20 Yanvar-Sovet İmperiyasının Azərbaycan xalqına məğlub olduğu gün

Dr. Telman Nüsrətoğlunun "20 Yanvar-Sovet İmperiyasının Azərbaycan xalqına məğlub olduğu gün" başlıqlı yazısını təqdim edirik.

1567608
20 Yanvar-Sovet İmperiyasının Azərbaycan xalqına məğlub olduğu gün

Azərbaycanı iki yerə ayıran 1813 Gülüstan və 1828 Türkmənçay anlaşmalarından sonra Çarlıq Rusiyasının işğalı altında qalan Şimali Azərbaycan Türkləri müstəmləkəçilik boyunduruğundan çıxmaq, yenidən   istiqlaliyyət  və müstəqilliklərinə  nail olmaq üçün çilələrlə dolu uzun bir yol keçdilər.

İsti dənizlərə çıxmaq hədəfiylə 1552-ci ildə Kazan Xanlığını ələ keçirdikdən sonra Qızıl Orda imperiyasının varisləri olan digər Xanlıqları da  mərhələ mərhələ özünə tabə etdirən Rusiya əsrlər boyu Qaradəniz və Xəzər hövzələrində hakimiyyət quran Müsəlman Türklər üçün də ən böyük problem halına gəldi. Moskva pravoslav dünyasının üçüncü Roması olmalıdır dini- ideoloji doktrinasını özünün əsas şüarlarından birinə çevirən Çarlıq rejimi əsasən Türk Müsəlman əhalidən ibarət olan Volqaboyu və Qafqaz ərazilərində qalıcı ola bilmək üçün  etno-demoqrafik proyektlər, assimilyasiya və boyunduruq altında tutma üsulları üzərində də düşünməyə başladı. Pyotr hələ XVIII əsrin başlarında Xəzər ətrafı bölgələrə hərbi yürüşə çıxmadan öncə elçilik heyətləri, elmi ekspedisya qrupları adı altında Cənubi Qafqaza  göndərdiyi kəşfiyyatçılara ermənilər başda olmaqla burada dağınıq halda yaşayan Xristiyan xalqlarla bağlı məlumatlar toplamaq, onlarla əlaqələr qurmaq və işğal sırasında onların potensiyalından faydalanmağı da tapşırmışdı. Əsrlər boyu Türk dövlətlərinin hakimiyyəti altında olan coğrafiyalarda  yaşayaraq özlərini bu dövlətlərin ən sadiq vətəndaşı kimi göstərən  Erməni tacirlər bu səfər Çarlıq ordusuna bələdçilik edərək Cənubi Qafqazın işğalında canla başla öz funksyalarını yerinə yetirdilər. Eçmiədzin mərkəz olmaqla “dənizdən dənizə böyük Ermənistan” xülyasıyla yaşayan Erməni kilisələri və milli elitası Çarlıq rejiminin bölgəni işğalını,  Türk İslam dünyasının lokomotiv gücü olan Osmanlıyla bağlı imperialist hesaplarını da  fürsət bilərək  hərəkətə keçdilər.

Yuxarıda vurğuladığımız kimi Çarlıq Rusiyasının da bölgədə qalıcı ola bilmək üçün Azərbaycan xanlıqlarının etnik tərkibinin dəyişdirilməsindən, siyasi-inzibati quruluşunun yenidən qurulmasına qədər bir sıra planları vardı. Bu plan çərçivəsində ilk əvvəl Almanlar, daha sonra mərkəzi quberniyalarda müxtəlif üsyanlarda iştirak edən radikal  Xristiyan təriqəti mənsubları olan  Ruslar kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməyə, burada pravoslav xristiyanlığını yaymaq üçün dövlət dəstəkli müxtəlif misyoner cəmiyyətləri qurulmağa başlandı. Bu dövrdə əsası qoyulan, Qafqazın müstəmləkəçilikdən xilasının da önündəki ən böyük əngəl olan Azərbaycanın etno-demoqrafik xəritəsinin dəyişdirilməsinə yönəlik ən böyük proyekt Türkmənçay anlaşmasından sonra  böyük kütlələr halında Ermənilərin başqa dövlətlərdən gətirilərək İrəvan və Qarabağ Xanlığı torpaqlarına yerləşdirilmələri oldu. Çarlıq rejimindən sonra Sovet dövlətinin də eyni anti Türk doktrinası çərçivəsində həyata keçirirdiyi köç siyasəti sayəsində gəlmə Ermənilər yavaş yavaş Müsəlman Türk əhalini öz torpaqlarından köçə məcbur etməyə, terror təşkilatları quraraq qətliamlar yoluyla öz niyyətlərinə nail olmağa çalışdılar. 1905, 1918-cil illərdə  Azərbaycanın əsrlər boyu Türk şəhərləri  kimi məhşur olan  Bakı, Şamaxı, Quba, Gəncə kimi şəhərlərində minlərlə Müsəlmanın qətl edilməsi, soyqırım cəhdi Erməni terrorunun, işğal müstəmləkəçiliyinin hansı nöqtələrə çatdığını təsəvvür etmək, Azərbaycan Türklərinin son əsrlərdə başlarına gələnləri anlamaq üçün önəmlidir. Çarlıq imperiyası dağılmış, Bolşeviklər inqilabla iş başına gəlmiş,  yeni geopolitik şəraiti müstəqilliyini yenidən qazanmaq üçün fürsət olaraq görüb  hərəkətə keçən Azərbaycan Türkləri yenə öz tarixi yurdlarında ən böyük problem olan Erməni məsələsi, terroruyla qarşılaşmışdı. O çətin tarixi şəraitdə Azərbaycan bir tərəfdən Qafqaz İslam Ordusu timsalında Anadoludan gələn qardaş yardımıyla dövlətçilik, müstəqillik uğrunda mübarizə apararkən o biri tərəfdən də Zəngəzur, Qarabağ vilayətlərində baş qaldıran Erməni terrorunu, işğalını durdurmaqla məşğul idi.  Ermənistan  qopa bilmədiyi  şovinist xülyaları, terror siyasətiylə  imperyalist məqsədlərə xidmət edərək sadəcə  Azərbaycanın deyil bütün Cənubi Qafqazın müstəqillik və əməkdaşlığının  önündə ən böyük mane olmuş, Bolşeviklərin Azərbaycandan başlayaraq Qafqazı işğalının zəminini hazırlamışdır. Sovet rejiminin represiyalar yoluyla Azərbaycanın milli elitasını yox etməsindən istifadə edən Ermənilərin Bolşevik liderlərin himayəsiylə Azərbaycanın siyasi-inzibati, hüquq mühafizə orqanlarını ələ keçirib Zəngəzuru necə Ermənistana hədiyyə etdiyini, Dağlıq Qarabağda hansı üsullarla Azərbaycanın tərkibində bir muxtariyyət yaradaraq sonra da Ermənistana birləşdirmək üçün çalışdıqlarını əvvəlki yazılarımızda yazmışdıq. Sovet dövrü dövlət səviyyəsində alınan qərarlarla mərhələ mərhələ Ermənistan adlanan tarixi İrəvan Xanlığı torpaqlarından geriyə qalan  Müsəlman Türk əhali də təmizlənincə növbə Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirməyə gəlmişdir.  

Qorbaçovun 1980-ci illərdə başlatdığı Yenidənqurma və Şəffaflıq siyasətini öz işğalçılıq niyyətlərini  həyata keçirmək üçün yeni bir fürsət olaraq görən Ermənilər qurduqları “Krunq”, “Qarabağ komitəsi” kimi təşkilatların vasitəsiylə Dağlıq Qarabağı Ermənistana birləşdirmək, oradakı Müsəlman Türkləri öldürərək evlərini, yurdlarını ələ keçirmək üçün  silahlanmağa başladılar. Azərbaycanda Erməni separatizminə, Qarabağda insanların öldürülməsinə etiraz edən xalq meydanları doldurmağa, Qarabağ şüar ilə mitinqlər keçirməyə, Moskvanın təlimatlarıyla oturub duran Azərbaycan KP-nın rəhbərlərini  milli reflekslərlə hərəkət etməyə çağırır, müstəmləkə əsarətindən xilas olmaq üçün təşkilatlanmaqdan başqa yol görmürdü. 1988-ci ilin iyun ayında  Ermənistan SSR Ali Sovetinin sessiyası Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə birləşdirilməsi məsələsini müzakirə edərək müsbət qərar qəbul etmiş,  iyulun 18-də SSRİ Ali Soveti Dağlıq Qarabağı xüsusi iclasının müzakirəsinə çıxartmışdı. Moskva Ermənilərin mövqeyində olan  Arkadi Volskinin rəhbərliyiylə Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi yaradaraq Erməni separatizminin daha da genişlənməsinə rəvac verincə Azərbaycan xalqının milli mübarizəsinə rəhbərlik etmək üçün “ Varlıq” , “ Çənlibel”,  “Gənc Alimlər” kimi təşkilatlar yaranmağa başladı. Bütün bu təşkilat və cəmiyyətlər birləşərək Azərbaycan Xalq Cəbhəsini təsis etdi. Hələ Sovet rejiminin ən qüvvətli olduğu dövrlədən  Türklük məfkurəsi və  Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Ə. Elçibəy hərəkatın lideri seçildi. AXC-ylə birlikdə artıq Qarabağ və müstəqillik uğrunda mübarizənin yeni və daha təşkilatlı bir mərhələsi başlanmışdı.  Qərb mətbuatı Azərbaycan xalqını  ilin ən azadlıq sevər,  mübariz xalqı seçir, yüz minlərlə insan Təsadüfi deyil ki 20 Yanvar qırğını ərəfəsində SSRİ Müdafiyə  Naziri Yazov Azərbaycan Xalq Cəbhəsinin strukturlarını məhv edəcəyik deyə bəyanat vermişdi. Azərbaycan xalqının bu möhtəşəm dirənişi,  milli birliyi  Qorbaçov başda olmaqla Erməni tərəfdarı  Sovet rejimini qorxutmuş, Bakıdakı xalq hərəkatına qarşı silahlı əməliyyat keçirmək,  ayağa qalxan Azərbaycanı qanla yatırmaq haqqında qərar qəbul edilmişdir. 20 yanvar Sovet imperyalizminə qarşı Ümumazərbaycan qiyamıydı. Tanklarla, toplarla silahlanmış ordusuyla  qəddarcasına öz vətəndaşları olan  dinc əhaliyə divan tutan Sovet rejimi fövqaladə vəziyyət elan edib qorxu yaratmağa çalışsa da ertəsi gün milyonlarca insan tək ürək olub şəhidlərin dəfnində birləşmiş, bu sarsılmaz milli iradə qarşısında dünyanın ən böyük imperiyasından biri məğlub olmuşdur. Qorbaçovun qaranlıq və məkrli planlarına mane ola biləcəyini ehtimal edərək Sovet rəhbərliyindən uzaqlaşdırdığı mərhum prezident  H. Əliyev də Moskvada mətbuat konfransı keçirərək  bu  cinayətə imza atanlara qarşı nifrətini ifadə etmiş ,  xalqının müdafiəsinə qalxmışdır. Qarabağ üçün ayağa qalxan, milli birliyi, qəhrəmanlığıyla Sovet imperiyasını sarsan Azərbaycan 31 il sonra yenə o ruhla Qarabağ zəfərinə imza atmış, Cənubi Qafqazdakı strateji güc balansını dəyişdirmişdir.



Әlaqәli Xәbәrlәr