Dünyanın ilk fantastik yazıçısı

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolu torpaqlarında yazıb-yaratmış ilk fantastik əsərlər müəllifi Samsatlı, yəni Adıyamanlı Lukianosdan (Lucianos) danışacağıq, mətni Neslihan Değirmencioğlu hazırlayıb

1810951
Dünyanın ilk fantastik yazıçısı

 

  Qeyri-adi zamanlar, yerlər və qəhrəmanlar. Bir-birindən və bildiklərimizdən fərqli canlıların olduğu bir dünya və bu aləmdə ağlımıza gəlməyən maraqlı hadisələr. Rəngi, qoxusu, böyüklüyü və ya kiçikliyi ilə təəccübləndirən yaşadığımız Yer kürəsi, həm də ondan çox uzaqlarda sehirli bir kainat.

  Fantastik romanlar oxucularına tamamilə müxtəlif dünyaların qapılarını açır, yaradıcı xəyal gücünün möhtəşəmliyini ortaya qoyur. Çoxlu fanatları olan bu əsərlərlə oxucular müəllifin təxəyyülü ilə rəngarəng aləmlərə düşürlər. Bu janrla maraqlananlar, təbii ki, yazıçılarını da tanıyır. Bəs dünyanın ilk fantastik yazıçısının kim olduğunu necə? Yox, o, Jül Vern (Jules Verne) deyil, Tomas Mor (Thomas More) da.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolu torpaqlarında yaşamış, yazıb-yaratmış ilk fantastik əsərlər müəllifi Samsatlı, yəni Adıyamanlı Lukianosdan (Lucianos) danışırıq. 

  “Fantastik” sözü “xəyal” sözü əsasında yaranıb. Görünür buna görədir ki, özündə qeyri-adi və qeyri-real sonsuz dünyalar və qəhrəmanlar var: dəniz, səma, kosmosa səyahətlər, nəhənglər, cırtdanlar, vampirlər və daha nələr. Bəzən qeyri-mümkün və mövcud olmayan dünyaların qapıları fantastik əsərlərlə açılır. Təxminən 19 yüz il əvvəl bu qapını oxucularına ilk açan Samsatlı Lukianos olub. Anadolu torpaqlarında şübhəsiz, ondan əvvəl də əfsanələr, rəvayətlər, dastanlar, maraqlı hekayələr dildən dilə gəzirdi. Hindlilərin və Şumerlərin də bu yerlərlə bağlı çoxlu rəvayətləri var. Amma bütün bunlar öz əksini sonradan yazıya köçürülən şifahi xalq ədəbiyyatında tapır. Lukianos isə ilk dəfə olaraq sehirli hekayələrin yazılı ədəbiyyatını yaratdı, həm öz dövründə, həm də sonrakı nəsillər üçün bir fantastika cığırı açdı.

  Bu gün Türkiyənin Adıyaman rayonunda yerləşən Samsatda anadan olub Lukianos. Tarix, ədəbiyyat və fəlsəfəni öyrənib, Homer və Platon kimi antik dövrün görkəmli şəxsiyyətlərinin əsərlərini oxuyub. O, avtoritar hakimiyyətə və xurafata qarşı çıxır, insanları həqiqət və faktlara inanmağa çağırırdı. Lukianos antik yunan mədəniyyətinin ayrılmaz hissəsi olan mifoloji elementləri və fövqəltəbii hadisələri özündə ehtiva edən tarixşünaslığı tənqid edirdi, "Tarixçinin yeganə vəzifəsi hadisələri olduğu kimi yazmaqdır" deyirdi. Tarixi hadisələrdən bəhs edərkən mübaliğə, tərif və satiradan istifadəni tənqid edir, tarixin qərəzsiz çatdırılmasının lazım olduğunu bildirirdi. Buna görə öz dövründə çox da sevilmirdi. Sonradan isə onu “dövrün Volteri” və “unikal şəxsiyyət” adlandırdılar.

  Lukianosa ilk fantastik yazıçı adını qazandıran "Əsl hekayə" adlı əsərdir. Aya səyahətdən bəhs edən bu hekayədə Lukianosun məqsədi sürreal hadisələrin səyahət yazılarını tənqid etmək idi. Ancaq yazdığı bu kitabla o, fantastik nəsr ənənəsinin əsasını qoydu. Bu, tanrıların və sehrbazların iştirak etmədiyi, sadəcə qeyri-mümkün bir işi yerinə yetirməyə çalışan adi insanların olduğu ilk hekayə idi.

  "Mən sizə xəbərdarlıq edirəm: indiyə qədər eşitdiyiniz yalanların ən böyüyünü söyləyəcəyəm və bütün kitabda yeganə doğru olan bu sözlərdir" deyə başlayıb Lukianos ilk cümlələrini bu əsərdə və dövrünün tarixçi və yazıçılarına sanki söz atıb.

  Olimpiadada iştirak edən 50 idmançıdan ibarət ekipajın macəralarından bəhs edir “Əsl hekayə”. Ekipaj okeanların sahillərinə çatmaq və o biri tərəfdəki sakinləri görmək üçün gəmi ilə üzür. Səyahət yaxşı başlayır, lakin ikinci gün hava pozulur. Təxminən 3 ay fırtına ilə mücadiləli səyahətdən sonra səmaya düşürlər. Onlar sferik, parlaq adaya bənzəyən yerdədirlər. Aşağı - Yerə baxanda Ayda olduqlarını anlayırlar.

  Lukianos elmi-fantastik hekayə və romanlarında əvəzolunmaz elementləri təsvir edib ki, bunlar hələ yüz illər sonra kəşf olunacaqdı. Onun xəyal dünyasında Ayda insanlar da yaşayır, qəribə, çirkin və qorxulu canlılar da var. On iki fil boyda nəhəng birələr, torları ilə keçidləri bağlayan böyük hörümçəklər, yekə kələm qanadlı toyuqlar, ağcaqanad və qarğa atlıları və sair və ilaxır.

  Əsərin davamı Ayla Günəşin müharibəsidir. Macəra həvəskarları müharibədən sonra səmanı tərk edərək mifologiyanın məşhur cənnəti olan “mübarək ada”ya gəlirlər. Lukianos yenə buranı əvvəllər heç vaxt deyilməmiş elementlərlə təsvir edir: bütün şəhər qızıldan, divarları zümrüddən, səkiləri fil sümüyündəndir. Sübhü açılan, ancaq gündüz və gecəsi olmayan bu şəhərdə heç kim qocalmır. Şəhərdə gül suyu çayı axır. Ümumiyyətlə, burada zaman tamam başqa şəkildə keçir.

  Yazıldığı dövrə görə son dərəcə maraqlı olan əsər dünyaşöhrətli fransız yazıçısı Jül Vernin çox sevilən “Aya səyahət” romanına ilham qaynağı olub. Təkcə bu deyil, kitabdakı planetlərarası döyüşlər də kinematoqrafiyanın indiyədək ən çox gəlir gətirən “Ulduz müharibələri”ndə əksini tapır. Hətta Utopiyanı “Lukianosun müasir surəti” adlandıranlar da var.

  Dənizlərdə kəşflər dövrü başlamazdan yüzlərlə il əvvəl Samsatlı Lukianos okeanların o tayında nə baş verdiyi ilə maraqlanırdı. Kainat və Aya səyahətin ağlasığmaz olduğu bir zamanda kosmos səyahətinin ətraflı təsvirini verib. Oxuculara Yer kürəsindən çox-çox uzaqlarda bütün canlı və cansız alternativ dünyadan danışır. Onun əsərləri xəyalların, təxəyyülün, ziddiyyətli fikirlərin və təqdirəlayiq zəkanın əksidir. Elmi-fantastik janrların simaları gerçəkliyin və adi naxışların hüdudlarını aşmış Lukianosdan ilham alıblar.



Әlaqәli Xәbәrlәr