Qlobal Perspektiv (01.2018)

İstanbul Perspektivi

881565
Qlobal Perspektiv (01.2018)

İstanbul Perspektivi

Ankara Yıldırım Bəyazıt Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı professor Kudret Bülbülün “İstanbul Perspektivi” mövzusunda yazdığı mətni  təqdim edirik.

Bu həftədən etibarən buraxılışımızın "Qlobal Perspektiv" adlı bölümünə başlayırıq. Bu bölümdə bir sıra məsələlərə toxunulacaq. Bəzən Balkanlara, Orta Şərqə, Qafqaza, Afrikaya aid məsələləri gündəminizə gətirəcəyik.  Bəzən də Fələstin, Krım, Axıska, Moro, Arakan kimi coğrafiyaların səslərinə qulaq verəcəyik. Bəzən Avropada övladı əlindən alınan bir ailənin, Qərbdə təcrid olunan bir qaçqının,  həyat yolunun axtarışında olan bir gəncin səsi olacağıq. Dili, dini, rəngi, irqi nə olursa-olsun,  yer üzünün bütün vicdanlı insanlarına səslənəcəyik. Daha çox dünyadan Türkiyəyə baxmağa çalışacağıq.  Dünyanın problemlərini  bu bölümümüzdə əks etdirəcəyik. Bir sıra hallarda ölkənin gündəminə qapanıb, qlobal inkişafdan qopuruq. Başqa ölkələrdə baş verənləri bilmədiyimiz üçün qət etdiyimiz məsafəni görə bilmirik. Halbuki, atalarımızdan bizə qalan irs başımızı qaldırmağı, dünyada nələr baş verdiyini görməyi və bizə olan ümidləri puç etməməyi tələb edir.

Bu halda dünyaya haradan baxacağıq?

 Bu gün dünyaya nəzər yetirdiyimizdə üç əsas problemlə üzləşirik. Ədalətsizlik, bölüşməmə və fərqli mədəniyyətlərlə birlikdə yaşaya bilməmək. Bəşəriyyətin bütün dərdləri, əzabları bu üç problemdən doğur. Bəs, bəşəriyyətin bu üç əsas problemini həll edə bilən bir təcrübəsi varmı?

Hamıya ədalət paylayan, aç qonşusunu düşünən, hansı dil, din, irq və rəngdə olursa-olsun, yaradılana yaradana görə xoş baxan bir ənənə varmı? Əgər bəşəriyyətin belə bir ənənəsi varsa, bizi hara aparacağını bilmədiyimiz, yoxlanılmamış ideyalar üzərindən deyil, yolumuza sınaqdan keçmiş və bizi sağlam bir gələcəyə aparan o ənənə ilə davam etməliyik.

 Ədalət, bölüşmə və plüralizm baxımından Qərb mədəniyyətinin içindən keçən yol hər halda, məhduddur. Bizə bu məsələlərdə öz mədəniyyətimiz daha çox bələdçilik edə bilər. Xorasandan Balkanlara min illik yürüşümüz üzləşdiyimiz problemlərin həlli üçün yolumuzu işıqlandıran mayak ola bilər.

 Bu aspektdən baxdıqda yüz il əvvələ qədər İstanbulun bəşəriyyətin bəlkə də ən qlobal məkanlarından biri olduğunu deyə bilərik. Hər hansı bir düşüncə, axın, ideologiya, anlayış  fərqliliklərin bir araya gəldiyi mühitdə daha çox dərinlik qazana bilər. Çünki bu fikirlər fərqlər və ziddiyyətlər şəraitində özlərini daha da gücləndirmək potensialı qazanırlar. Bu baxımdan, Məşrutə inqilabı dövründəki və ondan  əvvəlki İstanbul yaxın tariximizdə çox fərqli düşüncələrin bir arada mövcud olduğu və bu fikirlərin özlərini rahatlıqla ifadə etdiyi bir məkandı. İstanbul imperiyanın müsəlman (Türk, ərəb, kürd, alban, boşnak) və qeyri-müsəlman (xristian, yəhudi, erməni) əhalisinin bütün özünəməxsusluqları ilə birlikdə yaşadığı bir mühit və imkan idi. Bu xarakterə malik olmuş İstanbulun bugünkü problemləri daha ətraflı dəyərləndirmək üçün bir təcrübə nümunəsi olduğunu anlamaq böyük hünər deyil.

 Türkiyə ziyalıları 20-ci əsrdə Qərb mədəniyyətindən həddindən artlq təsirləndilər.

Daha yaxın tarixdə isə Misir, İran, Pakistan kimi ölkələrdəki ideoloji hərəkətlərdən də ruhlandılar. Şübhəsiz, Qərbdə və Şərqdə cərəyan edən prosesləri təqib etmək, müxtəlif şərhlər vermək və dəyərləndirmək bir nailiyyətdir. Amma bu ölkələrdəki prosesləri izləyən Türkiyə intellektuallarının yaxın dövrdə fərqliliklərin ən geniş mənada bir arada yaşadığı və bu səbəblə ən geniş ideoloji dərinliyin görülə biləcəyi İstanbulu və oradakı prosesləri kifayət qədər təhlil etdiklərini söyləmək  doğru olmaz. Respublikanın yaradılması  İstanbulun üstündəki pərdəni təəssüf ki, hələ də kifayət qədər qaldırmayıb.

 Halbuki bu gün belə dünyanın insanların kimlikləri ilə sərbəst yaşadığı, yadlaşdırılmadığı, başqa məkanlardakı insanlarının dərdini öz dərdi kimi qəbul etdiyi neçə şəhəri var ki ?! Bu səbəbldən bu gün ehtiyac duyduğumuz problemlərin həlli üçün  baxacağımız ən yaxın və ən uyğun yol İstanbul təcrübəsidir desək, yanılmarıq.Bu təcrübə qarşılaşdığımız bütün problemlərə işıq tuta biləcək bir potensiala malikdir. Bəlkə də məşhur tarixçi Toybee-nin nəzərdə tutduğu "dayanmış mədəniyyət" İstanbul təcrübəsidir.

 Özündə Şərqin və Qərbin təcrübəsini ehtiva edən İstanbul bu gün üzləşdiyimiz problemlərin həllində bizə bələdçilik edə bilər. Amma biz  bu gün bu təcrübədən qopmuş vəziyyətdəyik.

 Ona yenidən qayıtmağa və yolumuzu oradan salmağa ehtiyacımız var.



Әlaqәli Xәbәrlәr