UNESCO-ya daxil edilən ilk məscid və Osmanlı memarlığının zirvəsi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Osmanlı imperatorluğunun paytaxtlarından biri olmuş Ədirnə və UNESCO-nun mədəniyyət mirası siyahısına daxil edilən ilk məscid - Səlimiyə və kompleksindən danışırıq

1821924
UNESCO-ya daxil edilən ilk məscid və Osmanlı memarlığının zirvəsi

 

  Anadolu tarixin ən erkən mərhələlərindən müharibələr, mədəniyyətlər və barışlar coğrafiyası olub. Bura fərqli dil və dinlərin ortaq hekayələrinin qovuşduğu bir məkandır. Bəzi əhvalatlar yerin altında yatır, hələ gün üzünə çıxmayıb, bəziləri isə bayatılar, laylalar, balladalar, dastanlar, rəvayətlərlə keçmişin izlərini anladırlar.

  Hadisələr əsasən dövlətlərin mərkəzi şəhərlərində baş verir. Hetlərdən Urartulara, Bizanslılardan Osmanlılara qədər bütün bu ərazdəki dövlətlərin hamısı paytaxtlarına xüsusi əhəmiyyət verib.

  Paytaxtlar dövlətlərin qüdrətini göstərmək üçün nadir memarlıq əsərləri ilə təchiz olunan şəhərlərdir. Biz bu ölkələri, imperiyaları, mədəniyyətləri paytaxtları vasitəsilə təsvir edir, anlamağa çalışırıq.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə 623 il hökmranlıq etmiş Osmanlı imperatorluğunun paytaxtlarından biri olmuş Ədirnə və burada ucaldılmış, ölçüləri və estetik dəyəri ilə insan dühasının şah əsəri kimi səciyyələndirilən möhtəşəm memarlıq əsəri, UNESCO-nun mədəniyyət mirası siyahısına daxil edilən ilk məscid - Səlimiyə və kompleksindən danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.

  Antik dövrdən başlayaraq hər zaman insanlar Ədirnəni özlərinə yaşayış məskəni seçiblər. Əsas səbəb yəqin ki, buradakı Meriç və Tunca çaylarının varlığı ilə bağlıdır.

  Roma imperatorluğu dövründə hökmdar Hadrianus Ədirnənin strateji əhəmiyyətini anlayaraq ona “Hadrian şəhəri” mənasını verən Hadrianapolis adını verib. Bu ad osmanlılar şəhəri fəth etdikdən sonra dəyişərək Ədirnə olub. Avropaya fəthlərin mühüm başlanğıc nöqtəsi hesab edildiyi üçün Osmanlı dövlətinin paytaxtı buraya köçürüldü və İstanbul alınana qədər 84 il Osmanlı imperatorluğunun paytaxtı olmaq şərəfini daşıyıb.

  Ədirnədə paytaxta uyğun olaraq mehmanxanalar, hamamlar, körpülər, mədrəsələr və məscidlər tikilib. Osmanlı mədəniyyəti və memarlığı şəhərin hər yerində əks olunur. Yüz illər sonra İstanbul paytaxt olsa da, Ədirnə öz böyük şəhər əhəmiyyətini qoruyur.

  Sultan II Səlim Kipri aldıqdan sonra Ədirnədə məscid tikdirmək istədi və bu işi Memar Sinana tapşırdı. Təkcə bu diyarın deyil, dünya memarlıq tarixinin ən məşhur simalarından biri olan Memar Sinana. O, əsərlərində estetika və texnika ustalıqla harmonlaşdıran bir dahi idi. Memar Sinan mühəndislik və memarlıq qabiliyyəti ilə öz dövründən irəli getmiş bir şəxsiyyət idi. Əsərləri arasında Ədirnədəki Səlimiyə məscidi kompleksi xüsusi yer tutur ki, özü onu “mənim şah əsərim” adlandırıb. Memar Sinan Səlimiyə məscidində öz bütün memarlıq təcrübəsinin incəliklərini sənətinin qüdrəti ilə ortaya qoyub.

  Mütəxəssislərin fikrincə, Səlimiyə məscidi Osmanlı memarlığının zirvəsidir. UNESCO ilk dəfə olaraq bir məscidi Ümumdünya İrs Siyahısına daxil edib, çünki o, özünəməxsus keyfiyyətlərə malik şah əsərdir və onda bir neçə əlamətdar dövr əks olunur.

  Ədirnəyə girərkən iki minarəsi ilə Səlimiyə silueti görünür. Memar Sinan məscidi hər yerdən görünməsi üçün şəhərə baxan bir təpədə yerləşdirib. Ona yaxınlaşdıqca Səlimiyə monumental görünüşü və bənzərsiz memarlığı ilə bütün əzəmətini ortaya qoyur. Möhtəşəm günbəzi, dörd zərif minarəsi, mədrəsələri, kitabxanası və bazarı olan Səlimiyə məscidi kompleksin mərkəzində yerləşir.

  Səlimiyəni digər məscidlərdən fərqləndirən ən mühüm xüsusiyyət onun günbəzidir. Çünki heç bir memarlıq elementinin dəstəyi olmadan tikilmiş çox böyük günbəzdir bu. Texniki cəhətdən belə böyük bucaqları tək günbəzlə örtmək çox çətindir. Memarlıq tarixində bir binanın bütün daxili və xarici məkanının tək bir günbəzlə örtülməsi nadir işlərdəndir. Bunun Roma dövründəki Panteon, Bizans zamanındakı Ayasofya, 13-cü əsrdə tikilən Florensiya katedralı və Osmanlı vaxtındakı Səlimiyə məscidindən başqa nümunələri yoxdur.

  Ayasofya Şərqi Romanın paytaxtı olan İstanbulun ən möhtəşəm və əhəmiyyətli abidələrindən biridir. Dini mənasından başqa, günbəzinin böyüklüyü ilə məşhurdur. Memar Sinan Ayasofyadan təsirlənmiş və onun günbəzindən daha böyüyünü düzəltməyi düşünmüşdü. O, bu arzusunu Səlimiyə məscidində həyata keçirir. 43 metr hündürlüyü və 32 metr diametrli günbəzi ilə Sinan Ayasofyanı keçərək Səlimiyə məscidi kimi monumental bir əsər yaradır. Dövrün texniki biliklərini nəzərə alsaq, memar Sinan mümkün olmayanı bacarmış, zamanından çox irəli getmişdi.

  Səlimiyənin günbəzini xaricdən minarələr tamamlayır. Qübbənin hər yerindən zərif şəkildə səmaya yüksələn minarələr dünyanın ikinci ən hündür minarələridir. 85 metr hündürlüyündəki minarələrin digər bir xüsusiyyəti Memar Sinan dühasının göründüyü başqa bir məqamı olan, bir-biri ilə üst-üstə düşmədən ayrı-ayrı eyvanlara çıxan üç pilləkəninin olmasıdır.

  Səlimiyənin nəhəng günbəzinin təsiri məscidin içərisində daha çox hiss edilir. Məscidin içi sütunlara bölünmədiyi üçün böyük və genişdir, camaat tək bir yerə toplana bilir. Onun insanlar üzərindəki təsirini və doğurduğu duyğuları sözlə təsvir etmək mümkün deyil. Bunu hiss etmək üçün orada lazımdır.

  Memar Sinan Səlimiyə kimi iri miqyaslı binanı kifayət qədər işıqlandırmaq üçün məscidin divarlarına və günbəzinə yüzlərlə kiçik pəncərə qoyub.

  Daxili bəzəkləri də memarlığı qədər heyranedici olan Səlimiyə məscidinin interyeri ağacdan, sədəfdən, mərmərdən incə işləmənin ən gözəl nümunələri və kaşı motivləri ilə fərqli vizual ziyafət verir. Minbər və onun mehrabı mərmər sənətinin şah əsərlərindəndir.

  Səlimiyə məscidini xüsusi edən başqa bir detal da fasadındakı quş evləridir. Elə möhtəşəm və nəfis bir daş işi var ki burada, onu quş evi deyil, “sərçə sarayı” adlandırırlar. İnsan da quş olub bu saraylarda yaşamaq istər.

  Səlimiyə məscidi və kompleksi Ədirnə ilə bütünləşən və şəhərin qarşısında dayanan möhtəşəm bir abidədir. Texniki mükəmməlliyi sayəsində zəlzələ və təbii fəlakətlərdən də təsirlənmir, illərə meydan oxuyur.  

  Tək günbəz Allahın bir olduğu, dörd minarə dörd xəlifə, beş mərtəbəli pəncərə İslamın şərtləri, dörd kürsü dörd məzhəbi rəmzləşdirir. Böyük ustad Memar Sinanın mühəndislik fantaziyası o qədər güclüydü ki, onun dizaynının təfərrüatlarına bu gözəl düşüncələri yerləşdirməsi təəccüblü deyil. Bəlkə o nəhəng günbəz də səmanı təmsil edir ki, bütün insanlar onun altına toplaşır.



Әlaqәli Xәbәrlәr