Anadolunun ən qədim yaşayış məskənlərindən biri - Harput antik şəhəri

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında sizə Türkiyənin ərazisində yerləşən, Elazığ rayonunda qərar tutan qədim Harput şəhərindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm

1847794
Anadolunun ən qədim yaşayış məskənlərindən biri - Harput antik şəhəri
Harput_02.jpg

Anadolunun ən qədim yaşayış məskənlərindən biri - Harput antik şəhəri

 

  Minlərlə illik tarixi olan Anadolu mədəniyyətlərin cücərdiyi bir coğrafiyadır. Adamları hər an təəccübləndirən, əvvəllər bilinməyən şeylərin ortaya çıxdığı, yaşanan ilklərlə dünyaya öncülük edən bir məkandır Anadolu. İnsanların Yer üzündə görünməyə başladığı tarixi dövrlərin demək olar ki, hamısında Anadolunun adı çəkilir. Bu torpaqlarda insan əcdadının dulusçuluq etməyə başladığı Neolit ​​dövrünə və ondan sonrakı Xalkolit dövrünə aid çoxlu yaşayış məskənləri mövcuddur. Bunların hər biri bəşər tarixində mühüm hadisələrin baş verdiyi yerlərdir.

  Xalkolit dövrü daş və metal dövrü də adlanır, lakin daha çox Mis dövrü kimi tanınır. Anadolu torpaqlarında Mis dövrünə aid mühüm yaşayış məskənlərinin başlanğıcında Fərat çayı hövzəsi dayanır.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə belə qədim yaşayış məskənlərdən biri olan, Mis dövründən başlayaraq davamlı inkişaf edən, Mesopotamiya sivilizasiyası, mahiyyəti və əsasını təşkil edən, Türkiyənin ərazisində yerləşən, Elazığ rayonunda qərar tutan qədim Harput şəhərindən danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

  Mis dövrü metalın daşın yerini tutduğu, yəni metaldan, xüsusilə misdən istifadənin geniş vüsət aldığı, tökmə texnikasının öyrənildiyi mühüm bir dövrdür. Əslində bəşəriyyətin sonrakı dövrlərinə də dərindən təsir edəcək, qarşıdurmalara, müharibələrə səbəb olacaq siniflərə ayrılma da məhz bu dövrdə başlayır. Eyni zamanda, insanlar tam oturaq nizama keçir, irili-xırdalı yaşayış məntəqələrinin sayı artır bu dövrdə. Kəndlərin kiçik şəhərlərə çevrilməsi, yeni idarəetmə üsullarının yaranması, sənətkarların müxtəlif sahələrdə ixtisaslaşması da bu dövrə təsadüf edir. Bu gün Türkiyənin şərq və cənub-şərq bölgələrindəki yaşayış məntəqələrinin əksəriyyəti Mis dövründə Mesopotamiya sivilizasiyasının özəyini təşkil edən mədəniyyətləri əks etdirir.

  İqtisadiyyatın və ticarətin inkişafı ilə əlaqədar Fərat çayı sahillərində çoxlu yaşayış məntəqələri yaranıb. Elazığdakı Harput antik şəhəri də onlardan biridir. Həm antik, həm orta əsr şəhəri kimi tanınan Harputda aparılan qazıntılara görə, buradakı ilk yaşayış məskəni bəşər tarixinin ən uzun dövrünü təşkil edən Paleolit ​​və Qədim Daş dövrünə aiddir.

  Harputun su ehtiyatları və mədənlərlə zəngin olması şəhəri vazkeçilməz edib. Mis mədənlərinə yaxınlığı onu o dövrdə cazibə mərkəzinə çevirib. Çıxarılan xam mis Harput və ətrafının mərkəzlərində emal edilərək bıçaq, balta, iynə və s. düzəldilib. Bu mallar artdıqca qonşu ölkələrlə ticarəti başlayıb. Suriya, Mesopotamiya və Orta Anadolu ilə əlaqələr quraraq Harput sosial, iqtisadi və mədəni baxımdan canlanıb. Harput Urartu, Roma, Bizans və Osmanlı dövrlərində də fərqli mədəniyyətlərin bir arada yaşadığı böyük bir şəhər olub.

  Qədim dövrlərdə uyğun qayalıqlar üzərində və sığınacaqlı tikilmiş Harput “Daş qala” mənasını verir. Adının qaynağı olan Harput qalası bu gün turistlərin diqqət mərkəzindədir. Urartular dövründə tikilmiş qala müxtəlif dövrlərdə təmir edilərək bu günə qədər gəlib-çıxıb. Qala içərisində və ətrafında aparılan qazıntılar zamanı zindan, su quyusu, taxıl anbarı, zərbxana, məscid və emalatxanalar tapılıb. Rəvayətə görə, qalanın tikintisi zamanı quraqlıq olub. Ustalar məhlul üçün su tapa bilmədikləri üçün süd və yumurtanın ağını əhənglə qarışdıraraq məhlul hazırlamış və qalanı tikmişlər. Buna görə də Harput qalası bu gün xalq arasında həm də “Süd qalası” kimi tanınır.

  Harputda bu qala qədər diqqət çəkən başqa bir tikili də var ki, adı Ulu Camedir. O, Anadoludakı ən qədim türk məscidlərindən biridir. Diqqəti çəkən sadəcə bu səbəb deyil. Böyük məscidin minarəsi İtaliyadakı Piza qülləsi kimi əyilmiş vəziyyətdədir. Bəziləri minarənin qəsdən əyri tikildiyini, bəziləri isə bunun zəlzələ nəticəsində baş verdiyini deyir.

  Anadolunun ən qədim kilsələrindən biri olan, Qırmızı kilsə adı ilə tanınan Məryəm Ana kilsəsi də antik Harput şəhərindədir. Əvvəllər məbəd olaraq bütpərəstlər tərəfindən tikilib istifadə edilən bu din ocağı sonralar assuriyalılar tərəfindən kilsəyə çevrilib. Bu günədək gəlib çatmış Məryəm Ana kilsəsi bu diyarın ən mühüm qədim kilsələrindən biri hesab olunur.

  Harput bütün tikililəri ilə açıq səma altında bir muzeydir bu gün. Minlərlə illik tarixi ilə bir çox sivilizasiyanın izlərini daşıyan qədim şəhər UNESCO-nun Mədəni İrs Siyahısındadır.

  Antik Harput şəhərində qalanın ətrafında aparılan qazıntılar zamanı nadir daş artefakt da aşkar edilib. Mütəxəssislər tinglərin əkilməsi zamanı təsadüfən tapılan bu əsərin Anadoluda analoqunun olmadığını bildirirlər. Bu əsər sayəsində Harputun məlum tarixi min il əvvələ gedib çıxır. Harput relyefi olan bu tapıntının çəkisi təxminən 4 tondur və kiçik bir otağın döşəməsini tutacaq qədər böyükdür. Relyefdə əsgər və döyüşçülərin nərdivanlarla divarlara dırmaşdığı bir qala mühasirəsi çox detallı və incə işlənmə ilə təsvir edilib. Harput relyefində mifoloji ilahə fiqurundan tutmuş kral və kraliçanın başındakı taclara qədər dəqiqlik nəzəri cəlb edir. Dörd min il əvvəlki sənətkarların hansı texnika əsasında bunu bacardıqları insanı düşündürür.

  İnsan varlığı inkişaf edərək, irəli doğru addımlayaraq, Mis dövründən başlayan istehsalatda ixtisaslaşaraq, daimi yaşayış məntəqələri quraraq təsərrüfat və ticarətin əsaslarını qoyub.



Әlaqәli Xәbәrlәr