Arutyunyanın cinayətləri və erməni separatizmi

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Arutyunyanın cinayətləri və erməni separatizmi” başlıqlı yazısı.

1779916
Arutyunyanın cinayətləri və erməni separatizmi

Dünya hərb tarixinə yazılan uğurlu hərbi əməliyyatlarla Ermənistan tərəfindən işğal edilmiş torpaqları qısa müddətdə azad edən, canlı qüvvə, silah-texnika yönündən düşmən ordusuna böyük itkilər yaşadaraq  darmadağın olmasına səbəb olan Azərbaycan eyni zamanda dərin siyasi-diplomatik zəka nümayiş etdirərək, regionda və dünyada mövcud olan geosiyasi vəziyyəti, BMT Təhlükəsizlik Şurasının da üzvü olan Qərb ölkələrindəki Ermənipərəst qüvvələrin yenidən ənənəvi soyqırım yalanlarına sarılaraq Azərbaycan və Türkiyəyə qarşı qaralama kampanyasını intensivləşdirə biləcəyi  ehtimalını düzgün dəyərləndirərək  Xankəndinin qapılarında dayanmış, bölgədə yaşayan erməni əsilli vətəndaşlarına işğalçı–separatçı qüvvələrdən arınaraq Bakıya re- inteqrasiya etmək imkanı vermişdir.

Yuxarıda regiondakı geosiyasi vəziyyətin də mürəkkəbliyinə işarə edərkən birinci növbədə Rusiyanın Cənubi Qafqazla bağlı hesabları, erməni milli varlığı üzərindən  regionda davam edən ənənəvi  müstəmləkə siyasəti və İranın da bəzi dairələrinin ərazi bütövlüyünü təmin edərək getdikcə güclənən, Türkiyə ilə qardaşlıq ittifaqını dərinləşdirən Azərbaycan reallığıyla bağlı fərqli narahatlıq və baxış bucağına sahib olmasını nəzərdə tutmuşduq. (Tehranla Bakı aradakı gərginliyi aradan qaldırmış kimi görünür)

Bir tərəfdən bu regional və qlobal konfiqurasiya, digər yandan  Azərbaycanın tədricilik yoluyla, həm də tolerant bir siyasət nümayiş etdirərək  Qarabağdakı separatizm qalıntılarını bundan sonra diplomatik yolla təmizləmək istəyi 10 Noyabr sazişinin imzalanmasına, bölgəyə Rusiya sülhməramlı qüvvələrinin  gəlməsinə və sülh prosesinə nəzarət üçün Türkiyə-Rusiya müştərək mərkəzinin yaradılmasına səbəb olmuşdur. Məsələnin təfərruatlarına, Rusiya- kollektiv Qərb qarşıdurması və Moskvanın köhnə SSRİ məkanıyla bağlı siyasi strategiyasının məğzinə, hadisələrin seyri etibariylə hansı istiqamətlərə təkamül edə biləcəyinə  toxunmadan Azərbaycan-Türkiyə ittifaqının əslində regionda və bütün Avrasiya coğrafiyasında bir Türkiyə-Rusiya uzlaşmasından, sülh və təhlükəsizlik mühitinin qalıcı hala gəlməsindən yana bir siyasət izlədiyini qeyd etməliyik. 44 günlük müharibədən sonra Bakı və Ankaranın müştərək irəli sürdüyü altılı əməkdaşlıq  platformu təklifinin, Ermənistanla normallaşma üçün atılan addımların da mərkəzində Azərbaycan-Ermənistan arasında bir sülh müqaviləsinin bağlanmasıyla ölkələrin bir-birilərinin ərazi bütövlüklərini tanıması, müharibə riskinin minimuma endirilərək yeni sülh şəraiti və rifaha qapı aralamaq olmuşdur. Ancaq bunun üçün yuxarıda da vurğuladığımız kimi Xankəndi və ətrafındakı kənd və qəsəbələrdə yaşayan az sayılı erməni əhalinin separatçılardan təmizlənməsi, 10 Noyabr sazişinə uyğun olaraq müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdən   Ermənistan silahlı qüvvələrinin qalıqlarının  təmizlənməsi, Bakının suveren hüquqlarının bütün ölkə ərazisində təsis edilməsi əsas şərtdir.  Bəlkə Azərbaycan-Ermənistan arasında böyük bir sülh sazişinin imzalanması bölgədəki mövcudluğunu qoruyub saxlamaq üçün münaqişənin davam etməsindən başqa  dayanaq tapa bilməyən mərkəzlərin marağında olmaya bilər, amma müharibədən məğlub çıxmış, uzun illər milli potensiyal və imkanlarıyla üst-üstə düşməyən şovinizm, başqalarının torpaqlarını işğal etmək kimi zərərli fikirlərin intensiv hədəfi halına gələrək milli dövlətçiliklərini də itirmək təhlükəsiylə qarşılaşmış Ermənistan üçün sülh sazişi imzalamaq olduqca vacibdir. Zaman, regionda və dünyada Türkiyə ilə  Azərbaycanın daha kritik bir oyunçu, həlledici ölkə olması yönündə gedən proseslər Ermənistanın əleyhinə işləməkdədir. Məhz bu səbəblə Belarus prezidenti Lukaşenko Ermənistanı getdikcə əhəmmiyətini itirən bir ölkə olaraq təsvir etmiş, bu açıqlama erməni siyasətçilər tərəfindən etirazla qarşılanmışdır.

Bakının səbrli mövqeyindən sui-istifadə edərək mütləq əksəriyyəti müharibə sonrası Rusiya sülhməramlıları tərəfindən bölgəyə daşınan, sayı 20 mini keçməyən bir erməni əhaliyə əsaslanaraq hələ də Dağlıq Qarabağın bir hissəsində qondarma respublika oyununa davam edən, hansısa konstitusiya dəyişikliklərindən danışan  A. Arutunyan başda olmaqla Xankəndindəki separatçılar odla oynadıqlarının fərqində olmalıdırlar. Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin ən son mətbuata bəyan etdiyi “Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə əməliyyat və kəşfiyyat qurumları tərəfindən məhkəmə baxışına çıxarılması təmin ediləcək” cümləsini də artıq  Bakının səbr kasasının dolması kimi görmək mümkündür.  Separatçıların başçısı A. Arutyunyan həm də müharibə zamanı Cenevrə konvensiyasının tələblərini pozaraq Gəncə qətliamını həyata keçirmiş, gecə vaxtı dinc əhalinin  qadağan olunan raket hücumuna məruz qalması nəticəsində 26 nəfər şəhid olmuş, 175 nəfər də yaralanmışdır.



Әlaqәli Xәbәrlәr