"Özümü xoşbəxt, rahat, sərbəst hiss etdiyim məkan bu qəzetdir", F.Ağazadə

TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytı “Astara” qəzeti redaksiyasında qonaq oldu və baş redaktoru Fəridə Ağazadə ilə görüşdü. Müsahibəni oxuya və dinləyə bilərsiniz.

1016982
"Özümü xoşbəxt, rahat, sərbəst hiss etdiyim məkan bu qəzetdir", F.Ağazadə

Sevda Mirzə (aparıcı): Bu gün TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Azərbaycan Respublikasının Astara şəhərinin eyni adlı “Astara” qəzetinin baş redaktoru Fəridə xanım Ağazadədir. Biz, yəni TRT “Türkiyənin səsi” radiosu “Astara” qəzeti redaksiyasında qonaq olduq.

  “Astara” qəzetində bir müddət böyük bir durğunluq yaşandı. Bu durğunluğu aradan qaldıran Fəridə xanım oldu. Söhbətimizdə bu qəzetin sıfırdan başlayaraq necə bugünkü yüksək səviyyəyə gəldiyinin şahidi olacaqsınız.

Fəridə Ağazadə (“Astara” qəzetinin baş redaktoru): Xoş gəlmisiniz. Mən də öz növbəmdə TRT Azərbaycan saytının bütün üzvlərini, oxucularını füsunkar gözəlliyi, əsrarəngiz təbiəti, milli mətbəxi, subtropik bağları və ətirli çayları ilə məhşur olan, Azərbaycanın cənub qapısı, “Cənub mirvarisi” adlandırılan Astaradan salamlayıram və hər birinizə xoş diləklərimizi çatdırıram.

Sevda Mirzə (aparıcı): Fəridə xanım, siz çox gəncsiniz, həm də belə məsuliyyətli işin başındasınız. Fəridə xanımın “Astara” qəzetinə gələnə qədərki yolu və sonra “Astara” qəzetində olan fəaliyyətini bilmək istərdik. Bundan əvvəl qeyd edim ki, gözünüzü evdə açdığınız zamandan həmişə ailənizin, eyni zamanda, nəslinizin daim ictimai fəaliyyət içində olduğunu görmüsünüz. Bəlkə də bu, sizin istər ali təhsil almanızda, istərsə də sonrakı fəaliyyətinizdə özünü göstərib. 

Fəridə Ağazadə (“Astara” qəzetinin baş redaktoru): Mən 1993-cü ildə Astara rayonunun gözəl, axarlı-baxarlı Kişəbə qəsəbəsində anadan olmuşam. Astara rayon Nail Həsənov adına Kişəbə kənd orta məktəbini 2010-cu ildə bitirmişəm. 2011-ci ildə Xəzər Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş, 2016-cı ildə buranı “Qırmızı diplom”la bitirmişəm. 2017-ci il aprelin 4-ündən isə “Astara” qəzetinin baş redaktoruyam. Amma bundan əvvəl Bakıda bir neçə media orqanında fəaliyyət göstərmişəm. Jurnalistikaya gəlişim və bunu seçməyim mənim üçün çox xoşdur. Amma bunu da deyim ki, əslində mən hüquqşünas olmaq istəyirdim. Anam bu sahədə olduğu üçün uşaqlıqdan arzum bu idi. Atam pilot olmağımı istəyirdi. Mən isə düşünürdüm ki, qadın haqqlarının qorunması və bərpa olunmasında mənim də bir hüquqşünas kimi rolum olsun. Belə oldu ki, mən jurnalist oldum. Xəzər Universitetinin Jurnalistika fakültəsini bitirdim. Oxuduğum illərdə bir neçə jurnalistika müsabiqəsində iştirak etdim və birinciliklər qazandım. Artıq özümü jurnalistikadan, mediadan ayrı hiss edə bilmirəm.

Sevda Mirzə (aparıcı): Bildiyiniz kimi, “Astara” qəzetində mən də bir müddət çalışmışam. Daha doğrusu, mənim elə ilk jurnalist fəaliyyətim “Astara” qəzetindən başlayıb. Ümumiyyətlə, “Astara” qəzeti yerli jurnalistlərin yetişməsində çox mühüm rol oynayıb.

  Bilirik ki, 90-cı illər Azərbaycan dövlətinin, xalqının həyatında çox keşməkeşli bir dövr olub. Bu zaman bir çox sahədə durğunluq yarandı ki, bunlardan biri “Astara” qəzeti idi. Demək olar ki, qəzetin əvvəlki fəaliyyyətindən əsər-əlamət qalmamışdı. Siz Astaraya gözəl nəticəli dolplomunuzla döndükdən sonra bu iş sizə tapşırıldı. Hansı vəziyyətlə qarşılaşdınız və onları necə həll etməyə başladınız?

Fəridə Ağazadə (“Astara” qəzetinin baş redaktoru): Əvvəlcə bunu söyləyim ki, yenilikləri çox sevirəm. Düşünürəm ki, yeni fikirlər yeni uğurlara yol açır. Hər kəs işə başladığı zaman mütləq yeniliklər etməli, yeni fikirlər, yeni addımlarla işə başlamalıdır.

  Ölkənin ictimai-siyasi həyatında region qəzetinin xüsusi əhəmiyyəti var. Bilirsiniz ki, “Astara” da digər region qəzetləri kimi 1932-ci ildən nəşrə başlayıb. O, ötən dövrlərdə bir çox adlarla çıxmış, 1991-ci ildən etibarən isə “Astara” adı ilə oxuculara təqdim olunur. Qəzet bütün dövrlərdə milli mətbuatımızın ənənələrinə sadiq qalmış, öz səhifələrində rayonun tarixi, mədəni, sosial, ictimai, iqtisadi, siyasi və digər sahələrini geniş işıqlandırmış və bir növ səlnamə rolunu oynamışdır. Biz region qəzeti olaraq həqiqətən çox önəmli bir iş görürük. Bizim də üzərimizə böyük bir məsuliyyət düşür.

  Qarşımıza məqsəd qoyduq ki, qəzetimizi daha yüksəklərə qaldırmalı, rayon səviyyəsindən ölkə səviyyəsinə çıxarmalı, oxucu sayını artırmalı, maarifləndirmə işləri aparmalı, müxtəlif rubrikaların sayını çoxaltmalıyıq. Kollektivim mənə inandı, güvəndi və biz birlikdə bunu bacardıq. Səkkiz səhifəlik “Astara” qəzeti artıq 16 səhifə olaraq çıxır, həm də rəngli formatda və böyük.

  Ənənəvi media yeni mediadan geri qalmamalıdır. Onları paralel şəkildə davam etdirmək istədim. Bunun uğurlu alındığını da düşünürəm. Biz Astara.info.az xəbər saytını yaratdıq və onun vasitəsilə dünyanın istənilən yerində oxucularımıza yazılarımızı, məlumatlarımızı çatdıra bilirik. Həmyerlilərimiz daha çox maraqlanır rayonumuzla bağlı. Biz qəzetimizin internet xəbər portalını da yaratdıq.

  Kitab-qəzet yarmarkası təşkil etdik. Regionda və ölkədə ilk dəfə kitab və qəzet yarmarkasını təşkil etməyi Astarada məhz biz “Astara” qəzeti redaksiyası bacardı. Bunu etməkdə əsas məqsədimiz tariximizi öyrənmək, milli-mənəvi dəyərlərimizi qorumaq, qəzet və kitabların insanın həyatında hansı önəm kəsb etdiyini oxucularımıza çatdırmaq idi. Qəzetlər xalqın güzgüsüdür, bizim tariximizdir kitablarla birlikdə.

  Bir jurnalist olaraq düşündüm ki, təlimlər də həyata keçirək. Astarada 4-ünü etdik. İnformasiya, kommunikasiya, texnologiya, sosial şəbəkələrdən düzgün istifadə, erkən nigah, narkomaniyaya qarşı mübarizə və s.-lə bağlı orta məktəblərdə, pedaqoji kollecdə təlimlərim oldu.

  Göründüyü kimi, regionda uğur əldə etmək mümkündür. “Astara” qəzet kollektivi olaraq biz bunu sübut etdik ki, əgər qarşına məqsəd qoydunsa, xalqına, millətinə xeyirli fikirlərin, işlərin varsa, sən bunu regionda da olsan, həyata keçirə bilərsən, doğma kollektivinlə birlikdə. Onlar hər zaman mənə kömək edir, yüksək dəyər verir, fikirlərimi dəstəkləyir.

  “Astara” qəzetinin 4 nəfərdən ibarət çox gözəl kollektivi var. Mən həmişə bunu deyirəm: xoşbəxt olduğum, özümü rahat, sərbəst, fikirlərimi tam şəkildə ifadə edə bildiyim bir məkan varsa, o da qəzetimizin redaksiyasıdır.

  Bizim qəzetimizin peşəkar redaktorları, müxbirləri, kəndlərdə ştatdankənar müxbirlərimiz olub və var. Onlar bizim tariximizdir, onlar öyrənəcəyimiz insanlardır ki, bunu heç vaxt unutmaq olmaz. Hal-hazırda bizimlə təqaüddə olan peşəkar redaktorumuz Azər Abdullayev, onun qədər uzun illərdir “Astara” qəzetində çalışan peşəkar və dəyərli jurnalist Gülnar Əsədli var. Bir çox jurnalistlərin yetişməsində məhz “Astara” qəzetinin çox mühüm rolu olub.

  Xalqı və milləti üçün bir sıra müvəffəqiyyətlərə imza atmış və üstündən əsrlər keçməsinə baxmayaraq, xatirələri yaddaşlardan silinməyən görkəmli şəxsiyyətlərdən biri olmaq ən böyük arzumdur.

  Xalqımıza xas yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi yolunda göstərdikləri fədakarlıqlar hamı kimi məni də sevindirir, ürəyimi fərəhləndirir. Biz gənclər yüksək elmi biliklərə nail olmaqla, müasir və yeni texnologiyanın sirrlərini öyrənməklə qloballaşma prosesinə layiqli töhfəmizi verməli, böyük vətənpərvərlik mövqeyimizlə ölkəmizin daha da qüdrətlənməsi, inkişaf etməsi üçün əlimizdən gələni etməliyik. Həmçinin zərərli vərdişlərin qarşısının alınması ilə bağlı mübarizə fəallığımızı da artıqmalıyıq.

  Bunu da deməliyəm ki, regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri daha çox Bakıda çalışmağa üstünlük verir. Amma bu gün Bakıda təhsil alan gənclər peşəkarlığının nə demək olduğunu öyrənmək üçün region qəzetlərində də çalışmalıdır. Qəzetlərin jurnalistlərin həyatında həqiqətən çox böyük əhəmiyyəti var. Bu iş həm məsuliyyət, həm səbir, həm də diqqət tələb edir.

Sevda Mirzə (aparıcı): Universitet müəllimlərimizin dediyi kimi, “Qəzet jurnalistin qələmini cilalayır”. Qəzetdə çalışdınsa, artıq medianın hər sahəsində çalışa bilərsən.

Fəridə Ağazadə (“Astara” qəzetinin baş redaktoru): Doğrudur.

Sevda Mirzə (aparıcı): Müsahibə üçün sizə təşəkkür edirik və uğurlar arzulayırıq.

Fəridə Ağazadə (“Astara” qəzetinin baş redaktoru): Çox sağ olun, TRT-dəki əziz həmkarlarım.             



Әlaqәli Xәbәrlәr