Paşinyan revanşist qüvvələrin hədəfində

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Paşinyan revanşist qüvvələrin hədəfində” başlıqlı məqaləsini təqdim edirik.

1754333
Paşinyan revanşist qüvvələrin hədəfində

Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini ən yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin Erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən ən praqmatik siyasətçi şübhəsiz Paşinyandır. O, 44 günlük müharibə dövrü Azərbaycan ordusunun gücünü, döyüş qabiliyyətini və Qərb ölkələrindəki bütün Erməni fəaliyyətləri, qavrayış formalaşdırma cəhdlərinə rəğmən Bakının necə ağıllı xarici siyasət kursu, həmlələrlə haqlı davasını müdafiyə edərək anti Azərbaycan bloku formalaşdırma cəhdlərini puç etdiyini də gördü.
Əlbəttə onun  bölgədə qalıcı sülhün əldə edilməsinin şərtləriylə bağlı pozitiv qənaətlərə, realist bir cizgiyə gəlməsi də heç də asan olmamışdır. Azərbaycan Türk mədəniyyətinin beşiyi olan Şuşanın Cıdır düzündə çaxır içib yallı gedən, müxtəlif platformlarda beynəlxalq hüquq normalarını çeynəyərək Qarabağ Ermənistandır və nöqtə kimi şüarlar səsləndirməkdən yorulmayan Paşinyan iqtidarı 44 günlük müharibə zamanı  Azərbaycandan yediyi zərbələrlə ayılmış ,mayası düşmənçiliklə yoğrulmuş, Ermənistandan daha çox bölgədə maraqları olan xarici güclərin işinə yarayan siyasəti davam etdirmənin  erməni millətini daha böyük bir fəlakətə sürükləyəcəyini anlamağa başlamışdır.
Əvvəlki yazılarımızda da ifadə etdiyimiz kimi artıq Cənubi Qafqazda yeni geosiyasi güc balansı yaranmışdır. Azərbaycanla qardaşlıq ittifaqını dərinləşdirən Türkiyə bu bölgədə təsirini getdikcə  artırmaqdadır. Qurulmaqda olan çox qütblü dünya nizamında Ermənistanın isə demoqrafik, hərbi və coğrafi baxımdan dünyanın aparıcı siyasi ölkələr üçün cəlbediciliyi, əhəmiyyəti getdikcə azalmaqdadır. Cənubi Qafqazda ermənilərin tarixi hamisi rolunu oynayan Rusiya belə yeni güc yüksəlişi və geosiyasi reallığı qəbul edərək Türkiyə-Azərbaycan-Pakistan ittifaqıyla daha yaxın əməkdaşlıq qurmağa, uzlaşma iqlimi yaratmağa çalışmaqdadır. Bu səbəblə də Paşinyan Ankara və Bakının uzatdığı barış əlinin Ermənistan üçün bir şans olduğunu görməkdə, Türkiyə ilə normal qonşuluq münasitlərini təsis etmək üçün zəmin hazırlamaqda, Azərbaycanla böyük sülh sazişi imzalamağa hazır olduğunu ifadə etməkdədir. Soçi və Brüssel görüşlərinin də bu yöndə müsbət bir mühit yaratdığı, Zəngəzur dəhlizinin açılmasıyla  bağlı uzlaşma əldə edildiyi bəllidir.

Paşinyan  Xankəndindəki separatçı Erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayqısız yanaşmalarının Ermənistan-Azərbaycan arasındaki normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görərək Erməni xalqına bütün çılpaqlığıyla gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə çalışmaqdadır. 24 dekabrdakı açıqlamasında özündən əvvəlki iqtidarların danışıqlar prosesində keçmiş Dağlıq Qarabağın statusunu  Azərbaycanın tərkibində qəbul etdikləri yönündəki mövqelərini tənqid etməklə birlikdə  44 günlük müharibədə alınan məğlubiyyətdən sonra bu durumla razılaşmaqdan, heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri düzəltməkdən başqa alternativlərinin olmadığını da ifadə etmişdir. Bu açıqlamalar keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından Köçəryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngüylə qarşılanmaqda, Xankındindəki Erməni separatçılarının sözdə lideri A. Arutunyan da Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildirməkdə, elan etdikləri Artsaq adlı qondarma dövlətin varlığından bəhs etməkdədir. Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınıb açıqlamalarıyla Azərbaycanın qəzəbinə səbəb ola , ehtimal edilən anti terror əməliyyatının baş verməsini daha da sürətləndirən Araik Arutunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam etməkdədir. Köçəryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdən yana bir görüş bəyan etməkdədir. Yaxın keçmişdə keçirilən demokratik seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən Baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiya ve demilitasiyası prosesinin keçirilməsinə, qəti sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadır. Azərbaycan və Türkiyə ilə normallaşma və sülh müqaviləsi imzalama ehtimalı artdıqca Erməni siyasətinin də təziqi artmaqda, mübarizə daha antoqonist xarakter almaqdadır. Əlbəttə burada Ermənistan siyasətində ciddi təsir mexanizmlərinə sahib olan xarici güc və diaspora amili də önəmli bir faktor olaraq gözardı edilməməlidir. Ancaq Ermənistan daxilindəki siyasi proseslər hansı məcrada cərəyan edərsə etsin sülhün alternativi müharibədir və bu da Ermənistan dövləti üçün daha böyük məğlubiyyət və fəlakət anlamına gəlməkdədir. Çətin və ağrılı da olsa Erməni siyasətinin bütün tərəfləri, cəmiyyət həyatına yön verən qrublar Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü qəbul edərək normal qonşuluq münasibətləri təsis etmənin alternativinin olmadığını anlayacaqlar.



Әlaqәli Xәbәrlәr