Erməni terroru

Qarabağ müharibəsi və Şimali Qafqazda bitməyən erməni terroru

1514332
Erməni terroru

Tovuz təxribatından sonra 2020-ci il 27 sentyabr tarixində Qarabağdakı işğalçı erməni qüvvələri Azərbaycanın mülki yaşayış məntəqələrinə, hərbi mövqelərinə yenidən hücumlar təşkil etməsinin ardından Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Getdikcə şiddətlənən hücumlar bölgədə və dünyada narahatlıqla izlənməkdədir. Azərbaycan Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş 7 rayonun da yer aldığı siyasi-coğrafi sərhədləri ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına üzv olmuş və ərazi bütövlüyü qeyd-şərtsiz bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən də tanınmışdır. 90-cı illərdə Sovetlərin dağılması ilə ortaya çıxan siyasi boşluqdan, Azərbaycanda hələ Milli Ordunun hazır olmamasından faydalanaraq Moskvadakı hərbi-kəşfiyyat qurumlarından dəstək alan ermeni silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etməyə başlayanda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası işğalın dərhal dayandırılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin aradan 27 il keçməsinə baxmayaraq bu qərarlar Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Problemin sülh yolu ilə həllini təmin etmək məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Fransa, Rusiya və Amerika kimi ölkələr eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olsalar da imzaladıqları qərarların icrasını Ermənistandan israrlı şəkildə tələb etməmiş, sülh danışıqlarında uzanıb gedən nəticəsiz müzakirələr bu olkəni işğal etdikləri torpaqlarda yeni məskunlaşma siyasəti həyata keçirməyə, status-kvonu davamlı vəziyyətə gətirməyə cəsarətləndirmişdir. Bir-birinin ardınca həyata keçirilən təcavuz və xain hücumlar, Livan və Suriyadakı ermənilərin, ASALA, PKK kimi çeşidli terror təşkilatlarınin üzvü olan qrupların Qarabağa yerləşdirilməsi faktlarından sonra Azərbaycan torpaqlarını işğaldan azad etmə əməliyyatlarını sürətləndirmişdir. Başlayan əməliyyatlarla bir-bir işğal altında olan şəhərlər, kənd və qəsəbələr, strateji yüksəkliklər işğaldan azad edildikcə azğınlaşan erməni silahlı birləşmələri özlərinin ənənəvi fəaliyyət üsullarına əl ataraq Qarabağdan, cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir kimi şəhərlərdə mülki yaşayış yerlərini, binalari hədəf alaraq uşaq, yaşlı, qadın demədən gecə evlərində yatarkən məsum insanları öldürməyə başlamışdır. İki əsrə yaxındır öz demoqrafik potensialları ilə razılaşmayan, coğrafiyanın tarixi həqiqətləri və yaddaşına zidd olan, imperiya mərkəzlərinin həvəsləndirməsi ilə heç bir güzəştə getməyən, davamlı olaraq hücum və terror həyata keçirən erməni təşkilatları siyasət və kilsə rəhbərləri tərəfindən uydurulmuş "Dənizdən dənizə Böyük Ermənistan" (Xəzərdən Qaradənizə) yaradılmasını irəli sürən Hay Dat ( erməni davası) doktrinası erməni xalqı da daxil Şimali Qafqaza sadəcə qan və göz yaşı, acılar gətirmişdir 1919 -cu il 25 fevral tarixində Paris Sülh Konfransındaki çıxışında Osmanlı vəziri Tevfiq Paşa Çar ordularının Şərqi Anadolu vilayətlərini işğal etdiyi dövrdən konfransın keçirildiyi tarixə qədər erməni birləşmələrinin 1 milyona yaxın müsəlmanı öldürdüklərini söyləmişdir. Sadəcə Anadoluda deyil, 77-78 Rus-Osmanlı müharibəsindən sonra, xüsusilə 1905, 1918 -ci il hadisələri vaxtı Qarabağ, İrəvan, Zəngəzur, Bakı, Gəncə, Şamaxı kimi Azərbaycan vilayətlərində erməni birləşmələri yüzlərlə kəndi yandırıb, şəhərlərdə terror həyata keçirmiş, Bakıdakı neft quyularını yandırmış, on minlərlə məsum insanı amansızlıqla qətlə yetirmişdir. Rusiya və Osmanlı dövlətlərinin arxivləri bu tarixi həqiqətləri ortaya qoyan sənədlərlə doludur. Gürcüstanın tanınmış dövlət xadimi və ziyalısı İlya Çavçavadze "Daşların fəryadı" əsərində XX əsrin əvvəllərində ermənilərin həyata keçirdikləri şovinist əməllərdən, terror hadisələrindən sadəcə müsəlmanlar deyil, gürcülər də başda olmaqla bölgənin digər xristian xalqlarının da necə zərər gördüyünü yazır. Bu vaxta qədər erməni terror təşkilatlarının Şimali Qafqazda həyata keçirdikləri qanlı olaylar haqqında xeyli sayda əsərlər yazılmışdır. Minlərlə sənəddən sadəcə bir neçəsinə aşağıda yer ayıracağiq.

Osmanlı dövlətinin Tiflis, Batum və Bakıdakı konsulluqlarının yazdıqları hesabatlardan, Rusiyanın Qafqaz Valiliyinin qeydlərindən hələ XIX əsrin sonlarından etibarən erməni təşkilatlarının silahlanmağa başladığı anlaşılır. Xüsusilə Bakının neft və sənaye şəhəri olması səbəbindən buraya işləməyə gələn ermənilərdən komitələrin pul topladıqları, bu pullarla silah alaraq sadəcə Qafqaz şəhərlərinə deyil, Van, Erzurum kimi Qərbi Anadolu vilayətlərindəki dasnaqlara da göndərdikləri, 1896-cı il Van üsyanında buğda çuvalları içərisində Bakıdan oraya böyük miqdarda silah göndərilməsi sənədlərdə əksini tapıb. Qafqaz və Osmanlı torpaqlarında üsyan törətmək, terror yolu ilə müsəlmanları qorxutmaq, köçməyə məcbur etmək istəyən daşnak dəstələrinin onlarla eyni fikirdə olmayan erməniləri də öldürdükləri tarixi həqiqətlərdir. Osmanlı arxivində yer alan Bitlis Valisi Rəşid Paşanın 13 dekabr 1904-cu il tarixli Daxili İşlər Nazirliyinə göndərdiyi yazıda Pervari qəzasının Özim kəndində biri keşiş olmaqla üç ermeninin İrəvandan gələn Niko və Pederus adında dəstə üzvləri tərəfindən öldürüldüyü bildirilmişdir. Yenə də Van vilayətindən Müküs qəzasına gedən İsfəhan adlı erməni din adamı və Özim kəndindən daha dörd erməni tacir üsyan qaldırmaq və silahlı əməliyyatlara başlamaq barədə bu dəstələrlə eyni fikirdə olmadıqları üçün öldürülüb. 77-78-ci il Rus- Osmanlı müharibəsindən sonra Rusiya hakimiyyəti altında olan Qarsdakı Osmanlı baş konsulluğundan Cəmaləddin bəyin Qars və Yerevanda təşkilatlanan gizli erməni cəmiyyətinin bölgədəki varlı ermənilərdən təhdid yolu ilə pul toplayaraq silah təmin etdiyi, pul verməyənləri və ya onları satan şəxsləri öldürdüyü, bu duruma Rusiya hökumətinin də göz yumduğu haqqında Osmanlı arxivində yer alan hesabatı da erməni terrorunun miqyasını anlamaq baxımından əhəmiyyətlidir. Rusiyanın Qafqaz Valiliyinə aid qeydlərdən sadəcə birində 1905-ci ildə zirvə nöqtəsinə çatan erməni terroru nəticəsində avqust ayından etibarən Şuşada 200-dən çox müsəlmanın öldürüldüyü, yüzlərlə evin yandırıldığı, Bakıda terror əməlləri nəticəsində 273-ü müsəlman, 134-ü isə qeyri-müsəlman olmaqla ümumilikdə 407 nəfərin öldürüldüyü, müsəlmanlara aid evlər, iş yerləri ilə birlikdə 300-ə qədər neft quyusunun da yandırıldığı, Balaxanı ərazisində erməni quldur dəstələrinə aid bir topun və bir çox silahın ələ keçirildiyi müəyyən edilib. Yenə Osmanlı dövlətinin Batum Baş Konsulluğunun 8 sentyabr 1905-ci il tarixli teleqrafnaməsində Bakıda iğtişaşların yenidən başladığı, Soçidə də erməni yaraqlılarının orada yaşayan müsəlmanlara hücum etdiyi, qarşıdurmalarda xeyli sayda ölü və yaralı olduğu, Rus ordusunun müdaxiləsi ilə vəziyyətin nəzarət altına alındığı ifadə edilir. Tiflis Baş Konsulluğundan göndərilən 22 noyabr 1905-ci il tarixli 963 saylı teleqrafnamədə isə Gəncədə erməni məhəlləsində məskunlaşan 300-ə yaxın müsəlman türkün evinin dağıdıldığı, özlərini müdafiə etmək istəyən əhaliyə topçu və süvarilərin atəş açdığı, çoxlu sayda ölü və yaralının olduğu bildirilmişdir. Yenə bolşevik dəstəkli erməni daşnak birləşmələrinin 31 mart 1918-ci il tarixində Bakıda həyata keçirdikləri soyqırımında minlərlə günahsız insan qətl edilmiş, bu vəhşilik şəhərdə yaşayan xristian əhalinin də hiddətinə səbəb olmuşdur. Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməsindən əvvəl Bakı, Şamaxı, Quba, Gəncə, Qarabağ kimi bölgələrdə erməni dəstələrinin həyata keçirdikləri qətliamlarin miqyası ilə bağlı çoxlu sayda kitablar, tezislər yazılmışdır. Eyni terror düşüncəsinin günahsız insanlara qarşı yönəlmiş əməllərinə Qarabağ işğal edilərkən Xocalıda da şahid olduq. Bu gün də dünyanın dörd bir tərəfindən erməni legionerlərini döyüşmək üçün Qarabağa çağıran baş nazir Paşinyanin paytaxt Yerevanda həmin legionerləri Azərbaycan torpaqlarına döyüşə göndərərkən etdiyi çıxışında " siz evlərinizi, yataq otaqlarınızı, uşaqlarınızı müdafiə etmək üçün döyüşəcəksiniz" deməsi Azərbaycanın necə bir düşüncə ilə mübarizə apardığını göstərmək baxımından əhəmiyyətlidir.

Dr. Telman Nusrətoğlu



Әlaqәli Xәbәrlәr