Türkiyənin turizmə açılan ilk mağarası Damlataş və digər maraqlı mağaraları

Mağara motivinə demək olar ki, bütün mədəniyyətlərdə rast gəlinir...

1750468
Türkiyənin turizmə açılan ilk mağarası Damlataş və digər maraqlı mağaraları
DAMLATAŞ.jpg

Mağara motivinə demək olar ki, bütün mədəniyyətlərdə rast gəlinir... Bəzən dastanlarda, bəzən mifologiyada, bəzən də dini hekayələrdə rast gəlinir... Ortaq obrazdır, bəşəriyyətin ortaq keçmişi, ortaq yaddaşı mağaralarda öz əksini tapır. Çünki buralar əcdadlarımızın ilk sığınacaqlarıdır... Təbiət hadisələrinə sığındıqları, vəhşi heyvanlardan qorunduğu yerlərdir... Ev tikməyə başlayanda mağaralardan çıxıblar, lakin hər zaman bu yerləri xatırlayırlar... Miflər, nağıllar və dastanlar yaradırlar... Mağaralarda yaşamırlar, amma mədəniyyətlərində yaşadırlar mağaraları.

Mağaralar çox vaxt yerin altına açılan qaranlıq və qorxulu yerlər kimi düşünülür. Ancaq əslində onlar yaşlı dünyamızın Buzlaq dövrünə qədər qeydiyyatlarına rast gəlinən misilsiz məlumat qaynaqlarıdır. Anadolu coğrafiyası da qırx minə yaxın mağara ilə "mağara cənnəti" olaraq təsvir olunur. Şəfa verənlər də var, idman və macəra həvəskarlarını özünə cəlb edənlər də... Dini simvol kimi görünənlər də var, elmi araşdırma obyekti olanlar da...

Biz bu gün Türkiyədəki bu mağaralardan bir neçə nümunə vermək, mağaralarla bağlı qərəzli fikirləri bir az da dəyişmək və sizi möhtəşəm bir dünyaya dəvət etmək istərdik.

Anadolu coğrafi və geoloji quruluşuna görə çoxlu mağaralara ev sahibliyi edir. Qırx mindən çox olduğu təxmin edilən bu mağaraların yalnız onda biri müəyyən edilmişdir. Mağaralar dəniz səviyyəsindən aşağıdan yüksək dağların zirvələrinə qədər şərqdən qərbə, şimaldan cənuba bütün bölgələrdə yayılmışdır. Ən çox görünən yerlər Türkiyənin cənub bölgəsi (Cənubi Anadolu Bölgəsi) boyunca uzanan Toros dağlarıdır. Toros dağlarının ətəyində yerləşən Antalya da mağara formasiyaları ilə zəngindir. Şəhərin Alanya qəsəbəsi Türkiyənin turizmə açılan ilk mağarası olan "Damlataş mağarası"na ev sahibliyi edir. Təsadüfən gün işığına çıxarılan mağara stalaktitlərdən su damcıladığı üçün belə adlandırılıb. Bu gün də sular axmaqda davam edir. Mütəxəssislər mağaranın on beş min il əvvəl yarandığını bildirirlər. Mağarada polen yoxdur, yüksək səviyyədə oksigen və doxsan faiz çox yüksək rütubət əhtiva edir. Buna görə də Damlataş mağarasının tənəffüs yolu xəstəliklərinə, xüsusilə astma xəstəliyinə xeyri olduğu düşünülür.

Mağara səhər erkən saatlarda turist ziyarətləri üçün bağlıdır və yalnız şəfa axtaran xəstələr üçün açılır. 21 günlük müalicələrə başlamazdan əvvəl xəstənin mağaraya girməsində heç bir zərər olmadığı barədə həkimdən hesabat alınmalıdır.

Damlataş mağarası kimi Anadoluda müalicə məqsədi ilə istifadə edilən bir çox başqa mağaralar var. Dənizlidəki Kaklık mağarası da onlardan biridir. Mağaradakı termal suyun qədim zamanlardan bəzi dəri xəstəliklərinin müalicəsində istifadə edildiyi məlumdur. Yerin yüzlərlə metr altından çıxan kükürd və karbonatla zəngin olan bu termal su bu gün dəri problemi olanların mağaraya tez-tez baş çəkməsinin səbəbidir. İki milyon il yaşı olan Kaklık mağarası "Yeraltındakı Pamukkale" olaraq da tanınır, çünki Pamukkalenin pilləkənlər şəklindəki görkəmli travertinləri də bu mağaradadır.

Müalicə üçün ziyarət edilməli olan mağaralardan biri də bu gün getdikcə populyarlaşan duz mağaralarıdır. Duz mağaralarının bronxial və ağciyər xəstəlikləri, ürək və qan dövranı sistemi problemləri kimi bəzi xəstəliklərin müalicəsində təsirli olduğu düşünülür. Yuxu problemi, immunitet sistemini gücləndirmə, yorğunluq və stress kimi vəziyyətlərdə də təsirli olduğu iddia edilir. Xəstələrin böyük maraq göstərdiyi Çankırı və İğdırdakı duz mağaralarının rəsmi olaraq sağlamlıq turizminə açılması üçün işlər davam edir. Bir daha xatırladaq ki, mağaraların sağlamlıq məqsədi ilə istifadəsi davam edən müalicəyə əlavə olaraq tətbiq edilən bir terapiya növüdür və xəstələr bu məsələ ilə bağlı həkimlərinə məlumat verməlidirlər.

Kırklarelidə yerləşən Dupnisa mağarası Trakyada turizmə açılan ilk və yeganə mağaradır. Onun formalaşması təxminən dörd milyon ildir davam edir və böyük bir yeraltı sistemi kimi diqqəti çəkir. Daim axan yeraltı çayı və dərinliyi təxminən 2 metr olan gölləri var. Mağaranın 180 milyon il əvvəl yarandığı müəyyən edilib. Dupnisa mağarası bir-birinə bağlı iki mərtəbəli üç mağaradan ibarətdir. Yuxarı mərtəbədəki Quru mağaranın içərisindəki stalaktiklər və stalaqmitlər onları nəhəng ölçüləri ilə görənləri heyrətə gətirir. Aşağı mərtəbədəki Sulu mağarası yeraltı çayı və dərin gölləri ilə macəra və təbiət idmanlarına maraq göstərənləri cəlb edir.

Antalyadakı Karain mağarası Türkiyənin insanların yaşadığı ən böyük təbii mağaradır. Qazıntılar nəticəsində ilk insanların izləri tapılmış və bu mağarada bəşər tarixinin əvvəlindən bəridir insanların məskunlaşma yeri olduğu müəyyən edilmişdir. Karain mağarası təkcə Anadolu üçün deyil, bütün dünya üçün əhəmiyyətli olan tarixdən əvvəlki arxeoloji sahə olaraq xarakterizə edilir. Buna görə də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Mağarada müxtəlif dövrlərə aid 11 metr hündürlükdə mədəniyyət təbəqəsi var. Ovçu-yığıcı əcdadlarımızın daş və sümükdən düzəltdikləri mağarada bu gün Anadoluda rast gəlinməyən sadə alətlər, muncuqlar, fil, kərgədan kimi heyvanların qalıqları tapılıb. Beş yüz min il əvvəl əcdadlarımızın harada yaşadığı ilə maraqlananlar Karain mağarasını Türkiyənin ən çox ziyarət edilən yerlərindən birinə çevirir.

Mağaralar təbiətin yüz minlərlə, hətta milyonlarla il ərzində inanılmaz zəhməti nəticəsində yaranan, xarici aləmlə əlaqənin kəsildiyi, insanları titrədən, lakin valeh edən yerlərdir... Yeraltının təsirli, sirli və estetik quruluşlarıdır... Onların tavanında, döşəməsində və divarlarında qeyri-adi rəng və formalı stalaktitlər, stalaqmitləri, travertinləri və özünəməxsus ekosistemi ilə insanları başqa dünyaya aparır. Mağaralar tarixdən əvvəlki dövrlərə aid məlumatlarla bəşəriyyətin keçmişinə qapı açır.

Bu gün Anadolunun müxtəlif yerlərindəki fərqli mağara birləşmələrindən danışdıq. Buz Dövrünün izlərini daşıyan Mersin Gilindire mağarası 1 milyon yaşındakı stalaktiklər və stalaqmitləri ilə Kastamonu İlqarini mağarası hər il 1 millimetr civarında böyüyən krujevaya bənzər formasiyaları ilə Antalya Zeytuntaşı mağarası və daha bir çoxu görülməyə layiqdir.



Әlaqәli Xәbәrlәr