Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bütün Türk Respublikaları üçün modeldir

Dr. Telman Nüsrətoğlunun "Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bütün Türk Respublikaları üçün modeldir" başlıqlı yazısını təqdim edirik.

1581059
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bütün Türk Respublikaları üçün modeldir

Sosial strukturu, təşkilat sistemi və hərbi zəkası etibariylə Türk xalqlarının əsgəri xarakterinin qüvvətli olduğu ilə  bağlı dünyanın fərqli ölkələrində  çox sayda əsərlər qələmə alınmışdır. Zatən dünya tarixinin axışı üzərində azacıq təfəkkür etməmiz bunun həqiqət olduğunu anlamaq üçün kifayətdir. Çin səddindən Aralıq dənizinə Türklərin hardasa digər millətlərin toplamının qurduğu dövlət sayı qədər dövlətlər, imperatorluqlar qurduğu, hökmdar və sərkərdələrinin böyük ordulara yön verdiyi açıqdır. Cahan hakimiyyəti məfkurələri gərəyi insanlığn talehiylə bağlı qlobal baxışlara sahib olmaları, yaradılanı Yaradandan ötrü sevməyə  çalışmaları, məzlumun yanında zalımın qarşısında yer alan inanc sisteminə, dəyərlərə olan bağlılıqları genetik kodlarında bulunan  ədalətli bir nizam üçün güc formalaşdırmaq fikrini də qüvvətləndirmişdir. Ayrıca  ticarətin qəlbinin döyündüyü  İpəkyoluna nəzarət etmək,  güzərgah coğrafiyalarını hakimiyəti altında tutaraq təhlükəsizlik və sabitlikdən məsul olmaq Türklərə fərqli dil, din və mədəniyyətə sahib karvanları, xalqları tolerantlıqla idarə etmək təcübəsi qazandırdığı kimi çox sayıda xalqa da rəfah və ədalət içində yüzilliklər boyu yan-yana yaşamaq imkanı vermişdir. Türklərin dövləti, ordu gücləri zəyiflədiyi zamanlar geniş coğrafiyalarda ədalət ve nizam anlayışını xaos və müstəmləkə istismarının əvəzlədiyi də bəllidir. Tarix bu həqiqəti də açıq bir şəkildə ortaya qoymuşdur ki, Türklər və onların hakimiyyət qurduqları mədəniyyət coğrafiyaları üçün birlik və ordu  gücü bütün baxımlardan mühümdür.  Bəzən bölünmüşlük gücün itirilməsinə,  qüdrətli ordu paradiqmasının ortadan qalxmasına və  geniş coğrafiyların fəlakətlə qarşılaşmasına da zəmin hazırlamışdır. Bu mənada xüsusiylə Çarlıq və Sovet işğalını yaşamış olan Türk cümhuriyyətlərinin  milli istiqlallarını qorumaq, məfkurələrini həyata keçirmək adına  tarixdən dərs almaları, orduları arasındakı əməkdaşlıqları artıraraq hərbi potensiyallarını  gücləndirmələri olduqca önəmlidir. Bu mənada Türkiyə-Azərbaycan qardaşlığının hərbi sahədəki birgə fəaliyyətləri digər Türk respublikalarına da örnək mahiyyətindədir.

Sovet İttifaqının dağılmasından  sonra hərbi müstəvidə Türkiyə və Azərbaycan arasında getdikcə dərinləşən, iki Oğuz ordusunun  qardaşlıq ittifaqına qədər qüvvətlənən bir model ortaya qoyulmuşdur. İlk gündən etibarən müstəmləkə dövrü sonrasında Azərbaycanın Qarabağ başda olmaqla işğal və ərazi bütövlüyü problemi yaşadığını, regional təhlükəsizlik ehtiyacını diqqətə alan Türkiyənin hərbi elitası Bakının hərbi baxımdan güclənməsinə çalışmış, bunu Türkiyənin də regionda güclənməsi olaraq görmüş və mümkün olan dəstəyi əsirgəməmişdir. İki qardaş ölkə ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yoluyla milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etmişdir. 44 günlük müharibə sonrasında Azərbaycan Ordusunun əldə etdiyi  Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik güc balansı bütün yönləriylə təhlil edildiyi zaman Türkiyə-Azərbaycan ordularının hərbi əməkdaşlığının burada necə kritik bir rola sahib olduğu da anlaşılacaqdır. İki qardaş ölkə ordularının əməkdaşlığı yönündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan hərbi təhsil sahəsində əməkdaşlıq haqqında müqavilənin bağlanmasıyla  atılmış,  Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı zabit hazırlanmış, dəyişən şərtlərin ruhuna uyğun olaraq  geopolitik  güc və imkan dəngəsi  içində, tədricilik metodologiyasıyla  inkişaf edərək  hərbi ittifaq səviyyəsinə qədər yüksəlmişdir. İki qardaş ölkə arasında qarşlıqlı milli maraqların təmin edilməsiylə birlikdə Türkiyə Silahlı Qüvvələri digər bir istiqamət olan Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avroatlantik məkana inteqrasiyası məsələsində də əməkdaşlığa mühüm töhfələr vermişdir. Qərblə Şərqin qovuşduğu  nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri, yollar baxımından olduqca strateji bir coğrafiyada yerləşən Azərbaycan, Avroatlantik məkanın təhlükəsziliyin təmini baxımından da  önəmli olduğu üçün NATO-nun Sülh Üçün Əməkdaşlıq proqramına daxil edilmiş, bu fəaliyyətlər də Türkiyə vasitəsiylə həyata keçirilmişdir.

Azərbaycan Ordusunun zabit ehtiyacını qarşılayan ən önəmli təhsil müəsəsələrindən biri olan Bakı Ali Hərbi məktəbi də Türkiyənin aktiv iştirakı və köməyiylə NATO standartlarında təhsil verən təhsil ocağı halına gətirilmişdir. İndiyə qədər müdafiə nazirlirlikləri arasında təmənnasız hərbi yardım, maliyyə yardımı, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında, “Kosovo Türk Taburu Görev Küvveti” tərkibində Kosovoya gedəcək Azərbaycan taqımının fəaliyyətinə dair saziş, Daxili Qoşunların şəxsi heyətinə  Türkiyənin Quru Qoşunlarının Ali Hərbi Məktəbində təlim-tədris verilməsi haqqında protokol və digər çoxsaylı saziş və müqavilələr imzalanmış, 20 iyul 2016-cı ildə  Azərbaycan prezidenti İ. Əliyevin imzaladığı fərmanla “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililər, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binası Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılmışdır.

2010-cu il sentyabrın 15-də imzalanmış müqaviləylə  Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrin inkişafında yeni mərhələnin də əsasını qoymuşdur. Müqavilənin maddələrindən birinə  görə, ölkələrdən hər hansı birinə  qarşı hərbi hücüm həyata keçirilərsə hücuma uğramayan ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcəkdir.  Bu müqavilə faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər. İki ölkə ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirirlməsiylə bağlı zirehli texnika, artilerya qurğuları, hərbi aviasiya və hava hücümündan müdafiə qüvvələrinin də cəlb edilməsiylə  həyata keçirilən çox saylı birgə təlimlər  də birlik və əməkdaşlığın önəmli istiqamətlərdən birini təşkil etməkdədir. Sadəcə 2020-ci ildə Azərbaycanla Türkiyə ordusu arasında 20-yə yaxın birgə təlim həyata keçirilmişdir.  Qarabağ zəfəri sonrasında həyata keçirilən  bu ilin də ilk təlimləri  Qarsda davam etməkdədir. Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəszliyinə də təminat verən ölkədir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təlimlərin, dərinləşən hərbi əməkdaşlığın önəmli iştirakçısından birinə çevrilməsi, Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən səsləndirilən Naxçıvanda Türkiyənin daimi hərbi bazasının yaradılmasının vaxtının gəldiyi yönündəki fikirlər Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təmini üçün Türkiyənin hərbi varlığıyla  bölgədə iştirakının vacib olduğunu ortaya qoyur.  

Gündən-günə qüvvətlənən hərbi sənayesiylə  gəmi inşaatından müxtəlif silah sistemlərinə Türkiyənin  Azərbaycanla birgə istehsalı da gündəminə alması qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək ordularının gücünə güc qatacağını göstərir. Qarabağ zəfəri sonrasında  Ankaradan gələn hərbi heyəti  qəbulunda  Azərbaycan prezidenti İ. Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkə  ordularının inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi haqdakı sözləri, müharibədə Azərbaycan Ordusuna böyük üstünlük qazandıran  Türkiyə istehsalı  Bayraktarları mədh edərək Azərbaycanın  xaricdən  silah alımında da  yaxın zamanlarda Ankaranın ilk sıralara yüksələcəyini  ifadə etməsi iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişaf səviyyəsini göstərmək baxımından mühümdür.



Әlaqәli Xәbәrlәr