​​​​​​​Anadoludakı Cənnət və Cəhənnəm

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Mersin rayonunun Silifke qəsəbəsində yerləşən Cənnət və Cəhənnəm mağaralarından və Qız qalası ilə məşhur Korikos (Korykos) antik şəhərindən danışırıq

1871313
​​​​​​​Anadoludakı Cənnət və Cəhənnəm

Anadoluda Cənnət və Cəhənnəm

 

  Ölümdən sonra həyat varmı? Bu, insanların əksəriyyətini uzun zamandır narahat edən sualdır. Çatalhöyükdəki 9000 illik məzarlar bu sualın cavablarından biridir.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Mersin rayonunun Silifke qəsəbəsində yerləşən, görənləri həm heyran edən, həm qorxudan, Anadolu torpaqlarındakı Cənnət və Cəhənnəmdən, daha doğrusu mağaralarından və Mersinin Ərdəmli qəsəbəsindəki Qız qalası ilə məşhur Korikos (Korykos) antik şəhərindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

  Mərhum köçdüyü yeni dünyasında qəriblik hiss etməsin deyə gündəlik əşyaları yanında məzara qoyulub Çatalhöyükdə. Anadolu coğrafiyasında bir çox nümunəsini gördüyümüz qaya məzarları və öz əşyaları ilə birlikdə dəfn edilənlərin türbələri əslində ölümdən sonra həyatın olduğuna inancın əksidir.

  Antik dövrün məşhur filosofu Platon özündən sonrakı mütəfəkkir və alimlərə, hətta səmavi dinlərə təsir edəcək ruhun ölməzliyi nəzəriyyəsini irəli sürüb, “ruh bədəndən əvvəl var idi və sonra da mövcud olacaqdır” deyə. Təkallahlı dinlərin də qəbul etdiyi ruhun ölməzliyi fikri cənnət və cəhənnəm anlayışlarını yaradıb. Yer üzündə yaxşı, namuslu və imanlı insan olaraq yaşayanların cənnətə, əksi olanların isə cəhənnəmə gedəcəyinə inanılır. Ümumiyyətlə, bütün din və inanclarda ölümdən sonra həyat və buna uyğun da mükafat və cəza mexanizmi var. Bir çox mədəniyyətlərdə ölüm hətta yeni başlanğıc hesab edilir. Ona görə də qədim türklərdə xaqan, Misirdə isə firon qiymətli əşyaları ilə birlikdə dəfn olunub.

  “İlahi komediya” dünya ədəbiyyatı tarixində ən mühüm klassik əsərlərdən biri hesab olunur. Bəzi tənqidçilər onu elmi-fantastik trilogiya adlandırsalar da, bu əsər ölümdən sonrakı həyatı vizuallaşdırmağa kömək edir. İtaliya şairi və siyasətçisi Dante “İlahi komediya”da cənnəti və cəhənnəmi göstərib. Dante cəhənnəmi bir-birinə bağlı olan doqquz dairədən ibarət bir çuxur kimi təsvir edib. Hər çevrədə fərqli günah işlədənlər cəzalandırılır, aşağı düşdükcə cəza daha da ağırlaşır. Dante verilən cəzaları, əzabları çox təsirli şəkildə qələmə alıb. Cənnət isə bir-birinə bağlı olan doqquz səma səviyyəsindən ibarətdir və işıqlıdır. Allaha yaxınlaşdıqca işıq artır. Cənnətin hər mərtəbəsində dinc ruhlar var. Hər şey harmoniya təşkil edir Dantenin yazdıqlarında.

  Cənnət həm xristianlıqda, həm də İslamda bir əlaqə, bir bağ kimi müəyyən edilib. Cənnət yaşıllıqlar arasında, çayların axdığı geniş və dinc yerdir. Cəhənnəm isə qaranlıq, pis məxluqlar və sönməz odlar yeri kimi təyin olunub. Mədəniyyətdən mədəniyyətə, inancdan inanca Cənnət və Cəhənnəmin təsvirləri fərqlidir.

  Qara və dibsiz bir çuxura bənzəyən Cənnət və Cəhənnəm mağaraları Mersinin Silifke səmtində yamyaşıl bir vadidə yerləşir. Cənnət mağarasının ağzı az qala 5 futbol meydançası boyda, Cəhənnəmkinin isə eni təxminən bir yarım futbol sahəsi qədərdir. Bu mağaralar milyonlarla il əvvəl meydana gələn çuxurlardır. Yeraltı suların oyması nəticəsində mağaraların tavanları uçub və nəticədə təbii formasiyalar əmələ gəlib.

  Cənnət mağarası yerə 450 pillə qədər enən, quş səsləri və axar suyun şırıltısı eşidilən geniş və yaşıl bir çuxurdur. Müasir dövrdə mağarada əlillər və qocalar nəzərə alınaraq lift qoyulub.

  Mağaranın döşəməyə yaxın hissəsində bir kilsə var. Xristianlığın qadağan olunduğu dövrlərdə möminlər gizlicə Cənnət mağarasına gəlib, ibadət ediblər. Daha sonra burada Bakirə Məryəm kilsəsi tikilib. Burada antik dövrlərə aid Zevs məbədinin xarabalıqları üzərində tikilən kilsə də var. 

  Cəhənnəm mağarasına gəlincə, bura alpinizm avadanlığı olmadan enməsi mümkün olmayan qaranlıq və dibsiz qorxunc bir çuxurdur. Aşağı düşə bilməsəniz belə, şüşəli müşahidə terrası ilə Cəhənnəm çuxurunun içini görə bilərsiniz. Təbii ki, sizdə hündürlük qorxusu yoxdursa.

  Cəhənnəm mağarasının bir tərəfində dayanıb o biri tərəfinə daş atanların cənnətə gedəcəyi inancı geniş yayılıb. Ona görə cənnətə getmək ümidi ilə burada daş atanların da sayı az deyil.

  Yerin metrlər altındakı bu çuxurlar bəlkə də insanların təsvir etdikləri ölümdən sonrakı həyat - cənnət və cəhənnəmin doğrudan da əksidir?

  Cənnət və Cəhənnəm mağaralarına ev sahibliyi edən Mersinin indi də Ərdəmli (Erdemli) səmtindəki Korikos (Korykos) antik şəhərindən bəhs edək. İnsanların yüz illərdir məskunlaşdığı yerlərdən biri olan Korikos Hetlərdən başlayaraq hər dövrdə Aralıq dənizinin mühüm liman şəhərlərindən biri olub. Bölgədə başqa nümunəsi olmayan quru və dəniz qalasından ibarət ikili müdafiə sistemi ilə təhlükəsiz şəhərdir. Kiçik bir adada tikilmiş Qız qalası Korikosun ən məşhur tikilisidir. Qüllələri və divarları ilə qumlu qalaya bənzəyir. Dənizin ortasında, sahildən çox da uzaq olmayan bu qalaya müxtəlif dəniz nəqliyyat vasitələri ilə, hətta üzməklə çatmaq mümkündür.

  Kilsəsi, sarkofaqı, sarnıçları və su kəməri ilə qədim Kilikiyanın ən yaxşı qorunan şəhərlərindən biri olan Korikos UNESCO-nun Dünya Müvəqqəti İrsi Siyahısında yer alır.



Әlaqәli Xәbәrlәr