Fateh Sultan Mehmetin "dünyanın gözü" adlandırdığı Amasra

Bartın sahillərində yerləşən Delikli Şile, Çakraz, Amasra...

2022569
Fateh Sultan Mehmetin "dünyanın gözü" adlandırdığı Amasra

Fateh Sultan Mehmetin "dünyanın gözü" adlandırdığı Amasra

Yeni yerləri görmək, həmin yerlərin tarixi və təbiəti ilə tanış olmaq istəyən "Gezgin" adlı qayığımızın sərnişinləri xoş gördük! Yenə də Bartın sahillərini gəzəcəyik.

Bu gün səyahətimizə bir təbiət möcüzəsindən başlayacağıq. Qara dənizin güclü dalğalarının əmələ gətirdiyi yerə gedirik. Görəcəyimiz yerin adı Delikli Şiledir! Min illər boyu güclü dalğalar sahildəki bu qayaya çırpılaraq ortada bu çuxur əmələ gətirib. Bu yer qədim zamanlardan çox diqqət çəkib və haqqında müxtəlif rəvayətlər var. İndi biz bu təbiət möcüzəsini yaxından görməyə çalışırıq. Ağ köpüklü dalğaların qayaya çırpıldığı və ya gün batdığı anı görmək istəyən fotoşəkil həvəskarlarını, yamac paraşütçülərini və ya Delikli Şiledə dənizin dadını çıxaranları görəcəksiniz.

Buradan Amasranın ən gözəl çimərliyi olan Çakraza keçirik. Çakraz isti havaları sevməyənlərin, izdihamdan uzaq olmaq istəyənlərin üstünlük verdiyi yerdir. Təmiz, firuzəyi mavi dənizi və incə qumları ilə bura sakit və dinc tətil axtaranlar üçün dayanacaq yeridir. Və qədim zamanlardan mühüm liman şəhəri olan Amasraya çox yaxındır. Amasranın tarixi 3000 ildən çox əvvələ gedib çıxır. Təbii limanlarına görə finikiyalılar burada koloniyalar qurur və ticarət fəaliyyəti ilə məşğul olurlar. Strabonun dediyinə görə, kraliça Amastris dörd şəhəri birləşdirərək öz adını daşıyan Amastris şəhərini yaradır. Amasra ən görkəmli dövrünü Kraliça Amastrisin dövründə yaşayır. Daha sonra müxtəlif dövrlərin izlərinin izlənildiyi bir məkana çevrilir.

Roma İmperiyasının müqəddəslərindən biri Amasranı görəndə çox təsirlənir və şəhər üçün “dünyanın gözü” ifadəsini işlədir. Əsrlər sonra şəhərin heyranedici gözəlliyinə heyran qalan Fateh Sultan Mehmetin Amasranı "dünyanın gözü" adlandırdığı deyilir. Gəlin limanda lövbər salaq və bu təsirli şəhəri gəzək.

İndi yuxarıdan şəhəri görə biləcəyimiz Amasra qalasına üz tuturuq. YUNESKO-nun Ümum dünya Mədəniyyət İrsi Siyahısına daxil olan qala Roma dövründən aktiv şəkildə istifadə olunur. Şəhərin iki tərəfini birləşdirən Kemere körpüsü isə Amasraya gələnlərin keçməli olduğu bir su tikintisidir. Körpü Bizans dövründə aid tarixi ilə diqqət çəkir və Ağlayan Ağaca getmək üçün oradan keçmək lazımdır.  Ağaclar da ağlayır, yoxsa onlara niyə bu ad qoyulub? Üç əsrdən çox yaşı olan bu sərv ağacı yazda yığdığı nəmi buraxır, yarpaqlarından, budaqlarından su axır. Ona görə də ona “ağlayan ağac” deyirlər. Bu, əslində təbii bir hadisədir, lakin insanlar bura həm ağacı, həm də küçənin o tayındakı Dovşan adasını görmək və mənzərədən həzz almaq üçün gəlirlər.

Amasradan ayrılmazdan əvvəl sizi Anadoluda yeganə yol abidəsi kimi tanınan Kuşkayası Yol Abidəsilə tanış edək. Quş Qaya Yolu abidəsinə dik və uzun pilləkənlərlə getmək olar, təəssüf ki, başqa variant yoxdur.  Tələsmədən pilləkənləri yavaş-yavaş çıxacağıq, çünki burdan qalxmaq çətindir. İki min ili geridə qoyan bu nəhəng abidə Türkiyenin Roma dövrünə aid ən orijinal abidələrindən biridir. Qaya üzərində oyulmuş abidənin üzərində yazılar, insan və qartal fiqurları var.

Amasra səfərimizi başa vurub "Gezgin" adlanan qayığımıza  minməyin vaxtıdır. Bu gün son dayanacağımız olan Güzelcehisar körfəzinə tərəf üz tuturuq. Şəkil çəkməyə hazırlaşın, çünki çox fərqli mənzərələrin şahidi olacağıq! Baxın, körfəzi əhatə edən nəhəng divar görünməyə başladı! Bu, əslində divar deyil. Bunlar təxminən səksən milyon il olduğu deyilən lava sütunlarıdır. Və dünyanın yalnız bir neçə yerində var. Bartındakı Güzelcehisar Lava Sütunları "Təbiət Abidəsi" elan edilib. Lava sütunları üçün bir baxış terrası var, lakin onları dənizdən izləmək başqa bir vizual ziyafətdir. Qayıqda olmaq imtiyazından həzz alın və dünyamızın səksən milyon ilinin şahidi olan bu abidənin çoxlu fotolarını çəkin.

İndi sahilə yaxınlaşırıq və Gözəlcehisar kəndində Genuya dövründən qalan qalanı görəcəyik. Bir hissəsi təxrib olmayan bu qaladan günəşin yavaş-yavaş batmasını seyr etməklə bu gün səfərimizi yekunlaşdıracağıq.



Әlaqәli Xәbәrlәr