Dünya İqtisadiyyatından Xəbərlər

Brexitin Avropa İttifaqına və Türkiyəyə mümkün təsirləri

707196
Dünya İqtisadiyyatından Xəbərlər

23 iyun 2016-cı ildə keçirilən referendumda 52% lehinə səs verilməklə başlayan Brexit prosesi İngiltərənin baş naziri Theresa Mayin bunu Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazılı olaraq bildirməsi ilə rəsmən başladı.

 İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın birləşdirilməsi  ilə yaradılan Birləşmiş Krallıq 60 il əvvəl qurulan Avropa İttifaqına daxil olarkən də uzun müddət tərəddüd etmiş, 1973-ci ildə yekun qərarını verərək rəsmən İttifaqın üzvü olmuşdur. Lakin çıxma haqqında günümüzdə aktuallaşan müzakirələr ilk dəfə aparılmır. Daha əvvəl bir neçə dəfə İttifaqın onlar üçün faydalı olub-olmaması məsələsini müzakirəyə çıxarmış Birləşmiş Krallığa mənsub ölkələr bu gün öz aralarında da bölünmüş vəziyyətdədir. İngiltərədə Krallığın İttifaqdan ayrılmasının lehinə daha çox səs verildiyi halda, Şotlandiyada 23 iyunda keçirilən referendumda Brexitə "yox" deyilmişdir. Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılaraq Avropa İttifaqında qalmağa davam edəcəkləri barədə mübahisələr ortaya çıxmışdır. İttifaqın özləri üçün bir yük olduğunu iddia edən və artıq bu yükü daşımaq istəməyən ingilislərin əksinə, şotlandlar İttifaqın özləri üçün vacib olduğu və Brexitin reallaşması halında uduzacaqları fikrindədirlər.

İttifaqın siyasi olmaqla yanaşı, iqtisadi birlik olduğu nəzərə alınarsa, İttifaqdan çıxmağın bir də maliyyə tərəfi ortaya çıxır. Aparılan hesablamalara görə, Birləşmiş Krallığın Avropa İttifaqından ayrılma prosesi təxminən 60 milyard avroya başa gələcək. Bu səbəbdən hökumət  tənqid hədəfi olub. Bunun necə qarşılanacağı və ölkə iqtisadiyyatında necə əks olunacağı böyük mübahisə mövzusudur.

 Avropa İttifaqı rəsmiləri İngiltərənin Aİ-nin  daha az inkişaf etmiş ölkələrə qoyulan sərmayələrə töhfə verəcəyinə dair  öhdəlik götürdüyünü və İttifaqdan ayrılsa belə bu öhdəliyi yerinə yetirmək məcburiyyətində olduğunu bildirirlər. İttifaqdan ayrılarkən heç bir maddi məsuliyyətin altına girmək istəmədiyi barədə siqnallar verən İngiltərə Hökuməti isə digər üzv ölkələr tərəfindən yönəldilən tənqid oxlarının da hədəfidir.

Brexitin Türkiyəyə Mümkün Təsirləri

 Brexitin həm Avropa İttifaqı daxilində, həm də  qlobal sistemdə də təsirlərinin olacağı aydındır. İngiltərə "Eurozone" ölkələrinin vahid valyutası olan Avrodan İstifadə etməsə də, London Avropanın ən böyük maliyyə mərkəzi olmaq mövqeyini uzun illər qorudu.

2008-ci il Avro krizisi ilə başlayan iqtisadi böhran Avropa İttifaqının iqtisadiyyatını getdikcə zəiflədərək qlobal miqyasda böyümə sürətinin düşməsinə, uzun illər iqtisadiyyatı üst səviyyələrdə olan üzv ölkələrin də ən böyük iqtisadiyyatlar siyahılarında aşağı yerlərə enməsinə səbəb oldu. Bu, Türkiyə kimi inkişaf etməkdə olan ölkələr üçün  fürsət oldu.

 Xüsusilə, 2002-ci ildən etibarən qeyd etdiyi böyümə rəqəmləri ilə Türkiyə, həm bölgəsində, həm də dünya miqyasında inkişaf etməkdə olan ölkələr üçün nümunə mövqeyini əldə etdi. Avropada geriləməyə başlayan iqtisadi böyümə ilə əhəmiyyətini getdikcə itirən Londona alternativ olaraq İstanbulun adı tələffüz edilməyə başlandı. Proqnozlara görə, maliyyə mərkəzi olmaq  potensialına malik olan İstanbul Aİ-nin daxilindəki çəkişmələr səbəbindən Paris və Frankfurtun da arxa planda qalması ilə əhəmiyyətini artıracaq.

Bundan başqa, Brexit səbəbindən Avropa İttifaqı ölkələrindən aldığı mənfi reaksiyalar nəticəsində ticarət əlaqələrində dağılma yaşayan İngiltərənin son zamanlar verdiyi bəyanatlarda Türkiyə ilə əməkdaşlığını artırmaq istəyini nümayiş etdirməsi Türkiyənin əhəmiyyətini bir daha ortaya qoyur.

Şübhəsiz ki, Brexitdən sonra həm Birləşmiş Krallıq, həm Aİ, həm də Türkiyə başda olmaqla, bölgə ölkələrində müsbət və mənfi proseslər cərəyan edəcək. Türkiyə Aİ ölkələri ilə İngiltərə arasında olan çəkişmədən öz xeyrinə istifadə edə bilsə, uzun illər bölgənin təsirli  aktyoru olmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr