Türkiyədə yaşayan azərbaycanlı qadınların sosial problemləri və biz

TRT Azərbaycan redaksiyasının qonaqları Afaq Vasifqızı (AzTv Telefilm Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri) və teleaparıcı, “Zərif güclülər” layihəsinin rəhbəri Rövşanə Ağasəfqızıdır

1801317
Türkiyədə yaşayan azərbaycanlı qadınların sosial problemləri və biz

 

Sevda Mirzə (aparıcı və jurnalist): Salam, TRT “Türkiyənin səsi” radiosunun hörmətli dinləyiciləri və bizi TRT/Azerbaycan saytından izləyən tamaşaçılarımız. “Könül coğrafiyasından Türkiyə” proqramımızın Bakıdan qonaqları var. Yəni Azərbaycandan gələn qonaqlarımız TRT-nin Azərbaycan redaksiyasının qonaqlarıdır: Afaq Vasifqızı, Azərbaycan Dövlət Televiziyası Telefilm Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri və Rövşanə Ağasəfqızı, Türkiyədə yaşayan azərbaycanlı qadınların sosial problemləri üzrə “Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı. Azərbaycanlı həmkarlarımı Türkiyədə, qocaman TRT kanalında qarşılamaq mənim üçün xoşdur.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Bizə də xoşdur, Sevda. Biz uzun illər bir yerdə çalışmışıq Bakıda. Sevimli və dost münasibətdə olmuşuq. Aradan uzun illər keçdi. Bizə nə xoş ki, həm belə bir proqramda görüşürük, həm də dostumuzu görürük.

Sevda Mirzə (aparıcı və jurnalist): Dost ölkədə dostları görmək.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Azərbaycandan məhz TRT-nin Azərbaycan redaksiyasına gəlmək - elə bil evimizdən evimizə gəlmişik. Özümüzü qonaq hiss etmirik.

Sevda Mirzə (aparıcı və jurnalist): Ümumiyyətlə, Türkiyə bizim ikinci vətənimzidir və ona görə azərbaycanlılar burada özünü qonaq hiss etmir. 2002-ci ildən sizinlə - həm Rövşanə xanım, həm də Afaq xanımla bir televiziyada – “Space”də işləmişik. Hardasa bir gəncin ömrü qədər illər keçib ortadan.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): “Space”nin ən gözəl vaxtlarıydı.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Qızıl çağlarıydı.

Sevda Mirzə (aparıcı və jurnalist): Eyni yerdə, eyni profil üzrə çalışan insanlar adətən 20 il ərzində vəzifələrini dəyişir, başqa işlərə gedirlər. Amma biz hələ öz yerimizdəyik, sevdiyimiz peşəni davam etdiririk.

  Siz Türkiyəyə Ankaraya böyük bir layihə ilə gəlmisiniz.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Söylədiyiniz kimi, uzun illərdir televiziyadayıq. Bu ideya Rövşanənin fikrinə gəldi ki, bəlkə biz ekrandan, efirdən bir az kənara çıxaq? Bəlkə bu jurnalist fəaliyyətmizlə yanaşı, sosial layihələrlə də sözümüzü deyək, daha əməli işlər görək.

Sevda Mirzə (aparıcı və jurnalist): Yəni danışmaqdan praktikaya keçmək istədiniz, “Özümüz işin içində olaq”, “Başqa layihələri işıqlandıra-işıqlandıra biz özümüz də bu işləri görək” deyə.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Rövşanə ilə çox layihədə birlikdə olmuşuq, yenə də bərabər çalışırıq.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Afaq doğru söylədi. Uzun illər televiziyalarda ən öndə gedən sosial layihələrdə biz Afaqla bərabər çalışmışıq. Sonra bir ara ayrıldıq. Fəaliyyətimizi Afaq dövlət və mən özəl televiziyada davam etdirdim. Məni tanıyan tamaşaçılar bilir ki, bir çox sosial layihələrdə müəllif olmuşam. Doğrudan da televiziyanın o moderatorluq - danışmaq vəzifəsindən hadisələrin içinə keçmək istədik. Onsuz da o sosial layihələrdə çalışırdıq ki, yardıma ehtiyacı olan, hüququnu bilməyən, haqqı tapdanan insanlara kömək edək. Yəni biz vasitəçi ola bilirik. Onları işlə təmin etmək bizim səlahiyyətimiz daxilində deyil. Biz sadəcə işlə təmin edə biləcək qurumla əlaqələndiririk, onların problemlərini həll edə biləcək insanlara yönləndiririk. Bu sahədə çox işlərimiz olub. Amma birbaşa qadınlarla təmas, onların sırf problemlərini dinləmək, televiziyanın imkanları buna nə qədər çatır?

  Layihələrin çərçivəsi böyük olur, daha geniş addımlar atmağa imkan verir. Düşündük ki, belə bir layihə edək. Necə edək? Afaq təbii ki, mənim yanımda olmalıydı.

  Bu layihəni niyə məhz Türkiyədə etmək istədik? Türkiyə qardaş ölkədir, bizim ikinci vətənimizdir və buna görə Azərbaycandan bura iş dalınca, ailə niyyəti ilə, təhsil və müxtəlif səbəblərdən gələnlər xanımlarımız var. İçlərində bir Türkiyə arzusu var. Xoşbəxt olanlar da var, gələndən sonra problem yaşayanlar da.

Sevda Mirzə (aparıcı və jurnalist): Çünki hər ölkənin öz qayda-qanunları, qeydiyyat məsələləri var.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Bizim hüquqşünaslarımız öz ölkəmizin hüquqlarını bilir, qardaş ölkədə hansı haqlarımızın olub-olmadığını isə çox bilmirlər. Bu, normal bir şeydir. Eyni şəkildə də Türkiyənin hüquqşünası Azərbaycanın qanunlarını bilməyə bilər. Təsəvvür edin, burada, xüsusilə təhsili olmayan qadınlar var ki, onların ümumiyyətlə, heç nədən xəbərləri yoxdur.  

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): “Arzu var, məlumat yoxdur” deyə bəzi problemlər yaşayırlar. Məqsədimiz odur ki, həmin o insanlar hüquqlarını bilsinlər. “Nə olar, nə olmaz”, bunları bilsinlər ki, pis vəziyyətə düşməsinlər.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Biz də bacardığımız qədər edə bilirik. Afaq xanım layihənin koordinatorudur. Ümumiyyətlə, bu, böyük layihədir. Mən istəyirəm ki, bu layihənin yaranmasında, həyata keçirilməsində əməyi olan insanların adlarını çəkim.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Çünki onların yardımı olmasa, biz bu layihəni həyata keçirə bilməzdik.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Türkiyə kimi böyük ölkənin paytaxtında insanlarımızı toplaya bilmək, onları dinləmək, problemlərini eşitmək asan iş deyil. Buna görə mən Azərbaycan Diasporasına Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə təşəkkür edirəm. Türkiyədə bizə dəstək olan, layihənin Ankaradakı koordinatoru Ləman Sülyemanlıya təşəkkürümü bildirmək istəyirəm. Bizim çox gözəl xanımımız, TADİV-in (Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı) başçısı, Türkiyə Prezident Aparatı Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attara minnətdarıq. Nə yaxşı ki, burada belə bir azərbaycanlımız, ölkəmizin üzünü ağ edən xanımımız və doğma insanımız var burada.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Səfirlik nümayəndələri, diplomatlar da gəldilər, iştirak etdilər layihəmzidə. Elə bura - TRT-nin Azərbaycan radiosu da bir Azərbaycan evidir. Heç özümüzü yad hiss etmirik.

Sevda Mirzə (aparıcı və jurnalist): Türkiyədə yaşayan azərbaycanlıların daha çox hansı problemlərlə üzləşdiklərini gördünüz? Daha çox hansı suallarla, hansı şikayətlərlə sizə müraciət edirlər?

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Doğrudur, biz problemləri önə çəkirik, amma məqsəd yalnız problem axtarmaq deyil. Bu, mədəni məsələlərlə də bağlı ola bilər, bu, Azərbaycan dilinin qorunması ola bilər. Türkiyədə Azərbaycanca danışmaq, anlatmaq bizə problem deyil, amma sırf Azərbaycana aid adət-ənənələri Türkiyədə də yaşatmaq lazımdır. Məsələn, Novruzu biz daha ürəkdən, daha böyük keçiririk, nəinki Osmanlı türkləri.

  Problemlərə gəlincə, əsas məsələ köçlə bağlıdır. Qeydiyyata keçmək və sair. Əslində problemlər Azərbaycanda da var. Son illərin hadisələri göstərir ki, qızlar çox erkən ailə qururlar. Halbuki 15-16 yaşında qızın qanuni ixtiyarı yoxdur evlənməyə. Ona görə kəbinlə, İslam qaydaları ilə ailə qururlar. Azərbaycandakı kimi bunu eyni şəkildə Türkiyə vətəndaşları ilə də edirlər. Sonra məlum olur ki, burada artıq bu qadının heç bir hüququ yoxdur.

Sevda Mirzə (aparıcı və jurnalist): Qadın rəsmi nigaha getməlidir ki, əri üzərindən xaricdə qeydiyyat haqqı olsun.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Yaxşı və pis niyyətli insanlar sərhədin o tərəfində də var, bu tərəfində də. “Pisə rast gələnin pis aqibəti olmasın” deyə biz Türkiyədəki azərbaycanlıların yanındayıq.

Sevda Mirzə (aparıcı və jurnalist): Yəni hüquqi maarifləndirmə işləri aparırsınız.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Məsələn, Aynur adlı bir xanımın çox acı hadisəsi var. O da bu şəkildə gəlib, ailə qurub, şiddətlə qarşılaşıb, əri tərəfindən döyülüb və sair.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Pis adamın cinsiyyəti də yoxdur, vətəndaşlığı da.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Bax, o xanım burada pisə rast gəlib.

Sevda Mirzə (aparıcı və jurnalist): Bir adam başqa bir ölkəyə gedir və orada öz ölkəsindəki qanunlar çərçivəsindən baxır “Bizdə belədir, yəqin burada da belə olar” deyə.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Amma hər yerin özünə görə qanun-qaydaları var.

Sevda Mirzə (aparıcı və jurnalist): İnsanın getdiyi yerdə o ölkənin də haqqıdır soruşmaq ki, hansı ünvanda yaşayır, nə edir. Məsələn, Türkiyənin özü terrorçularla mübarizə aparan bir ölkədir. Burada qadın və ya kişi, milliyyətindən asılı olmayaraq kim gəlirsə, bir neçə il qeyri-qanuni yaşayırsa, əlaqədar qurumlara xəbər vermirsə, təbii ki, bunlar ortaya çıxarkən pasportuna deport möhürü basılır. Amma bu zaman da “Mən dövlətə heç nə eləməmişəm, amma o, məni deport etdi” deyirlər. Day demir ki, elə məhz heç nə etmədiyin üçün deport oldu.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Bu, təkcə Türkiyədə deyil, öz məmləkətimizdə də var: hər şeyi dövlətdən umuruq. Vətəndaş bütün məsuliyyətini dövlətin boynuna qoymaq istəyir. Amma onun maariflənməsidir, özü üzərində işləməsidir, bu, birbaşa özünə aid olan vəzifələrdir. Bəzi qızlar fikirləşir, “15-16 yaşına çatdım, ərə gedim”, ya da “Ay, yaşım keçdi, gedim, evlənim, dünyaya uşaq gətirim”. Bununçün ən azından bir maraqlanmaq lazımdır.

  İnsanın öz ayağı üstündə durması üçün özünə inanması lazımdır. Təhsilin rolu birincidir, amma bir anlıq onu kənara qoysaq, bu gün hansı zəmanədir? İnternet var, əl telefonu var. İnsan istəsə, hər şey edə bilər. Amma özünə güvənməyib evdə asılı qalacaqsansa, kimdənsə qorxa-qorxa, hürkə-hürkə yaşayacaqsansa, sən həyatda heç nəyə nail ola bilməzsən. Bizim də məqsədimiz həyatın girdabında olan həmin qadınlarımızın əlindən tutmaqdır.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Azərbaycan ailəsində belə bir qayda var ki, ailənin başçısı kişidir, o da sanki şahdır. Amma belə bir deyim də var ki, “Şah qanun deyil, qanun şahdır”. Bax, qanunun şah olduğunu, qanunun əsas olduğunu insanlara başa salmaqdır məqsədimiz.

Sevda Mirzə (aparıcı və jurnalist): Söhbət əsasən qadınlardan gedir. Qadın anadır, qadın ailə başçısıdır, yəni çox şey qadından asılıdır. Bir millətin belə qəhrəman olması, yəni igidlərinin çox olması ana ilə bağlıdır. İkinci Qarabağ Müharibəsindən sonra şəhid, qazi oğulların anaları, bacıları danışdığı zaman nə deyilirdi, yazılırdı? – Belə ananın belə də oğlu olar. Yəni mübariz ruhlu qadınların mübariz ruhlu da uşaqları olur.

  Siz bu layihəni Anklaradan başladınız. Bildiyimə görə, Türkiyənin başqa şəhərlərinə də gedəcəksiniz.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Növbəti şəhər meqapolis İstanbuldur. Orada azərbaycanlı çoxdur. Azərbaycanlı qadınların daha çox üz tutduğu şəhərdir İstanbul.

  Əslində Türkiyədən başladıq, amma başqa ölkələrlə də davam edə bilər bu layihə. Düşünürük ki, harada azərbaycanlı varsa, harada bizimki varsa, harada məndən olan varsa, biz də ordayıq. Çox güman ki, may ayında İstanbulda olacağıq.

Sevda Mirzə (aparıcı və jurnalist): Layihələr adətən 1 illik olur. Demək, bu 1 illik layihə Türkiyə ilə bağlıdır.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): İstanbuldan sonra sırada Kayseri və İzmir var.  

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Ankaradakı tədbirdə (9 mart 2022) hörmətli professorumuz Aygün xanım təklif etdi ki, ancaq 3-4 şəhər deyil, qəsəbələrə də üz tutaq.

Sevda Mirzə (aparıcı və jurnalist): Azərbaycanlının Türkiyədə olmadığı şəhər yoxdur. Gələn ziyalı təbəqəsi daha çox universitetlərdə müəllim olaraq çalışır. Dosentlər var, orada, ya burada professorluq dərəcəsi alıb çalışanlar var. Türkiyə vətəndaşları ilə də bərabər hüquqları daşıyırlar. Burada deyirlər: “Türkiyənin elə bir universiteti yoxdur ki, orada azərbaycanlı müəllim olmasın”. Hətta 90-cı illərdən sonra bəzi fakültələr sırf Azərbaycan müəllimlərinə görə açılıb. Ermənistandan belə nə qədər azərbaycanlı bura köçdü o zamanlar. Rus dili, erməni dili tədris edirlər. Düşmənin dilini bilmək də bizə vacibdir. Bəzi sosial bölümlər də 90-cı illərdə keçmiş post sovet məkanından gələnlər tərəfindən təklif edildi, açıldı, başına qoyuldu.

  Hər bir halda biz bir-birimizə qaynayıb-qarışmışıq. Həqiqətən də bir millət, iki dövlətik. Burada “iki dövlət” sözləri işlənir. İki dövlətiksə, nə qədər bənzərliklərimiz olsa da, ümumdünya qanunlarından başqa, təbii ki, ayrı-ayrılıqda hər bir dövlətin öz qaydaları var. Gələnlər olduqları ölkələrin qanunlarına riayət etməlidir ki, problemlərlə qarşılaşmasınlar.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Sevda xanım, siz də uzun müddətdir burada yaşayırsınız, Ankaradasınız və çalışırsınız. Bizim məqsədimiz həm də nümunə olan qadınlarımızı göstərməkdir, yəni “sınmayın, əzilməyin, siz də bu xanımlar kimi ola bilərsiniz” deyə. Hüququnuzu bilsəniz, öyrənsəniz, gəlib niyə aşağı səviyyəli işlərdə sənədsiz-filansız qorxa-qorxa, hürkə-hürkə, kimdənsə gizlənə-gizlənə deport olmaq təhlükəsi ilə yaşayasınız, işləyəsiniz? Örnək olası qadınlardan biri də sizsiniz əslində.

Afaq Vasifqızı (AzTv “Telefilm” Yaradıcılıq Birliyi Redaksiya Kollegiyasının rəhbəri): Proqram öncəsi, əzizim Sevda, siz xəbərləri oxuyarkən biz o biri tərəfdən dinləyirdik. Baxdıq ki, əsil, təmiz, səliqəli ədəbi Azərbaycan dilini nə gözəl qorumusunuz.

Sevda Mirzə (aparıcı və jurnalist): Türkiyədə yaşadığımız üçün Türkiyə türkcəsini bilirik, bilməliyik. TRT-nin Azərbaycan redaksiyasında da işləməyim ana dilimi qoruma səbəblərimdən biri olub.

  Türkiyədə çalışmaqla bağlı bu məqama da toxunmaq istəyirəm. Biri gəlir. İşə götürən bu adama məsələn, 5000 lira maaş təklif edir, amma onu sığorta etmək istəmir. Qarşıdakı da bunu tələb etmir. Sığorta tələb olunmadığı üçün Türkiyədə “çalışma izni” deyilən sənəd də alınmır. Və ya əksinə, işə götürülən “Mən nə çalışma izni istəyirəm, nə də qeydiyyat, bu qədər rüsum ödəmək yerinə, o pulları mənə verin, çünki ehtiyacım var” deyir. Halbuki, bu, belə olmalıdır: “Qardaş, istəmirəm sənin 5000 liranı. Mənə onun 4-ünü ver, qalanını sığortama ödə, çünki mən bu ölkədə qanuni olaraq yaşaamq istəyirəm”. Yəni qarşı tərəf öz hüququnu bilərsə, o şəkildə də davam edər. Xarici ölkədə müqaviləsiz heç bir işə gedilməməlidir. Öz ölkəsində qanunən çalışan insanın dövlət də yanında olur. Beş il çalışma icazəsi ilə qanuni işlədinsə, sonra dövlət sənə imkan verir ki, “İndi gəl, müraciət elə və mən sənə vətəndaşlıq verim”.

Rövşanə Ağasəfqızı (“Zərif güclülər” layihəsinin rəhbəri, teleaparıcı): Eyni məsələ bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da belədir. Evliliyə də aiddir bu. Kəbinlə evlənib, rəsmi nigaha girməmisənsə, dövlət səni necə müdafiə etsin?

Sevda Mirzə (aparıcı və jurnalist): Əziz dostlar, mən sizə təşəkkür edirəm gözəl söhbətə görə. Minnətdaram. Çox sağ olun.



Әlaqәli Xәbәrlәr