Sənayedə ən əhəmiyyətli ehtiyac nədir?

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazıt Universiteti Politologiya fakültəsinin İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün analitik yazısını təqdim edirik. ("Türkiyə iqtisadiyyatının perspektivləri", 09-cu buraxılış 2018, 1 mart)

920710
Sənayedə ən əhəmiyyətli ehtiyac nədir?

  Sənayedə ən əhəmiyyətli ehtiyac nədir? Maliyyələşdirmənin yeni metodları hansılardır?

  Mövzuyla bağlı Ankara Yıldırım Bəyazıt Universiteti Politologiya fakültəsinin İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün analitik yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Türkiyə sənayesinin istehsal gücünün artırılması məsələsi maliyyə vəsaiti axtarışlarını intensivləşdirir. Xərclərin yüksək olması investorları ciddi maneələrlə üzləşdirir. Yeni investisiya dövründə Türkiyə sənayesinin yeni mərhələyə qədəm qoyması üçün atılacaq hər bir strateji addım son dərəcə əhəmiyyətlidir. Bu problemlərin həlli üçün yeni maliyyə mənbələri müəyyən edilməli və fərqli metodlar tətbiq olunmalıdır.

  Bu gün Türkiyədə sənayenin istehsal gücü koefisentləri 80 %-dir. 2017-ci ildə sənayenin istehsal gücündə 8,7 %-lik artım oldu. Bunlar Türkiyənin sənaye potensialından optimal istifadə və eyni zamanda, yeni imkanlara olan ehtiyacının göstəriciləridir.

  Bəs qarşıdakı dövrdə sənayenin istehsal gücünü artırmaq zərurətini necə təmin etmək lazım gələcək?

  Əvvəla, bu günün problemlərindən çıxış etsək, qarşıdakı dövrdə həyata keçirilməli olan ən önəmli məsələnin yeni maliyyələşdirmə metodunun tətbiqi olduğunu görərik. Belə ki, bu gün sənayeçilərin ən mühüm problemlərindən birini xərclərin yüksək olması təşkil edir. Sənayeçilərin öz kapitallarının 60 %-ə yaxınını faizə yatırması şirkətlərin işini rəqabət baxımından çətinləşdirir. Bu, eyni zamanda, innovativ istehsalın qarşısında da maneə kimi dayanır.

  Yeni maliyyə vasitələri və kapital bazarlarının inkişaf etdirilməsi məsələsində atılacaq addımlar sənayeçilər üçün həyati əhəmiyyət kəsb edən mühüm məsələdir. Yeni investisiya dövründə düzgün hasilat hədəfi ilə bağlı ortaya qoyulacaq plan və strategiyalarda maliyyə məsələsi üzərində ciddi düşünülməlidir. Bunun üçün nəzərlər, ilk növbədə, İnkişaf Bankına yönəlməlidir. İnkişaf Bankı daha artıq və etibarlı kapitala malik olmalıdır. Məhz bu yolla sənaye uzunmüddətli və etibarlı mənbələrlə təchiz oluna bilər. Bu çərçivədə həm sənaye şirkətlərinin uzunmüddətli investisiyalara yönəldilməsi təmin olunacaq, həm də bu şirkətlərin özəl banklarla təkbətək qalma təhlükəsi aradan qalxacaq. Çünki mövcud qısa müddətli ticari bank depozitləri ilə şirkətlərin investisiya qoyması və eyni zamanda, beynəlxalq bazarlar səviyyəsində rəqabətə girə bilməsi olduqca çətindir.

  Digər tərəfdən, Türkiyədə emal sənayesi məhsullarının 70 %-ni orta və aşağı səviyyəli texnologiya məhsulları təşkil edir. Yüksək səviyyəli texnologiya məhsulları isə 3,3 % səviyyəsindədir. Türkiyədə sənaye istehsalında yüksək səviyyəli  texnologiya məhsullarının payını artırmağın yolu yenə də maliyyədən keçir.

  İnkişaf Bankı texnologiya sektorlarını dəstəkləməklə bu məhsulların istehsalının artmasına təkan verəcək və beləliklə, Türkiyədə yüksək texnologiya məhsullarını istehsal edən sənayeləşmə dövrünün qapıları açılacaq.

  Əlbəttə, maliyyə dəstək modeli kimi yalnız İnkişaf Bankı ilə kifayətlənmək mümkün deyil, dövlət də aktiv şəkildə iştirak etməlidir. Bu baxımdan Varlıq Fondunu nəzərdən qaçırmaq olmaz.

  Varlıq Fondu real sektorun maliyyə ehtiyacını ödəmə məsələsində strateji əhəmiyyətə malikdir. Yeni investisiya dövründə Varlıq Fondu şirkətləri maliyyələşdirərək real sektorun investisiyalarında  ciddi artımlara səbəb ola bilər.

  Digər tərəfdən, Kredit Zəmanət Fondunun da maliyyələşdirmə məsələsində mühüm rol oynayacaq imkanı olduğunu yaddan çıxarmaq olmaz. Kredit Zəmanət Fondu 10 ilə qədər olan uzunmüddətli təminatlarla sənayeni dəstəkləyərək sənayeçilər üçün real addımlar ata bilər.

  Maliyyə dəstəyi ilə yanaşı ərazi ilə təmin olunma məsələsəsinin qarşısındakı maneələr də aradan qaldırılmalı, sənayeçilərə bu istiqamətdə imkanlar yaradılmalıdır.

  Ötən həftə Türkiyə Böyük Millət Məclisində (TBMM) İnvestisiya Mühitini Optimallaşdırmaq Məqsədilə Bəzi Qanunlarda Dəyişiklik Edilməsinə Dair Qanun Layihəsi qəbul edildi. İnvestisiyaların qarşısındakı maneələrin qaldırılması, bu mühitin optimallaşdırılması, sərmayədarların təşviqi və onları maliyyələşdirmənin müxtəlif metodlarının yaradılması bu gün Türkiyədə həm yerli, həm də xarici investor üçün ən ideal zəminin hazıranmasının göstəricisidir.

  Türkiyənin investisiya məsələsində yeni islahatlarla yola çıxdığı bu dövrdə sənayedə yeni maliyyələşdirmə metodunun tətbiqi sərmayədə davamlı uğurlar qazanılmasını təmin edəcək.

  Yeni investisiya dövründə yeni bir sənaye perspektivi zərurətdir. Əslində, bütün bu məqamlar bizə Türkiyənin yüksək gəlirli iqtisadiyyatlar siyahısına daxil olması ilə bağlı mühüm bir yol xəritəsi də təqdim edir. Beləliklə, Türkiyədə yüksək texnologiyalı sənaye investisiyalarının dəstəkləndiyi yeni bir inkişaf perspetivi görünür. 

 

"Türkiyə iqtisadiyyatının perspektivləri" verilişi, 09-cu buraxılış 2018, 1 mart



Әlaqәli Xәbәrlәr