Dalyan-Köyceğiz laqun sistemi və Kaunos

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Muğla rayonunun Dalyan qəsəbəsindəki təbiət möcüzələrindən, antik Kaunas şəhərindən, duzundan, nadir tısbağalarından, qaya sərdabələrindən danışırıq

1877043
Dalyan-Köyceğiz laqun sistemi və Kaunos
Köyceğiz_Dalyan_laqun.jpeg
Köyceğiz_Dalyan_laqun_.jpg
Dalyan qaya məzarları.jpg
Dalyan Köyceğiz_bataqlıq.JPG
Dalyan_Caretta tısbağası.jpg

 

  Gənc qız təmizliyini itirməmək üçün dəfnə ağacına çevrilir. Gözəlliyinə aşiq olan nərgiz çiçəyi kimi həyatına davam edir. Onun imkansız sevgisi üçün tökdüyü göz yaşlarından laqun yaranır. (Laqun okeandan və ya dənizdən mərcan rifləri ilə ay­rıl­mış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su höv­zəsidir.) Yunan mifologiyasında bitkilərin və təbiət hadisələrinin necə meydana gəldiyinə dair çoxlu əfsanələrdən, rəvayətlərdən biridir bu.

  Milet padşahının Kaunos adlı bir oğlu, Biblis (Byblis) adlı bir qızı varmış. Onlar bir-birini çox sevirmiş. Bu sevginin günaha çevriləcəyindən qorxan Kaunos ölkəni tərk edir, bacı hündür bir təpəyə çıxıb ağlamağa başlayır. Ağlamaqdan göz yaşı quruyunca özünü təpədən aşağı atır. Yunan mifologiyasına görə, Dalyandakı laqun Biblisin tökdüyü göz yaşlarından əmələ gəlib.

  Qardaşı Kaunos getdiyi yerdə öz adı ilə bir şəhər qurur. Mifoloji rəvayətdə adı keçən bu şəhər Aralıq dənizi sahilində yerləşən antik Kaunos şəhəridir ki, bu gün Türkiyənin Muğla rayonunun Dalyan qəsəbəsində qərar tutur.

  Kaunos bir körfəz sahilində salınıb. Lakin zaman keçdikcə Dalyan çayının daşıdığı allüviyalar körfəzin ağzını doldurub və şəhəri dənizdən ayırıb. Köyceğiz-Dalyan laqun sistemi əslində belə yaranıb. Buradakı laqunlar dünyanın 7 ən mürəkkəb laqun sistemindən biri hesab olunur.

  Köyceğiz gölü ilə Aralıq dənizi arasındakı bu ərazi xüsusi bir coğrafiyadır. Dənizlə gölün bir-birinə qarışdığı laqun qamışla örtülmüş kanallardan ibarətdir. Bu laqunlar labirintə bənzəyən, təsiredici mənzərəsi olan, bir çox canlı növünə ev sahibliyi edən, ekosistemi möhtəşəm bir yerdir.

  Dənizlə gölün qovşağında yerləşən Dalyanın İztuzu çimərliyi isə nəsli kəsilməkdə olan “Caretta” tısbağalarının yaşayış və çoxalma sahəsidir. Burada zədələnmiş dəniz tısbağalarının müalicəsi və mühafizəsi üçün də mərkəz yaradılıb. Türkiyənin ilk və yeganə Dəniz Tısbağaları Araşdırma və Reabilitasiya Mərkəzi buradadır. Könüllülüyə əsaslanan mərkəzdə həm də müxtəlif elmi tədqiqat layihələri həyata keçirilir.

  Dalyan təkcə xüsusi laqun sistemi və “Caretta” tısbağaları ilə deyil, həm də antik Kaunos şəhəri qayalıqlarındakı məzarları ilə məşhur bir yerdir. UNESCO-nun Ümumdünya Mirası Siyahısında yer alan Kaunosun şəhər darvazaları arasındakı teatr, stoa, aqora, hamam xarabalıqları bir zamanlar bu şəhərin böyük və əhəmiyyətli olduğunu ortaya qoyur.

  Qayalarda oyulmuş möhtəşəm sərdabələr insanları başqa bir dünyaya aparır. Kaunos kralları tanrılara yaxın olmaq üçün məzarları hündür və sıldırım qayalıqlarda qazdırıblar. Likiya qaya məzarlarına bənzəsə də, arxeoloqlar onların Kaunos üçün unikal olduğunu bildirirlər.

  2400 illik bu qəbirlərə quru yolu ilə getmək mümkün deyil. Ora ancaq qayıqlarla mümkündür. Sahilə çatdıqdan sonra məzarları yaxından görmək üçün bir kilometrlik çətin yolu dırmaşmaq lazımdır, lakin məzarlara girmək qadağandır. Bu səbəbdən çoxu dənizdən məzarların Ellinist məbədi xatırladan fasadlarına baxmaqla kifayətlənir. Ağacların yaşıllığının dənizin mavisində əks olunduğu bu yerdən məzarlıq və türbələri görmək qəribə hisslər bağışlayır adama.

  Dalyan o qədər möhtəşəm bir coğrafiyadır ki, hər yerindən bir sürpriz çıxır qarşına. Burada məşhur Kaunos duzu da var ki, qədim zamanlardan, Türkiyədə isə 1999-cu ildən göz məlhəmlərinin hazırlanmasında istifadə edilir.

  Dalyan həm də dünyaşöhrətli palçıq vannaları ilə tanınır. Tərkibində yüksək miqdarda mineral olan palçıq revmatizm və dəri xəstəliklərinə faydalı gəlir, qırışları azaltmağa kömək olur. Buna görə də palçıq vannalarına hər il minlərlə adam gəlir.

  Dənizlə gölün harmoniyasında olan Dalyan Köyceğiz laqun sisteminə yuxarıdan baxanda bəziləri onu krujevaya, bəziləri təsadüfi çəkilmiş əyri xətlərə, bəziləri labirintə bənzədir. Dənizdən gələn yodun qoxusu əncir və şam ağaclarının xoş iylərilə qarışaraq insanı təbiətin sehrinə valeh edir.



Әlaqәli Xәbәrlәr