“Həqiqətən qərib düşüb Güney Azərbaycan”, Y.Sönməz

Qonağımız Azərbaycanın bağlama saz ifaçısı Yanar Sönməzdir.

784021
“Həqiqətən qərib düşüb Güney Azərbaycan”, Y.Sönməz

Müsahib Yanar Sönməz: Əvvəla bunu deyim ki, Güneydə olanda mən sizin Bakıda İctimai Televiziyada hazırladığınız “Körpü” verilişinə baxırdım. Çox istəyirdim bir fürsət olsun, sizinlə görüşəm. 2014-cü ildə mən Bakıya gəldim. Sizi axtardım, soruşdum, Türkiyəyə gəldiyinizi, “Körpü” verilişinin də dayandığını söylədilər. Qismət bizi Ankarada görüşdürdü.

  Bəli, məndən soruşurlar ki, Yanar Sönməz kimlikdə (şəxsiyyət vəsiqəsində) olan adınızdır, yoxsa sənət adınızdır? Yanar Sönməz mənim səhnə adımdır. Ana-atamın mənə verdiyi ad Adil Fərəcullahidir. Allah rəhmət eləsin, professor Fərzanə mənə verib bu adı. Soruşdum ki: “Ustad, niyə Yanar Sönməz adı?” Dedi: “Səsində o yanğını gördüm. İfalarında o həyəcanı gördüm. Millətimizlə, vəziyyətimizlə, Vətənimizin bütün problemləriylə, tapdalanmış haqq-hüquqlarla bağlı oxuduğun mahnıları gördüm. Yanırsan. Amma arzum budur ki, sönməyəsən.”

  Güney Azərbaycanın Urmiyaya bağlı Qarazyadin şəhərində doğuldum, 25 yaşına qədər orada yaşadım. Bu, Xoyla Maku arasında balaca bir şəhərdir. O bölgə tarix boyu dərdlər, müsibətlər görüb. O zaman ermənilər Xoyda, Urmiyada, Səlmasda nə qədər qoyqırımlar törətdi. Onlar Urmiyanı, Səlması alır, amma Xoydan keçə bilmirlər. Xoylular dirənirlər. Osmanlı ordusu yardımlarına gəlir. Ümumiyyətlə, başı bəlalı olub Azərbaycanın. Xüsusən də Güney Azərbaycanın qərbi, ora da Qərbi Azərbaycan deyirik, bilirsiniz. “Gözəlin başı bəlalı olar” deyirlər ha, bax, Qərbi Azərbaycan da o qədər gözəldir ki, başı da gözəlliyinə görə həmişə bəlalı olub. Yerindən duran oranın torpağına sahib çıxmaq istəyir. Bir vaxt ermənilərin gözü olub, indi kürdlər çıxıb torpaq iddiası edir. Biz sizə əziz vətənimizdə qucaq açmışıq, qonağımızsınız. Sizin Azərbaycan torpaqlarına ilk girişiniz hələ 100 ili keçməyib. Necə olur, yeyib-içib durasan, torpaq iddiası edəsən? Belə bir şey ola bilməz. İzn vermərik belə bir şeyə. Tarix boyu da qoymamışıq, yenə olmayacaq. Təbii ki, arxalarında dayanan qüvvələr var, onlar da arzularını qəbirə aparacaqlar.  

Müəllif Sevda Mirzə: Türkiyəyə gəlişiniz necə oldu?

Müsahib Yanar Sönməz: Güneydən Quzeyə gəldim, Bakıya. Bir il orada GünAzTv-də çalışdım, “Gəl, danışaq” adlı canlı yayım verilişini həyat yoldaşım Həcər xanımla birlikdə apardım. Bir ildən sonra Türkiyəyə gəldik. Yenə eyni verilişi GünAzTv-nin burada olan studiyasında davam etdirdim. Türkiyəni sevdim. Təbiətinə baxırsan, eyni, dilimiz bir, dinimiz bir. Düzdür, insan nə qədər doğma yerindən uzaqlaşırsa da, addım basdığı yerlər üçün darıxır, ürəyi sıxılır. Amma Türkiyədə o qədər də deyil. Elə hesab edirəm ki, uzaqda deyiləm, vətəndəyəm. Hər zaman bu duyğu içimdə var və bunu yaşatmağa çalışıram. Vətənim Bakıya getdim, oradan bu Vətənimə gəldim. Yəni öz Vətənimdə dolanıram. Belə deyim: Vətəndən Vətənə gəlmişəm.

  Mən Tehranda da yaşamışam. Məni orada saxlayan ətrafımda olan Azərbaycan türkləriydi.

Müəllif Sevda Mirzə: Onsuz da Tehranın 40 faizi türklərdir.

Müsahib Yanar Sönməz: Ay sağ ol, dörvəmdə ki Azərbaycan türkləri var idi, birlikdə fəaliyyət göstərirdik, bundan kənarda mən qürbəti hiss edirdim. Kültürü kültürümə uymayan, dili dilimə uymayan bir yerdəydim. Bir də ki farsın türklərə qarşı apardığı assimilyasiya siyasəti, bəzən verdiyi töhmətlər, xəyanətlər, bunları – aşağılamaqları yaxından hiss edib görürsən ha, tam onlarla qarşı-qarşıyasan yəni. Bunu gördükcə orada qürbəti, qəribliyi yaşadım, burada isə qətiyyən hiss etməmişəm.

  Sevda xanım, bunu da deyim ki, sizin zəhmətləriniz unudulmazdır, keçmişdən də, elə “Körpü” proqramından da. Biz izləyirik sizin proqramlarınızı. Elə o zamandan da, indi də. Buna əmin olun. Azərbaycanımızın Quzeyində bilmirəm, amma Güneyində o qədər sizi sevənlər var. Bir saat qalmış, yarım saat qalmış, hər kəs televizorun qabağında “Körpü”nü gözləyirdi. Niyə? Proqramınızda o mövzular ki seçirdiniz, onunla hər kəsin ürək dərdlərini deyirdiniz. Orada bir söz deyirdiniz, elə bil mənim sözümü deyirdiniz. Hər kəsdə belə bir hiss, duyğu var idi, ona görə çox sevilən bir proqram idi. O dayanandan sonra doğrudan üzüldük. Mən ki üzüldüm, bilirəm, çoxları da üzüldü. Hər halda başqa şəkildə indi davam edir.

  Sonda vətəndaşlara, Azərbaycan xalqına bunları demək istəyirəm: ey Azərbaycanlılar, dünyanın gedişatını hamımız görürük nədir. Biz bir para terror təşkilatları kimi deyilik. PKK kimi - haqq-hüququ olmadığı halda haqq-hüquq istəyənlər kimi durub əlimizə nə silah alırıq, nə qan tökürük, nə də birinin haqqını yeyirik. Yeməmişik də heç vaxt. Ona görə aldığımız haqq-hüquq ki tam halda Allah vermiş haqq-hüquqdu, onları almaq üçün bizim güclü bir silahımız olmalıdır. Atomdan da güclü.

  Dünyada ən güclü silah birlikdir. Birliyimiz olsun. Birliyimiz olsa, diriliyimiz olar. Diriliyimiz olsa, varlığımız, kimliyimiz, mənliyimiz olar. Bunları qorusaq, hər şeyimiz olacaq. Birliyimiz, birliyimiz, birliyimiz - ən güclü bu gün silahımızdır. Bu birliyi pozanlar var. Uymayaq onlara. Bizi parçaladıqca bizi rahat yeyə bilirlər. Elə tarix boyu da başımıza gətirilən oyun bu olub. Yavaş-yavaş parçalanıb, kiçilib, sonra rahat bir tikə kimi yeyə biliblər.

  Gəlin, tariximizdə olan bəzi səhvləri təkrar etməyək. Birliyimizi hər zaman qoruyaq. Bir-birimizi eşitməyə qulağımız olsun. “Mən-mən” deməkdən vaz keçək. Gəlin, siyasətimizi, kültürümüzü bir amaca doğru yürüdək və hamımız o müqəddəs yolda davam edək. Son məqsədə tez varaq. O məqsəd bizə Allahın verdiyi təbii haqqlardır.

  Güney Azərbaycanlı olaraq mən də başqa türk dünyasında olan ölkələrə baxıb deyirəm: həqiqətən qərib düşüb Güney Azərbaycan. Baxın, bütün türk dünyasındakı ölkələr öz kültürləri, ana dilləri, məktəbləri, televiziyaları, mədəniyyətlərilə bağlı güclü-güclü müxtəlif festivallar keçirir, amma Azərbaycanın Güney hissəsində 40 milyona yaxın Azərbaycan türkü hələ ana dilində nə kültürünü icra edə bilir, nə səhnəyə qoya bilir, nə nümayiş etdirə bilir. Doğrudan qərib qalmışıq. Birliyimiz olsa, bunlar da olacaq. Bəlkə biz də dünyanın başqa millətləri kimi deyərik ki, bax biz də varıq.           

 

 



Әlaqәli Xәbәrlәr