Hələ də istifadə olunan dünyanın ən qədim Adana Daş Körpüsü

Adananın simvolu olan, dünyanın ən qədim körpülərindən biri Taşköprüdən danışırıq, mətni Neslihan Değirmencioğlu hazırlayıb

1778296
Hələ də istifadə olunan dünyanın ən qədim Adana Daş Körpüsü

 

  Körpü görəndə dərhal onu keçmək istəyirsən? Körpülər səni cəlb edir? Körpüdə olarkən harada olduğunuzu düşünürsünüz: iki fərqli nöqtə arasındamı? Körpü sizinçün doğrudanmı yolu asanlaşdıran bir vasitədir, yoxsa başqa duyğular da oyadır?

  Görüş və maneələri dəf etməyin və ya başqa bir dünyaya çatmağın simvolu olan körpülər yunan mifologiyasında göy qurşağı, Skandinaviya mifologiyasında kökləri yerin altında, budaqları göydə, iki dünyanı birləşdirən və tanrılar aləminə çatan müqəddəs ağac şəklindədir. Oxşar ağaca türk mifologiyasında da rast gəlinir ki, bu, "həyat ağacı" adlanır və dünyanı kənara bağladığına inanılır.

  İslamdan əvvəlki dövrdə “cənnət körpüləri” şaman nağaralarında göy qurşağı kimi təsvir olunub. Uzaq Şərq inanclarında isə Yerlə göy arasında körpü İnsandır. Körpülər sadəcə tikili deyil, həm də köklərimizdən xəbər verir. Buna görə də dünyanın bir çox mədəniyyətində fərqli simvolik mənalarda öz yerini tapır körpülər.

  İlk dəfə körpülərdən yalnız bir sahildən digərinə keçmək üçün istifadə olunub. İnsanlar ağac gövdələrindən və ya üzüm tənəklərindən istifadə edərək çayları və dərələri keçməyə çalışıblar. Ancaq bu üsul hər çay və ya dərə üçün keçərli deyildi, başqa həll yolları tapılmalı idi. Bu dəfə insanlar qayalardan, ağaclardan və liflərindən istifadə edərək primitiv asma körpülər tikdilər. Amma taxta körpülər də davamlı olmur. Daş körpülər dövrü başlayır. Zaman keçir: taxta və daşı beton, dəmir və polad, lifləri dəmir zəncirlər, onları isə polad kəndirlər əvəz edir. Beləliklə, körpülər bəşəriyyətin texnika və elmdə tərəqqisinin müşahidə olunduğu memarlıq tikililərinə çevrilir.

  Mənbələrdə ilk körpülərin Çində salındığı yazılsa da, onlara dair heç bir tapıntı yoxdur. Bu səbəbdən dünyada məlum olan ən qədim körpünün şumerlər tərəfindən tikildiyi qəbul edilir. Qalıqları tapılan 5 min illik bu körpü İraqda yerləşir. Şumerlər körpülər tiksələr də, böyük aralıqları keçməkdə o qədər də müvəffəq olmayıblar.

  Körpülər yalnız Roma imperiyası dövründə uğurlu alınıb. Onlardan bir neçəsi bu gün də qalır. Dünyanın ən qədim və hələ də istifadə edilən Roma körpüləri arasında bu gün Türkiyə ərazisində yerləşən Adanadakı Taşköprü, İzmirdəki Karvan körpüsü və Adıyamandakı Cəndərə körpüsü var.

  Türkiyənin Adana rayonu Anadolunun ən qədim yaşayış məskənlərindən biridir. Onun tarixi Hetlərə (Hitit) gedib çıxır.

  Adana qədim zamanlardan karvanlar yolu üzərində yerləşib. Roma imperiyası dövründə mühüm bir şəhər olub. İmperatorluğun Yaxın Şərqdəki torpaqlarına nəqliyyat Adanada Taşköprü üzərindən keçib. Roma dövrünə aid bu körpünün dünyanın ən qədim körpüsü olduğu təxmin edilir və hələ də istifadə olunur.

  Seyhan çayı üzərində yerləşən Taşköprü təxminən 1600 il əvvəl tuf daşı və mərmərdən inşa edilib. Köhnə qravüralara nəzər saldıqda körpünün hər iki girişində “Qala qapısı” adlanan iri tağlı darvaza olduğu görünür. Bu qapılar həm şəhərə girişlərin idarə olunduğu, həm də gələn tacirlərdən vergilərin alındığı gömrük rolunu oynayıb. Sonrakı dövrlərdə körpünün ortasına baxış balkonu (terras) və köşk əlavə edilib.

  Dövrün qabaqcıl texnologiyası və mühəndislik biliklərinin istifadə edildiyi Taşköprü Seyhan çayı kimi böyük bir çayı keçmək üçün 21 tağlı dizayn olunub. Adananın simvollarından olan 310 metr uzunluğundakı bu körpünün hal-hazırda salamat qalan 14 tağı var və 1600 ildir şəhərin hər iki tərəfini birləşdirir.

  Körpülər qədim zamanlardan başlayaraq insanları, şəhərləri, ölkələri birləşdirir. Sakit və ya şəlaləli çaylarda çoxlu müharibələrin, çoxlu ayrılıqların və çoxlu görüşlərin şahidi olub körpülər. Bəzi körpülər axar suları, bəziləri geniş çayları, bəziləri dərin dərələri keçmək üçün istifadə olunub. Əvvəllər bir sahildən digərinə keçmək üçün yaranan körpülər zamanla ticarət və hərbi məqsədlər üçün tikilib. Sənaye inqilabından sonra isə dəmir istehsalının artması dəmir strukturlu körpülərin tikintisinə imkan verib. Beləliklə, daha böyük və daha davamlı körpülər tikilməyə başlayıb.

  Körpülər öz dövrlərinin texnologiyasını ortaya qoyan mülki memarlıq nümunələridir. Lakin onların missiyası təkcə insanların və ya nəqliyyat vasitələrinin keçidini təmin etmək deyil; eyni zamanda, onlar bizim keçmişlə gələcək arasındakı bağımızdır, bir abidədən qat-qat artıqdır.

  Körpülər şəhərlərin simvoludur. Əksər şəhərlər körpüləri ilə yadda qalır. Onlar görüşlər üçün əvəzolunmaz ünvanlardır, filmlərdə də, romanlarda da, mahnılarda da belədir. Atalar sözlərimizdə, deyimlərimizdə də var “körpü salmaq”, “körpü atmaq” kimi barışdırıcı söz və ifadələr. Yəni körpülər həyatımızda düşündüyümüzdən daha çox yer tutub və tutur.

  Türkiyənin Çorum rayonundakı Hattuşa arxeoloji sahəsində qədim dövrə aid körpü Anadoluda üzə çıxan ən qədim körpüdür. Bir sıra mənbələrə görə, dünyanın ən uzun daş körpüsü Ədirnədəki Uzun körpüdür. Çifte körpü Qara dənizin gur axarları üzərindən iki tərəfi birləşdirir. Təkgöz Anadolu Səlcuqları tərəfindən Kızılırmak çayı üzərində inşa edilən ilk körpüdür. Bursanın İrqandi körpüsü Kəmərli tikilisinin üzərində sıra-sıra dükanları ilə Türkiyədə ilk, dünyada isə 4 tağlı bazar körpüsündən biridir. Diyarbəkirdəki Malabadi körpüsü bu günə qədər dünyada ən böyük tağ aralığına malik daş körpüdür. Sakarya çayı üzərindəki Yustinian (Justinianus) körpüsü isə bu torpaqlarda erkən Bizans dövrünün ən möhtəşəm monumental tikililərindən biridir və buna görə də YUNESKO-nun Dünya İrs Siyahısındadır. Bir sözlə, Anadolu coğrafiyasında hansı şəhərə getsəniz, qarşınıza bir körpü çıxacaq, bəzisi kiçik, bəzisi böyük və əzəmətli.

  Anadolu coğrafiyası körpülərin ən gözəl nümunələri ilə doludur və onlar dövrlərin səssiz şahidləridir. Hətta Anadolunun özü də bir körpüdür. Asiya ilə Avropa arasında min illərin ən gözəl bağı ki, üzərindən sivilizasiyalarla dolu tarixlər keçir.



Әlaqәli Xәbәrlәr