Post-münaqişə dövrü Avropa İttifaqının Cənubi Qafqaz siyasəti

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Post-münaqişə dövrü Avropa İttifaqının Cənubi Qafqaz siyasəti” başlıqlı yazısı

1681585
Post-münaqişə dövrü Avropa İttifaqının Cənubi Qafqaz siyasəti

Sirr deyil ki, dünya siyasəti və qlobal  güc şəkillənişinin nüvəsini təşkil edən  Avrasiya bölgəsində artıq  mühüm geopolitik proseslər cərəyan etməkdə, önümüzdəki on illiklərə təsir edəcək dəyişimin təməlləri atılmaqda, buna görə də  bütün güc mərkəzləri üçün yeni sınamalar, risk və imkanlar ortaya çıxmaqdadır. Dünyanın “Covid-19” pandemiyasının gətirdiyi problemlər, çətinliklərlə məşğul olduğu, qlobal istləşmənin  insanlığın gələcəyini təhdid edər səviyyələrə yüksəldiyi psixoz mühiti içində bu geopolitik dəyişimin gətirəcəyi  nəticələrin nə olacağına beyin mərkəzləri tərəfindən yetərli diqqət göstərilməsə də Amerika geriləməsinin bariz xüsusiyyətlərini özündə  ehtiva edən yeni Avrasiyanın  əsas oyunçularının coğrafiyanın tarixi-siyasi varlığına damğa vuran Türkiyə, Rusiya və Çin kimi dövlətlər olacağı da aydınlaşmaqdadır. Azərbaycan ordusunun Qarabağ zəfərindən sonra Asiyayla Avropa arasında körpü rolunu oynayan, tarix boyu böyük güclərin maraqlarının toqquşduğu bir arena kimi də ön plana çıxan Cənubi Qafqazın gələcəyinin necə olacağı, Əfqanistan bağlamında daha da aktuallaşan Asiya qarşıdurması və ya  uzlaşmasının nə şəkildə  cərəyan edəcəyi ətrafındakı müzakirələrdə təsbit edilən  bəzi siyasi həqiqətlər də proseslərin xarakterini anlamağa kömək edir. İmperyalist hesablamalar və silah zoruyla həyata keçirilmək istənən Sovet ideoligiyası və Amerika "demokratiya"sının Əfqanıstanda və digər regionlarda iflas etdiyi ortadadır.

   Hazırda istər Orta Asiya istərsə də Cənubi Qafqaz regionunda sabit, təhlükəsiz, inkişaf etmiş və əməkdaşlığa açıq bir regional mühitinin təsisi üçün Türkiyə-Pakistan-Azərbaycan, Türk Dünyası xəttində inteqrasiyanın ön plana çıxması, Rusiya və  Çin kimi böyük dövlətlərlə də uzlaşma labüd görünür. Yenidən canlanan İpəkyolunun əsas tərəflərindən biri olması etibariylə dayanıqlı sülh və stabilliyin yaranması nəticəsində kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşməsindın ən çox fayda təmin edəcək tərəflərdən biri də şübhəsiz güclü iqtisadiyata sahib Avropa İttifaqı, İngiltərə olacaqdır. İstiqrar və əməkdaşlıq mühitinin alternativi olan toqquşma və kataklizmlər onsuz da Yaxın Şərq və Afrikadan Avropaya doğru yayılan köç dalğasına Asiya qaçqınlarının da əlavə olunmasıdır ki, Avropa İttifaqı xüsusilə bu reallıqları görərək regional siyasətini formalaşdırmalıdır. Bu bağlamda Cənubi Qafqazla siyasi və ticari əlaqələrin inkişaf etdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, Cənubi Qaz Dəhlizi kimi proyektlərin möhkəmləndirilməsində əlbətdə ki, Azərbaycan-Türkiyə İttifaqının post-münaqişə dövrü ortaya qoyduğu konsepsiyanın müdafiə edilməsi, Ermənistanın hər iki qonşu ölkəylə normallaşmaya getməsinin Avropa tərəfindən də təşviq edilməsi daha da vacib hala gəlir.

   Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri sırasında Azərbaycan Prezidenti İ. Əliyevin də ifadə etdiyi kimi Azərbaycan həm də Avropa İttifaqının regiondakı ən əsas ticari tərəfdaşıdır. Ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ilə aparılmaqda, üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir. Azərbaycanın İttifaqla strateji əməkdaşlıq haqqında saziş imzalamağa, bu qitənin enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırmağa meyilli olduğu da açıqdır.  Əməkdaşlığın inkişaf etdirilməsi və Avropa İttifaqıyla yeni müqavilə bağlanması Azərbaycanda da şəffaflıq və iqtisadi rəqabətin artırılmasına, işğaldan azad edilən torpaqların yenidən qurulmasında Avropanın maliyyə imkanlarından faydalanılmasına kömək edəcək, vizasız gediş-gəlişə yol açacaqdır. Şarl Mişelin çıxışında üzərində durduğu Azərbaycanla-Ermənistan arasında mina xəritəsi, məhbus dəyişimi və qalıcı bir sülh müqaviləsinin təməllərinin hazırlanmasında da Avropa töhfəsini verə bilər.

  Ancaq Fransa nümunəsində olduğu kimi beynəlxalq hüquqa, bölgənin həqiqətlərinə zidd şəkildə Erməni tərəfdarı siyasət həyata keçirilməsi, artıq Azərbaycanın regional bir güc mərkəzi halına gəlməsinin görülməməsi, Qarabağda yaşayan ermənilərə hansısa status istənilməsi, revanşistləri həvəsləndirəcək addımlar atılması Avropa İttifaqının regiona yolunu tamamən bağlaya da bilər. Azərbaycandan fərqli olaraq Ermənistan və Gürcüstan Avropa İttifaqından milyarlarla avro yardım almaqda, iqtisadi, siyasi və hərbi imkanları Bakıyla müqayisəyə gəlməməkdədir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində kritik rol oynamaqda, Bakı-Tbilisi-Qars dəmiryolu, Ələt beynəlxalq dəniz limanı, açılacaq olan Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanları, Zəngəzur yoluyla geniş coğrafiyaların inteqrasiyasında əvəzsiz coğrafi mövqeyini üstünlüyə çevirməkdədir. Coğrafi, siyasi, iqtisadi faktorlar bir yana regionla bağlı demoqrafik statiska da Azərbaycanı fərqli bir müstəviyə çıxarmaqdadır. Rusiya, Türkiyə və Azərbaycandan üç alim-Aleksandr Drujinin, Aydın İbrahimov və Mustafa Mutluerin ortaq araşdırmasına görə 1989-2020 arasında Ermənistanda əhalinin sayı %12, Gürcüstanda isə %35 azalıb. Sovet sonrası dövrdə ancaq Azərbaycanda müsbət demoqrafik dinamika olub. Ümumən 1989-cu ildə Cənubi Qafqaz əhalisi içində Türklərin (Türkçə danışanlar) nisbəti %40 idisə 2020- ci ildə bu faiz 56,5-ə yüksəlib.  Güney Azərbaycan faktorunu, Türk Dünyasının inteqrasiyasında Bakının rolunu bir kənara qoysaq belə sadəcə bu etno-demoqrafik tablo böyük dövlətləri  Şərqlə Qərb, Asiyayla Avropa arasında körpü rolunu oynayan Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqıyla hesablaşmağa məcbur edir.  Rusiyanın hakim dairələri də bu reallıqları, Avrasiyada Türkiyə-Rusiya uzlaşmasının alternativinin olmadığını qəbul etmiş kimi görünür.  Ermənistanın qaçınılmaz olan bu inteqrasiya layihələrində yer almasının yeganə yolunun Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan keçdiyi də açıqdır. Avropa İttifaqı Yerevanı bu prosesə məcbur etməli, böyük sülh sazişinin hazırlanmasında ciddi rol almalıdır. Rusiya faktorunu da diqqətə aldıqda İttifaqın Cənubi Qafqazda öz maraqlarını həyata keçirməsi, təsirini hiss etdirməsinin yolunun Türkiyə-Azərbaycan  ittifaqıyla daha sıx əməkdaşlıqdan keçdiyi  görülməlidir.



Әlaqәli Xәbәrlәr