Avropanın böhranı

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. "Qlobal perspektiv" proqramı_08 (21 fevral 2018)

915643
Avropanın böhranı

  Bir anlıq təsəvvür edin: yaşadığınız ölkədə beş xristian və ya yəhudi yandırılaraq öldürülərsə, dünyanın reaksiyası necə olardı? Məsələn, Fransada 2017-ci ilın 2 oktyabrında üçü türk uşaq olmaqla beş müsəlman yandırılaraq can verdi.

  Və ya bir ölkədə kilsələrə, sinaqoqlara hər il onlarla hücum edilsə, o zaman nə olar? Məsələn, Almaniyada 2015-ci ilin başından sonuna qədər – 1 il içində məscidlərə 24 dəfə hücum edildi. (http://gocvakfi.org/almanyada-cami-saldirilari/)

  Hər hansı ölkədə belə hadisələr, əlbəttə, arzuolunmazdır. Bu sualı vermək belə insana əziyyət edir. Amma, təsəvvür edin, belə hadisələr sizin yaşadığınız ölkədə olur. Dövlətə inamsızlıq, hüquq və azadlıqların pozulması müxtəlif həyat tərzlərinin təhdid altında olduğu bütün dünyaya ən yüksək pərdədən çatdırılır, yaddaşlara yazılır, o zaman o ölkənin vətəndaşı xəcalətdən başınızı qaldıra bilməz.

  Təəssüf ki, bu hadisələr Avropa ölkələrində olur. Amma nə siz hiss edirsiniz, nə də dünya.

  Hörmətli dinləyicilər, mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

Bir zaman dəyərlər yayan Avropa.

  Haqqına danışsaq, Avropa yaxın vaxtlara qədər belə deyildi. Xüsusilə, İkinci Dünya müharibəsinin çox acı təcrübələrini yaşayan, əməkdaşlığa, qarşılıqlı anlaşmaya, paylaşmaya səsləyən bir Avropa var idi. Elə bu müsbət baxış və fikirlər Avropa İttifaqını yaratdı.  

  Yenə müsbət gündəm və əməkdaşlıqla Avropa İttifaqı istər öz daxilində və istərsə də bölgəsində faşizm, nasizm kimi irqçi münasibətləri dəf etməyə, demokratik dəyərlərin təşviqinə, insan haqları, hüququn aliliyi, sosial və iqtisadi azadlıqların inkişaf etdirilməsində çox əhəmiyyətli məsafələr qət etdi. Bu gün gəldiyi məqamda bu dəyərləri bir-bir itirsə də, Avropanın müasir dövrə töhfələri də danılmazdır.

  Corc Fridman (George Friedman) "Avropa böhranı" yazısında 1945-1991-ci illər arasında Avropanın əldə etdiyi uğuru Avropanın deyil, Amerika (ABŞ) və Rusiyanın Avropanı sülhə məcbur etməsilə izah etsə də, bu fikirlə razılaşmaq insafsızlıq olar. Avropanın ağrılardan dərs çıxararaq daha prinsipal siyasət yürütməsi və regionuna müsbət təsiri inkar edilə bilməz.

  İçinə qapanan, qorxularına təslim olan və hər mövzuda inkişaf edən Avropa.

  Artıq belə bir Avropa yoxdur. Gün-gündən xaricilərə, qaçqınlara qarşı ziddiyyətli düşüncənin, islamofobiyanın artdığı bir Avropa var. Faşist və nazist partiyaların getdikcə səsləri yüksəlir, tərəfdarları artır. İrqçi partiyalar artıq hakimiyyət ortağı mövqeyinə gəlib. Müdrik liderlər azalmaqda, perspektivsiz başçılar artmaqdadır. İnsanların fərqli həyat tərzlərinə, onların ibadətxanalarına edilən hücumlar artıq xəbər dəyəri belə daşımır, yəni bu ölkələrdə adiləşib.

  Sosial araşdırmalar qaçqınların gün keçdikcə özlərini daha çox təcrid hiss etdiklərini ortaya qoyur.

  Siyasi partiyalar ölkəni daha yaxşı inkişafa aparacaqlarına dair pozitiv platformalar deyil, miqrantlar üzərindən neqativ gündəmlə iqtidar olmağa cəhd edir və buna nail olurlar. Məsələn, Avstriya nümunəsində olduğu kimi: partiya "sıfır qaçqın" vədilə hakimiyyətə gələ bildi. Türkiyənin yüzdə biri belə bu cür düşünmür. Avropa özünü qorxulu iqlimə təslim etməkdədir. (Türkiyənin qəbul etdiyi 3.5 milyon qaçqının yüzdə biri 35 min edir).

Rasionallığının itkisi.

  Ölkələr müəyyən dövrlərdə böhranlara düşür. Amma bu zaman dövlət qurumları və uzaqgörən liderlər ağıllı siyasət yeridərək böhranın dərinləşməsinə yol verməzsə, vəziyyətdən çıxış yolu tapırlar.

  Bu gün Avropada miqrant, müsəlman və türklərə münasibəti, daim onları günahlandıran yanaşmaları görüncə “avropalıların ağlı” ifadəsinə şübhə yaranır. Özünə inamını, rasionallığı itirmiş bir Avropa ilə üzləşirik elə bil. Sxolastika dövrünü keçərək inkişaf etdirdiyi işıqlanma zəifləməyə başlayır.

  Bu yerdə qeyd edək ki, sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) dini fəlsəfənin bir növüdür ki, orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmağa və sistemləşdirmək niyyətində idilər.

Avropa öz problemini miqrantların üzərinə atır.

  Qaçqınları öz böhranının səbəbi kimi göstərməyə çalışır. Miqrantlar, o cümlədən, müsəlmanlar, türklər uzun zamandır Avropada yaşayır. Sayları da çox artmayıb. Bu miqrantlar bu günə qədər həyat tərzlərini də bir o qədər dəyişməyiblər. Avropa ortaq dəyərlər nümunəsi göstərdiyi zamanlarda onlara üz tutan miqrantlara müsbət yanaşırdı. Amma bu gün vəziyyət tam tərsidir: Avropa gəlmələrə günahlandırıcı və kənarlaşdırıcı dillə yanaşır.

  Böhranın əsasında nə durur? - Avropada baş verən iqtisadi durğunluq, qloballaşmadan kifayət qədər qazanmaq, tarixləri böyu çoxmillətlilikdən uzaq olmaları, plüralizmdən ayrı düşmələri.

  Avropa İkinci Dünya Müharibəsi ərəfəsində buna bənzər bir vəziyyətə düşmüşdü. Ayrı-ayrı hökumətlər öz böhranına görə yəhudiləri problem kimi görürdü. Buna görə fərqlərdən qorxan və getdikcə təhdid hissinin artdığı Avropa öz böhranına görə yəhudilərlə “hesab çürütdülər”. Amma Avropanın İkinci Dünya Müharibəsi ilə özünü, regionunu və dünyanı atəşə verməsi böhranın yəhudilərlə bağlı olmadığını göstərdi. Eyni zamanda, Avropanın etdiyinin bədəlini bütün dünya çox ağır şəkildə ödədi.

  Bu gün miqrantlar və müsəlmanlar üzərindən Avropa özünü və gələcəyini müzakirə edir. Onlara qarşı ayırıcı siyasət yürüdür. Avropa gəlmələrin həyat tərzlərinə, ibadət otaqlarına edilən hücumları görməməzliyə qoyur. Halbuki avropalı ziyalı və dövlət xadimlərinin vəzifəsi tarixi təkrarlamamaq və ölümcül zərbə altına salmamaq üçün problemi düzgün həll etməkdir.

  Bəs Avropa içinə düşdüyü bu böhrandan çıxa biləcəkmi? - Qərb əvvəlcə böhranın səbəbini miqrantlar, müsəlmanlar və türklərdə deyil, özlərində axtarmalıdır. Amma bunu etmək Avropaya ağır gələcəyindən onun böhrandan çıxacağına da ümid etmək çətinləşir.



Әlaqәli Xәbәrlәr