Həm Azərbaycan, həm Türkiyənin tarixinə düşən həkim (video-müsahibə)

TRT “Türkiyənin səsi” və TRT/Azerbaycan saytının qonağı Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim Məlahət Atasevərdir.

1240662
Həm Azərbaycan, həm Türkiyənin tarixinə düşən həkim (video-müsahibə)

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” və TRT/Azerbaycan saytının qonağı millətə, ölkəyə, dövlətə xeyir verən bir məsləyin sahibi, Türkiyədə uzun müddətdir yaşayan və çalışan azərbaycanlı xanım Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim Məlahət Atasevərdir. Xoş gəlmisiniz TRT-nin Azərbaycan redaksiyasına.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Başda siz olmaqla TRT-nin bütün çalışanlarına təşəkkürümü bildirirəm məni bura dəvət etdiyiniz üçün.

Sevda Mirzə (aparıcı): Siz çoxdandır Türkiyədəsiniz. Elə söhbətə bura gəlməyinizin səbəbindən başlayaq.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Mən 1990-cı ildə Türkiyəyə gəldim, ailə həyatı qurmaqla bağlı. Bakıda Tibb Universitetini bitirmişəm.

  Bura qədər çox illər keçdi, amma heç də hər şey asan olmadı. Mən Azərbaycandan Türkiyəyə gələn ilk gəlin idim.

Sevda Mirzə (aparıcı): Demək, ilk ailə körpüsü olmusunuz Azərbaycanla Türkiyə arasında.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Bəli. Dünyaya ilk övladım gəldikdən sonra mən məsləyimlə bağlı çalışmaq istədim. Türkiyə vətəndaşı olduqdan sonra ölkə həkimləri üçün olan TUZ imtahanına girdim, keçdim və qadın xəstəlikləri və doğum üzrə mütəxəssis həkim dərəcəsini aldım Ankarada. Amma mənə çox çətin keçdi: həm ailə, həm uşaqlar, həm işim, həm də başqa ölkənin qayda-qanunlarını öyrənib-alışmaqla bağlı. Çox gənc - 20-25 yaş arası idim o zaman. Bütün bunlarla belə Türkiyənin Səhiyyə Nazirliyində Azərbaycandan gəlib qeydiyyatdan keçən ilk məmur qadın həkimi oldum mən.

Sevda Mirzə (aparıcı): O zaman siz həm Azərbaycanın, həm də Türkiyənin tarixinə düşən həkimsiniz.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): 1993-cü ildə ixtisasa başladım, 1997-ci ildə bitirdim. Sonra Ankaranın ən ağır xəstəxanası olan Onkologiya xəstəxanasına təyinatım çıxdı. Bunu qeyd edim ki, o illərdə Türkiyədə 2 onkologiya xəstəxanası var idi: biri Bursa, biri Ankarada. Təsəvvür edin, Türkiyənin bütün rayonlarından axın-axın Ankaraya xəstələr gəlirdi. Gecə-gündüz əməliyyatlar edirdik. Heç istirahətim olmadı. Üstəlik ikinci uşağım da dünyaya gəldi. Həm 2 körpə, ailə, həm də xəstələr, çox çətin keçdi.

  Onkoloji xəstələrin əməliyyatı adətən 5-6 saat çəkir. Türkiyədən başqa Azərbaycan, hətta Kərkükdən gələn xəstələr var idi. Onlara əlimizdən gələn qədər yardım edirdik. Hardasa 13-14 il belə sürdü. Bundan sonra istədim ki, öz bildiklərimi gənc nəsillərə ötürəm. Yəni universitetdə tələbələrə dərs keçmək istədim. Giresun Universitetində bölüm rəhbəri olaraq işə başladım. 5 il də ora gedib-gəldim. Orada da dərslərim az deyildi, zamanım çox templi keçdi.

Sevda Mirzə (aparıcı): Demək, həkimliklə bərabər həm də müəllimlik etdiniz. İşlərinizin çox olmasına baxmayaraq, bir az da özünüz artırmısınız.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Görünür, mən rahat otura bilmirəm. Hər zaman qaçhaqaçdayam. Öyrənmək, öyrətmək, həm də faydalı olmaq istəyirəm.

  Bu arada onu da söyləyim ki, artıq 3 övladım var: iki oğlan, bir qız.

  Mən xəstələrin ağrı-acılarını, sevinclərini paylaşmaqla yanaşı, o ərəfədə akademik karyera da əldə etdim. Xüsusi vurğulayım ki, Azərbaycandan gəlib Türkiyədə qadın-doğum üzrə dosent dərəcəsini alan ilk həkiməm.

  Son 30 ildə Azərbaycandan çox həkim gələrək burada çalışıb və çalışır. Mən də onlara bilgi və təcrübə baxımından əlimdən gələn qədər yardımçı olmağa çalışıram.

  2018-ci ildə Azərbaycanda mamalıq və genekologiya üzrə gözəl bir tədbir keçirdilər, məni də dəvət etdilər. Özümü çox xoşbəxt hiss edirdim, çünki Azərbaycanda təhsil alıb sonra təkrar Azərbaycana mütəxəssis kimi dönmək qürurvericidir. Bundan sonrakı tədbirlərə də dəvət edəcəklərini söylədilər. Mən istəyirəm ki, oradakı həkimlərlə birlikdə akademik çalışmaları davam etdirək: Türkiyə həkimləri bildiklərini Azərbaycana, Azərbaycan həkimləri isə Türkiyəyə ötürsün. Biz həkimlər xəstələrə ancaq tibbi biliklərin bir-birimizə ötürülməsi və mübadiləsi yolu ilə yardımçı ola bilər.

Sevda Mirzə (aparıcı): Siz həm onkologiya, həm də genekologiya sahələri üzrə çalışırsınız.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Türkiyədə belə bir şey var: genekologiya üzrə çalışan digər sahələri də onunla birlikdə bilmək məcburiyyətindədir, həm müalicəsi, həm də cərrahiyyəsini. Mənim ilk şansım bunda oldu ki, təyinatım onkologiya xəstəxanasının qadın doğum şöbəsinə çıxdı. Burada çalışmağım sayəsində onkologiya və qadın xəstəliklərini qavramış oldum. Universitetdə də bu sahə üzrə bölüm rəhbəri oldum, dərs verdim. Eyni zamanda, süni mayalanma (tüp bebek) üzrə çalışmalarımı davam etdirdim. Bu gün süni mayalanma və onkologiya sahələri üzrə çalışıram. Əgər 25-30 il əvvəl xərçəng xəstəsi olan qadının yumurtalıqlarını tamamilə götürürdüksə, indi belə davranmırıq, uşağı yoxdursa, biz onu qorumağa çalışırıq. Çünki artıq texnologiya çox inkişaf etdi. Bu da o deməkdir ki, hal-hazlırda yumurtanı dondura bilirik, embrionu dondura bilirik. Amma əvvəllər bu imkanlar yox idi. Bunu necə edirik? Əməliyyat edərkən yumurtaları yuxarı çəkirik ki, müdaxilə zamanı zərər görməsin və qadın gələcəkdə doğa bilsin. Bu iki mühüm işi birləşdirəndə özümü çox xoşbəxt hiss edirəm: xəstələri həm müalicə edirsən, həm də onlara uşaq bağışlayırsan.

Sevda Mirzə (aparıcı): Qadın üçün ən böyük xoşbəxtlik ana ola bilməsidir. Uşaq ailənin sevincidir. İşdə, karyerada nə qədər uğurlar olursa olsun, uşağı olmağın sevinci başqadır qadın üçün.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Bu gün dünyada, o cümlədən Türkiyədə tibb sahəsi inkişaf edib, irəliyə gedib. Artıq onkologiya-genekologiya kimi iki sahəni birləşdirən bir sahə əmələ gəlib. Amma yenə xəstələr azalmayıb, çünki ekoloji faktorlar, ətraf mühit və qidalanma şəkli dəyişib. Məsələn, Qaradəniz bölgəsində Giresun Universitetində çalışdığım zaman müşahidə etdim ki, burada uşağı olmayan xəstə olduqca çoxdur, o cümlədən onkoloji xəstələr. Bunlar artdıqca biz həkimlər də tibbi bilikıərimizi artırmalı, inkişaf etdirməliyik ki, onlara yardımçı olaq, çarə edək.

  Yaxınlarda bir xəstəm gəldi yanıma. Mən 19 il əvvəl onu əməliyyat etmişdim. O zaman 18 yaşı və yumurtalığında xərçəngi var idi. Onu qoruyucu cərrahiyə əməliyyatı etdim, yəni yumurtalıqlarının bir qismini qorudum. Bu gün bir daha əminliklə düşünürəm: nə yaxşı ki, onu qoruyucu cərrahiyyə etmişəm. Əməliyyatdan 17 il sonra qız evləndi və arada fasilələrlə 2 uşaq dünyaya gətirdi. Yaxınlarda yenə yanıma gəlmişdi ki, “Üçüncü uşaq da dünyaya gətirə bilərəmmi?” Sağlamlığı baxımından iki uşağı da normal doğuşla olub. Yəni mən əlimdən gələni edirəm. İstəyərəm ki, azərbaycanlı onkoloji xəstələr də daim xəstəliklərini təqib etsinlər, etinasızlıq göstərməsinlər. Nə qədər erkən diaqnoz qoyularsa, o qədər müalicəsi yaxşı keçər.

Sevda Mirzə (aparıcı): Məncə, bu, bütün xəstəliklərə aiddir. Həkimə, xəstəxanaya getmək lazımdır ki, vaxtında müalicə olunasan, tez sağalasan. Danışdıqlarınızdan anlaşılan budur ki, həkimlik peşənizi çox ürəkdən sevir, bütün gücünüzü gözəl nəticələr üçün sərf edir, istədiyiniz alınınca da digər əməliyyatlara daha inamla girirsiniz.

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Düzdür. Hətta mənə deyirlər: “Bezmədinmi?” Mən isə yox, hələ də öyrənmək və öyrətmək həvəsindəyəm. Xəstələr “Allah razı olsun”, “Əllərinizə sağlıq” dedikləri zaman həkim daha da ruhlanır, daha çox yardım etməyə çalışır. Çünki burada əsas olan insanın həyatıdır. Biz həkimlər xətası olmayacaq qədər diqqətli olmalıyıq. Əməliyyat zamanı bir saniyə belə boşluğa yol vermək olmaz. Ani bir diqqətsizlik bir damarın kəsilməsinə səbəb ola bilər. Diqqət ən son həddə olmalıdır.

  Xəstəni dinləmək də bütün bunlar qədər vacibdir. Çünki xəstəliklər və orqanizmlər kitabla eyni olmur. Kitabı oxuyursan, obyektivdir, amma xəstə bir cubyektdir, fərdi xüsusiyyətlərə malikdir. Mən, lazım gəlirsə, yarım saat, bir saat dinləyir və danışıram. Xəstənin bütün içini aldıqdan sonra onu müalicə etmək asanlaşır. Düzdür, xəstəni dinlədikcə neqativ enerji alırsan, amma mənim üzüm hər zaman gülərüzdür.  

Sevda Mirzə (aparıcı): Doğrudan da həyatla kino, həyatla kitab eyni deyil, çünki insanların hamısı eyni deyil. Eyni ixtisasın sahibləri belə bir-birindən fərqlidir.

  Siz Bakıdan Ankaraya gələndən özünüzü tibbi baxımdan hələ də inkişaf etdirməkdəsiniz. Bundan sonra nələr etmək istəyirsiniz, həm özünüz, həm də Azərbaycan və Türkiyə ilə bağlı?

Məlahət Atasevər (Qadın Xəstəlikləri, Doğum, Süni mayalanma və Onkoloji-Ginekologiya üzrə mütəxəssis-həkim): Çox layihələrim var. Beynim heç durmur, elə hey qurur, yaradır. Yaxın zamanlarda bir dərnəyimiz olacaq: Azərbaycan, Türkiyə və Gürcüstan Həkimləri Qadın-Doğum Dərnəyi. Niyyətimiz Azərbaycan və Gürcüstan həkimlərini Türkiyəyə dəvət etmək, seminarlar, cərrahi əməliyyatlar və konfranslar yolu ilə onlara əldə etdiyimiz bilik və təcrübələri çatdırmaqdır.

  Ümumiyyətlə, tibb bir yerdə durmur. Otağımda o qədər yeni tibb kitabları var ki, oxuduqca, öyrəndikcə bitmir. Dünən bildiyimiz bu gün üçün fərqlidir, bu gün bildiyimizsə sabah üçün başqa olacaq. Ona görə də bizim oxumağımız, öyrənməyimiz heç bitməz. Mənim əllərim titrəmədikcə çalışacaq, cərrahiyə əməliyyatlar edəcəyəm.

Sevda Mirzə (aparıcı): Əlləriniz də, ürəyiniz də heç zaman titrəməsin, Məlahət xanım, ürəkli olaraq işlərinizə davam edin. Biz də Azərbaycan adına sizinlə fəxr edirik ki, Türkiyədə rəsmi olaraq fəaliyyət göstərən ilk azərbaycanlı qadın həkimisiniz. Eyni zamanda, Azərbaycan-Türkiyə arasında ilk ailə körpülərindən birisiniz. Övladlarınız və tələbələrinizin də sizin kimi həm Azərbaycan, həm də Türkiyə dövlətlərinə xidmət edəcəyinə inanırıq. Sağ olun.  



Әlaqәli Xәbәrlәr