Manyas quş cənnəti: Türkiyədə ilk milli park

Avropa Şurası 1976-cı ildə Manyas Quş Qoruğunu quş zənginliyinə, uğurlu mühafizə təcrübəsinə və kontinental dəyərinə görə “A sinif diplomu” ilə təltif edib

1791980
Manyas quş cənnəti: Türkiyədə ilk milli park

 

  Kral Minos canavar Minotavrın zərər verməsinin qarşısını almaq istəyir. Çünki Minotavr adamları yeyir və buna görə insanların həyatı təhlükədədir. Kral istedadlı afinalı memar Daidalosdan kömək istəyir. O, dərhal oğlu İkarla labirint qurur. Minotavr labirintdə həbs edilir, lakin problem yenə bitmir. Kral baş verənlərə görə Daidalosu günahlandırır və memarı oğlu ilə birlikdə həmin labirintə həbs edir. Buna dözməyən Daidalos oğlu İkar və özü üçün quş lələklərini toplayıb mumla yapışdıraraq bir cüt qanad düzəldir və deyir: “Oğlum, nə çox yüksəkdən uç, nə də alçaqdan”. Amma qanadlarını taxıb havada uçmağa başlayan İkarda tamam başqa hisslər oyanır: insanın edə bilmədiyi bir şeyi edir, sərbəst uçur, sanki təbiətə, tanrılara meydan oxuyur, bir anlıq özünün ölümlülərdən olduğunu unudur, atasının xəbərdarlığına baxmayaraq yüksəklərə qalxır, Günəşə üz tutur. Qızmar günəş şüaları İkarın qanadlarındakı mumu əridir və o, yüksəkliklərdən düşüb Egey dənizində gözdən itir.

  Bu, insanın quşlar kimi sərbəst uçmaq arzusunun bir rəvayətidir. Uçmaq istəyi insanın ən böyük ehtiraslarından və əvəzolunmaz arzularından biridir. Əsrlər boyu insanlar quş kimi uçmağı xəyal etmiş, nağıllar, əfsanələr, rəvayətlər qoşmuş, diləklərini bu şəkildə ifadə etmişlər. Çünki quşlar üçün sərhəd yoxdur. Onlar üçün məsafələr qısadır, bəzilərinin yalnız bir ərazidə yaşamasına, uzaqlara səyahət edə bilməməsinə baxmayaraq.

  Türkiyədə 5 yüzə yaxın quş növü yaşayır. Çoxu çay hövzələri ətrafındakı ərazilərdə yuva qurur, yumurta qoyur və çoxalırlar.

  Bün sizə Türkiyədəki Manyas Quş Qoruğundan - Anadoluda ilk milli parkdan danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb. 

  Manyas Quş Qoruğu Türkiyənin Balıkəsir rayonunda milli park statusuna malik ərazidir. O, həm də Türkiyədə “quş cənnəti” kimi tanınan ilk yerdir.

  Güclü geosiyasi mövqeyinə və təbii gözəlliyinə görə bu bölgədə tarix boyu Frigiya, Lidiya və Pars kimi bir çox mədəniyyətlər hökm sürüb. Antik yazıçıların bir çoxu buradakı "cənnət" mənasını verən Paradeisos gölündən bəhs edib ki, bu gün o, Manyas gölü adlanır.

  Farsların dövründə Balıkesir satraplığa, yəni valiliyə çevrilib. Bölgənin heyvan və bitki toxumasını qorumaq valiliyin vəzifələrindən olub. Buna görə bir sıra tədqiqatçılar konservasiya tarixində ilk milli parkın Anadoluda olduğunu yazır.

  Quşların qoruğu Manyas gölü və ətrafdakı bataqlıq əraziləri əhatə edir. Gölün quruluşu və tərkibindəki canlıların müxtəlifliyi quşları ona cəlb edib. Mülayim iqlimi və uyğun yaşayış şərtlərinə görə quşlar bütün fəsillərdə burada qalır, yuva qurur və çoxalırlar.

  Manyas orta dərinliyi 3 metr olan geniş, dayaz və şirin sulu bir göldür. Göldə balıq və qurbağa növləri, ətrafında yüzlərlə rəngarəng bitki növü var. Qış aylarında yağıntının çox olması yazda gölün suyunu yüksəldir, otlu və qamışlıq ərazilərə ötürür. Ətraf torpaqla göl suyunun qarışması balıq və digər su canlılarını həşaratlarla qidalandırır, quşları da balıqlarla.

  Yayda quruyan otlar və qamışlar minlərlə quşun təhlükəsiz yuva qurduğu bir inkubasiya kainatı yaradır. Bu möhtəşəm mənzərə Manyas gölünü canlı və cansız varlıqları ilə mükəmməl bir ekosistemə çevirir!

  Məşhur türk səyyahı Övliya Çələbi bu barədə öz “Səyahətnamə”sində yazır: “Türkmənlər bu gölə Manyas deyir. Suyu o qədər də dərin deyil, amma təbiətə həyat verir. Bu göl qaz, ördək, qu quşu, baqqal, mallard, qızılca və digər quşlarla doludur. Bu quş gölü Manyası hər gecə quşların səsi və qanadlarının şappıltısı ilə daha cazibədar edir.

  Manyas Quş Qoruğu digər milli parklarla müqayisədə çox böyük olmasa da, ev sahibliyi etdiyi və yaşatdığı növlər baxımından çox əhəmiyyətlidir. Qoruğun ərazisi Asiya, Avropa və Afrika qitələrinin əsas miqrasiya yolları üzərində olduğundan Manyas gölü həm də canlı təbiətin qitələrarası bir məkanıdır.

  Türkiyənin və dünyanın ən mühüm quş məskənlərindən biri sayılan Manyas Quş Qoruğunda bioloji müxtəlifliyə görə beynəlxalq əhəmiyyət kəsb edən 266 quş növü müəyyən edilib. Onların bəziləri mütəmadi olaraq yuva salıb yumurta qoyur, törəyir, əksəriyyəti isə köç zamanı buraya enir, qalır, qışı keçirdikdən sonra yoluna davam edir.

  Hər il 2-3 milyon quş Manyas gölünə uçub gəlir. Bunların arasında nəsli kəsilməkdə olan növlər siyahısında yer alan təpəli qutan, kiçik qarabat və qaz quyruğu var. Manyas gölü bu quş növlərinin yox olmasının qarşısını almaq və onların nəsillərinin davamını təmin etmək baxımından çox əhəmiyyətlidir. Avropa Şurası 1976-cı ildə Manyas Quş Qoruğunu quş zənginliyinə, uğurlu mühafizə təcrübəsinə və kontinental dəyərinə görə “A sinif diplomu” ilə təltif edib.

  Sağ qalmaq üçün minlərlə kilometr məsafəni qət etmək, 9 gün dayanmadan uçmaq asandırmı? Uzaqdan gələn bu köçəri quşlar üçün yeni həyatın başlanğıcı da o qədər asan deyil. Onlara daha çox diqqət yetirmək, dünyaya balalar gətirməsini təmin etmək üçün Manyas Quş Qoruğunda köçəri quşlar üçün yuva hazırlayırlar. Hər yaşda bir adam da bu işi görə bilər. Bu gün İngiltərə və Amerikada təbiəti quşların gözü ilə tanımaq istəyən milyonlarla quş müşahidəçisi var. Quşlara qayğı həm də quş növlərinin tanınması, qorunması, nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi və insanlara təbiətə hörmətlə yanaşmağı öyrətmək baxımından çox əhəmiyyətlidir. Bu baxımdan siz parklarda, göllərin və ya çayların kənarında, hətta evinizin pəncərəsindən də quşları müşahidə edə bilərsiniz. Amma dünyanın uzaq yerlərindən gələn növbənöv nadir quşları görmək üçün xüsusi yerlərə, qoruqlara getmək lazımdır. Manyas Quş Qoruğu hər ağac budağında 8-10 fərqli quşun yuvaları olan bir ərazidir. Burada yumurtadan çıxan quşları, balalarını, onları bəsləyən anaları müşahidə edə, onların ilk uçuş cəhdlərinin şahidi ola bilərsiniz. Dimdiyi mavi, boynu qırmızı, rəngli tükləri, cürbəcür qanadları var Manyas Quş Qoruğundakı müxtəlif növ quşun.

  Yüzlərlə bitki və heyvan növünün harmoniya içində birlikdə yaşadığı gölü, bataqlıqları, çiçəkli təbiəti və xüsusilə də köçəri quşları görmək üçün bu quş cənnətini – Manyas Quş Qoruğunu görməyə dəyər.



Әlaqәli Xәbәrlәr