Dırnaqyemə vərdişini necə dayandırmaq olar?

“Dırnaqyemə vərdişini necə dayandırmaq olar?” mövzusunda mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

2016959
Dırnaqyemə vərdişini necə dayandırmaq olar?

Dırnaqyemə vərdişini necə dayandırmaq olar?

 

  Ümumi problem olan dırnaqyemə sadə vərdiş kimi görünsə də, psixoloji səbəbləri olan bir xəstəlikdir.

  Dırnaqyemə xəstəliyində insan dişləri ilə dırnaqlarını kəsir. Bəziləri dırnaqlarını dişləri ilə kəsdikdən sonra yemir, atır, bəziləri isə onu udurlar.

  Dırnaqyemə vərdişi olanlar dırnaq dibinə və ətrafındakı dəriyə zərər verirlər. Bu adamlarda saç çəkmək və dəri yolmaq kimi bədənə yönəlmiş təkrarlanan davranış pozuqluqları da ola bilir.

  Dırnaqyemə xəstəliyinin səbəbləri nələrdir? Dəqiq səbəbi məlum deyil. Dırnaqyemə vərdişində genetik faktorların da rolu var. Bu problemin əsasında insanların yaxın ailə üzvləri xoşagəlməz münasibətləri də durur. Dırnaqyemə vərdişi olan insanlar çox vaxt bunu yaşadıqları gərginlik və narahatlıq hissləri ilə əlaqələndirir.

  Dırnaq yeməyin zərərləri. Bu pis vərdiş barmaq, dırnaq və kəsiklərdə toxumaları zədələyir. Dırnaqların forması pozulur. Ağız zədələri və diş problemləri, dəri infeksiyaları və göbələk xəstəliyinə yol acır. Dırnaqlarını udan adamlarda mədə və bağırsaq infeksiyaları ola bilir. Çünki dırnaqdakı virus və göbələklər ağız boşluğunun selikli qişası ilə birləşərək infeksiya yaradır. Məsələn, dırnaq yeyən insanlarda ziyil infeksiyası çox rast gəlinir.

  Uşaqlarda dırnaqyemə problemi. Dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarında başlayır və yeniyetməlik dövründə artır.

  Dırnaqyemə vərdişindən necə qurtulmaq olar? Düzdür, bir gecədə bu vərdişdən əl çəkmək mümkün deyil, amma az vaxt və səylə dırnaqyemə istəyini cilovlamaq olar.

  Dırnaq yeməyi dayandırmaq üçün bu üsulları sınamaqda fayda var:

• Əvvəla, gün ərzində bu hərəkəti adətən harada etdiyinizə nəzər salın. Davranışınıza potensial olaraq təsir edən və tətikləyən hər hansı cansıxıcılıq, narahatlıq və digər emosionallıqların səbəbini yoxlayın. Sizi dırnaq yeməyə nəyin vadar etdiyini dəqiq bildikdən sonra bu vərdişi və ətrafınızı dəyişdirmək üçün növbəti addımı atın.

• Əgər real vaxt rejimində dırnaqyemə tətiklərinizi izləyirsinizsə, növbəti addım fiziki olaraq dırnaqlarınızı nə qədər dişləmək istədiyinizi qeyd edən dəftər saxlamaqdır. Eyni zamanda yazmaq və dırnaq dişləmək çətindir. Dırnaqyemə vərdişini qeyd etmək bir anlıq dırnaqyemə ritmini pozmaq və davranışınız üzərində düşünməyə gətirib çıxara bilər.

• Dırnaqlarınızı həmişə qısa saxlayın. Qısa dırnaqlar bu vərdişi tərgitməyə kömək edər.

• Apteklərdə reseptsiz satılan şəffaf və pis dadlı lak alıb dırnaqlarınıza çəkin.

• Dırnaqlara müntəzəm qulluq edin. Baxımlı dırnaqları dişləmək hərəkətə keçməyinizə mane ola bilər.

• Dırnaqlarınızı örtün. Əlcək və ya bandaj taxmaq kimi fiziki cəhətdən sizə mane ola biləcək üsulu da sınaqdan çıxara bilərsiniz.

• Azyaşlı uşaqlara təhqiredici cümlələr işlətməyin. Çünki bu, vərdişi tərgitmək yerinə, onu artırar.

• Dırnaqyemə vərdişini daha müsbət bir davranışla əvəz etməyə çalışın. Məsələn, stress topu ilə məşğul olun.

• Sizi dırnaqlarınızı dişləməyə məcbur edən amillərdən qaçmağa çalışın.

• Dırnaqyemə vərdişini psixoloji tərbiyə ilə azaltmaq mümkündür. Məsələn, özünüzə söz verin ki, heç vaxt əlinizin baş barmağını dişləməyəcəksiniz. Buna nail olduqdan sonra eyni şeyi digər barmaq dırnaqlarınıza da tətbiq edə və dırnaqyemə vərdişini aradan qaldırmaq niyyətinə  nail ola bilərsiniz.

• Sadalanan üsulların heç biri kar etməzsə, artıq həkimə getmək və müalicəyə konstruktiv yanaşmaq lazımdır.

 



Әlaqәli Xәbәrlәr