Türkiyə və İsveçin NATO-ya üzvlük məsələsi

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru professor Murat Yeşiltaşın yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə

2005536
Türkiyə və İsveçin NATO-ya üzvlük məsələsi

 

   Rusiyanın Ukraynanı işğal etmək cəhdindən sonra NATO üzvü olmayan və tarixən bitərəf qalan Baltikyanı ölkələr böyük risklə üzləşdi. Rusiyaya coğrafi yaxınlığına görə Finlandiya və İsveç NATO-ya müraciət edərək üzvlük prosesinin sürətləndirilməsini istədilər. Türkiyənin narahatlığını aradan qaldırmağı bacaran Finlandiya üzv olduğu halda, Türkiyə hələ də İsveçdən 1 iyun tarixindən etibarən qüvvəyə minən Terrorla Mübarizə Qanununun tətbiqi ilə bağlı konkret addımların atılmasını gözləyir. İsveçin üzvlüyündən asılı olmayaraq, Türkiyə hər bir beynəlxalq platformada olduğu kimi, beynəlxalq terrorizmlə mübarizəni NATO daxilində də ortaq məqsədlərdən biri etməkdə israrçıdır.      

  Hörmətli dinləyicilər, mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru professor Murat Yeşiltaşın yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə.

  2000-ci illərdən bəri Avropa ilə Rusiya arasında siyasi və iqtisadi təsir toqquşmasının meydanı olan Ukrayna Qərbə yaxınlaşmaq üçün yüksək bədəl ödəməli oldu. İşğaldan əvvəl Rusiya NATO-nun genişlənməsini dayandırması və Ukraynanın bu alyansa qoşulmamasını tələb etmişdi. Rusiyanın Ukraynanın milli suverenliyinə xələl gətirən tələbi boşda qalınca işğal üçün zəmin yarandı. Bu vəziyyət qarşısında NATO-ya daxil olmayan Finlandiya və İsveç kimi ölkələr oxşar təhlükə ilə üzləşməmək üçün alyansa üzvlük üçün müraciət etdilər.

  Rusiyanın Ukraynanı ciddi müqavimət göstərmədən işğaletmə planları bir neçə müxtəlif səbəbdən iflasa uğradı. 2014-cü ildə Krımın işğalından sonra Ukrayna ordusunu xeyli gücləndirdi. ABŞ kəşfiyyatı işğalı qabaqcadan xəbər verdi və Ukrayna Rusiyanın qəfil basqınının qarşısını aldı. Paytaxt Kiyevi və ölkəni tərk etməyi düşünməyən ölkə prezidentri Volodimir Zelenski vəziyyəti idarə etdi. Ordusunun güman ediləndən qat-qat hazırlıqsız və təsirsiz olması Rusiyanın “sürətli uğur” xəyalını qeyri-mümkün etdi. Şərqi Avropa və Baltikyanı ölkələr Rusiyanın hərbi sahədə güclü olmadığını görsələr də, müharibənin xüsusən ilk aylarında onlara sıçraya biləcəyindən narahat oldular.

  Ukrayna müharibəsi kontekstində Finlandiya və İsveçin təhlükəsizlik konsepsiyalarını dəyişməsi və neytral mövqedən əl çəkməsi hər baxımdan tarixi əhəmiyyət kəsb edir. Bu zaman Türkiyə də bir çox NATO ölkəsinin PKK-nın Suriya qolu YPG-yə birbaşa və dolayısı ilə dəstək verməsinin ölkəsinin təhlükəsizliyinə təhdid olduğunu masaya sərdi. NATO sammitlərində həm Suriya, həm də beynəlxalq terrorla mübarizə məsələlərində bu problemi dəfələrlə gündəliyə çıxaran Türkiyə ABŞ və bəzi müttəfiqlərinin xüsusilə YPG-yə dəstəyini məhdudlaşdırmaq və dayandırmaq üçün əlindən gələni etdi.

  Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Sazişin tələblərini tez yerinə yetirən Finlandiya ilə müqayisədə daha yavaş hərəkət edən İsveçə Türkiyənin münasibəti dəyişməyib. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları Türkiyənin iyulda keçiriləcək Vilnüs Sammiti öncəsi bu mövzuda sürətli addımlar atmağa tələsməyəcəyini göstərir.

  Türkiyə NATO-nun genişlənmə üçün açıq qapı siyasətini dəstəkləyir. Bu baxımdan nə Gürcüstan, nə də Ukraynanın üzvlüyünə etiraz etmədi. Amma regional münaqişələrdən narahat olan Türkiyə İsveçin eqoistcəsinə öz demokratik dəyərlərini qorumaq üçün digər ölkələrin milli təhlükəsizlik qayğılarına məhəl qoymamasına etiraz bildirir. Bu münasibət təkcə İsveçə aid deyil, ABŞ, Almaniya, Fransa kimi ölkələr də bəzən Türkiyənin terrorla bağlı narahatlığını qulaqardına vururlar. Ona görə də NATO-nun qlobal səviyyədə özünü yeniləməyə çalışdığı bir zamanda Türkiyənin terroru əsas gündəlik maddələrindən birinə çevirməyə çalışması tamamilə qanuni və ağlabatan bir siyasətdir. İsveçin bu məsələdə həssaslıq göstərməməsi NATO-nun gözlənilən genişlənmə prosesinə təsir edir. Halbuki NATO-nun İsveçi üzv olaraq qəbul etməsi ancaq Türkiyənin razılığı ilə mümkündür.



Әlaqәli Xәbәrlәr