uyğun yerləşdirilmiş yarımdairəvi tamaşaçı bölməsi ilə mütəxəssislər tərəfindən Efes və Aspendos teatrlarına bənzədilir. Teatrın tağlı keçidlərindəki çələng motivi qədim teatrın idman yarışları və ya qladiator şouları üçün istifadə edildiyini göstərir.

Arxeoloqlar şəhərin rifah səviyyəsinin yüksək olduğunu və bunu memarlıqda da əks etdirdiklərini söyləyirlər. Prusias ad Hypium qədim şəhəri monumental girişi, Atlı qapısı, heç bir məhlul istifadə edilmədən tikilmiş Roma körpüsü, hamamları, agorası, çoxsaylı mərmər heykəlləri, bəzəkləri və möhtəşəm Orfey mozaikası ilə füsunkar bir şəhərdir. Lira çalaraq təbiəti hərəkətə gətirən və vəhşi heyvanları sakitləşdirən mifoloji qəhrəman Orfey. Bu mozaikanın mərkəzində lira çalan Orfey ətrafında isə mövsümlər və heyvan fiqurları var. Roma dövrü villasında tapılan bu göz oxşayan döşəmə mozaikası hazırda Konuralp muzeyində sərgilənir.

Bu gün Qara dənizin ən yaxşı qorunmuş qədim teatrının yerləşdiyi və qazıntılar başa çatdıqda Efes qədim şəhəri ilə rəqabət aparacaq Prusias ad Hypium qədim şəhəri və bir vaxtlar  onun dənizlə irtibatını təmin edən Diapolis və ya Akçakocada olduq. Suprizlərlə dolu başqa sahil şəhərində görüşənədək sağ olun.

 



Әlaqәli Xәbәrlәr