İran-Azərbaycan münasibətlərində nə baş verir?

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “İran-Azərbaycan münasibətlərində nə baş verir?” başlıqlı yazısı

1708789
İran-Azərbaycan münasibətlərində nə baş verir?

İranın dini lideri Ayətullah Xamaneyinin səlahiyyətli  nümayəndəsi, Ərdəbil şəhərinin də imamı olan   Ayətullah Amilinin cümə xütbəsində Türkiyə- Pakistan- Azərbaycan arasında başlayan “üç qardaş” təlimlərindən narahatlığını ifadə etdikdən sonra İranı şirə bənzədərək Azərbaycanı da “şirin quyruğuyla oynamamağa“ çağırması, ardınca da İran ordusunun Arazın o tayında Azərbaycan ordusunun sərhəd boyu Erməni işğalından azad etdiyi ərazilərin tam qarşısında yerləşən Aslandüzdən İran Culfasına uzanan ərazidə hərbi təlimlərə başlaması daha təfsilatlı şəkildə  İran – Azərbaycan münasibətlərində yaranan gərginliyin səbəbləri, ümumiyyətlə Tehranın Cənubi Qafqaz siyasətinin əsas istiqamətləri üzərində durmağı zəruri edir. Görsənən odur ki,  44 günlük Qarabağ müharibəsi nəticəsində  regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycan ordusunun İranla olan bütün sərhəd zolağını işğalçılardan təmizləyərək vəziyyətə hakim olması, hərbi baxımdan İran-Ermənistan münasibətlərini nəzarət altına saxlayacaq coğrafi  mövqeləri Ermənistandan geri alması,  qardaş Türkiyə və Pakistanla gündən- günə dərinləşdirilən hərbi əməkdaşlıq, qlobal və regional güc dəyişimi baxımından da strateji mahiyyətdə olan  Zəngəzur dəhlizinin açılması zərurəti  İran dövlətini qane etmir.  

Əvvəlcə ordan başlayaq ki, XX əsrin başlarında Bolşevik Rusiyasının Azərbaycan- Türkiyə qardaşlığına qarşı həyata keçirdiyi ən böyük imperyalist proyekt olan Zəngəzur proyekti çərçivəsində hər iki ölkəni bir-birinə bağlayan, Anadolunun Qafqaz və Türküstanla quru bağlantısını təmin edən Zəngəzur vilayəti Azərbaycandan alınaraq Ermənistana hədiyyə edilmiş, orada yaşayan müsəlman türklər öz dədə-baba torpaqlarından köçə məcbur edilərək Zəngilanla Naxçıvan arasında Ermənistanın tərkibində bir Meğri rayonu formalaşdırılmışdır. 10 Noyabr sazişinə görə açılması vacib olan Zəngəzur dəhlizi də zorla Azərbaycandan qoparılaraq Ermənistana verilən, İranın Ermənistanla 36 kilometrlik yeganə sərhəddinin də keçdiyi, işğalçı Yerevan hakimiyyəti və Qarabağdakı separatçılar üçün illər uzunu nəfəs borusu rolunu oynayan o ərazini əhatə etməkdədir. İranın həm İrəvana, həm də Xankəndindəki separatçı qüvvələrə intensiv yük daşıyan TIR-larının da istifadə etdiyi Qafan-Gorus yolunun təqribən 21 kilometrlik hissəsi isə vaxtiylə işğal altında olmuş hazırda azad edilən Zəngilan və Qubadlı rayonlarının ərazisindən keçməkdədir. Azərbaycan ordusunun Qarabağ Zəfərindən sonra Bakı,  İran-İrevan yoluna da nəzarət etmə imkanı qazanmış ,qanuni haqlarına, hərbi- siyasi yöndən açıq üstünlüyünə baxmayaraq region ölkələrinin yeni geosiyasi vəziyyəti qəbul edərək nəhayət  bir-birilərinin ərazi bütövlüyünə hörmət etmək şərtiylə sülh və əməkdaşlıqdan yana bir siyasət izləməsi üçün konstruktiv siyasətə davam etmişdir. Bu səbəblə də həm Türkiyə, həm də Azərbaycan prezidentləri müharibədən dərhal sonra altılı regional əməkdaşlıq təklifini səsləndirmiş, 10 Noyabr sazişinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını, Ermənistanla sərhəddə  demarkasiya və demilitasiya işlərinin aparılmasını əsas gündəminə almışdır. Lakin  istər dəhlizin açılması, istərsə də Azərbaycanla sülh sazişinin imzalanması nöqtəsində  daxili və xarici çətinlikləri bəhanə edərək məsələləri zamana yayma taktikası həyata keçirən   Paşinyana bu nöqtədə Fransayla birlikdə Tehranın da dəstək verməsi, üstəlik İran  dövlətinə məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış edərək separatçılara yük daşıması  Azərbaycan iqtidarının səbrini daşırmış, İran səfiri XİN-ə dəvət edilərək bu davranışların dost və qonşu ölkə münasibətlərinə uyğun olmadığı ifadə edilmişdir. Etiraz notasından lazım olan nəticənin çıxarılmadığını görən Bakı əlində olan müxtəlif təsir mexanizmlərindən bəzilərini  işə salmaq üçün hərəkətə keçmişdir. Qafan-Gorus yolunun Azərbaycan ərazilərindən keçən hissəsində sərhəd-keçid postu, polis məntəqəsi quraşdırılaraq yoxalamalar həyata keçirilməsi, İrandan  gələn yük maşınlarından  gömrük rüsumu tələb edilməsi Azərbaycan- İran münasibətlərində gərginlik elementlərinin artmasına səbəb olmuşdur.

Zəngəzur dəhlizi və İran- Azərbaycan-Ermənistan üçbucağında yaşananlar bölgədəki geosiyasi proseslərin gedişinə təsir etməklə birlikdə min il boyunca müxtəlif Türk xanədanları tərəfindən idarə olunan, Türk İslam mədəniyyətinin ən önəmli coğrafiyalarından biri halına gəlmiş  İrandakı  hakimiyyətin Azərbaycan və Türk dünyasıyla  bağlı apardığı siyasətin əsas çizgilərini də ortaya çıxarmaqdadır. 30 illik Erməni işğalı dövründə Arazın bu tayındakı  şəhər və kəndlərdə hər şey yerlə yeksan edilib məscidlər donuz ahırı halına gətirilərkən, Ermənistanla müttəfiq münasibətləri içində olan İran İslam Respublikasının buna səssiz qalması, üstəlik  Azərbaycan əsgərinin süngüsünün gücüylə ədalət bərqərar olduqdan, o torpaqlardan yenidən əzan səsi yüksəldikdən sonra  bölgənin İslam mədəniyyətini  təmsil edən bütün çox əsrlik abidələrini, məscid və məzarlıqlarını dağıtmış, daşı-daş üstündə qoymamış, rüsvayçı bir şəkildə Azərbaycan ordusuna  məğlub olmuş Xankəndindəki Erməni separatizminin qalıqlarını nəyəsə ümid edərək, bəsləməyə davam etməsini anlamaq mümkün deyildir. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan Türklərindən ibarət olduğu da unudulmamalıdır.

Tarixin fəlsəfəsinə, gedişatına qarşı dirəniş ortaya qoymaq asan məsələ  deyil. Türk Dünyasının yeni bir intibah, yüksəliş dövrünə daxil olduğu, İpəkyolunun yenidən canlandığı açıqdır. Azərbaycan hərbi-siyasi yöndən, nəqliyyat dəhlizləri etibariylə İpəkyolunun kilid ölkəsi, Cənubi Qafqazın cazibə mərkəzi halına gəlmişdir. Bakı daima İranla dostluq və qonşuluq münasibətlərinin inkişafından yana olmuş, beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Hindistanı Rusiyayla bağlayacaq Rəşt-Astara dəmiryolunun sürətlə tikintisi üçün kredit belə ayırmışdır. Lakin İranın sanki Azərbaycanın strateji önəminin getdikcə artmasını həzm etməyərək bu proyekti müxtəlif bəhanələrlə ləngitməyə çalışması, Zəngəzur dəhlizinin açılmasını istəməyərək bu dəhlizin yer aldığı ərazilər üzərindən Ermənistandan Gürcüstana uzanan yeni nəqliyyat  maşrutu təklif etməsi,  Türk Dünyasının inteqrasiyasdan narahat olması da ortadadır.



Әlaqәli Xәbәrlәr