Kawczynski: "Avropa 15 iyul qarşısında qulaqbatırıcı bir sükut içindədir"

Xarici Əlaqələr Üzrə Xüsusi Komitənin və Birləşmiş Krallıq parlamentinin üzvü Daniel Kawczynski "TRT World"ə xüsusi  müsahibə verdi

616159
Kawczynski: "Avropa 15 iyul qarşısında qulaqbatırıcı bir sükut içindədir"

15 iyulda Türkiyədə baş verən dövlət çevrilişi cəhdini araşdıran Xarici Əlaqələr Üzrə Xüsusi Komitənin və Birləşmiş Krallıq parlamentinin üzvü Daniel Kawczynski "TRT World"ə xüsusi  müsahibə verdi. Kawczynski 15 iyuldan sonra baş verənlər və Avropanın Türkiyəyə qarşı mövqeyini dəyərləndirdi.

 Birləşmiş Krallıq da daxil olmaqla  Avropa paytaxtlarının Türkiyənin yaşadıqları mövzusunda "qulaqbatırıcı bir sükut içində" olduğunu bildirən Kawczynski Türkiyənin Avropa üçün əhəmiyyətini qeyd etdi.

Daniel Kawczynski "Qərbin, və ya Birləşmiş Krallığın Türkiyə kimi bir müttəfiqi itirmək riski varmı?" sualına: "hər ağlı başında olan avropalı bu ehtimaldan qorxmalıdır" deyə cavab verdi və sözünə belə davam etdi: "Türkiyənin sabitliyi və NATO-ya olan sədaqətini "çantada kəklik" kimi görmək olmaz. DAEŞ ilə Avropa arasındakı yeganə maneə Türkiyədir. Buna görə də, Türkiyəni itirmək Avropa üçün dağıdıcı olacaq. Rus təyyarəsinin Türkiyə sərhədində qeyri-müəyyən  şəkildə vurulmasə nəticəsində yaranan gərginliyə baxmayaraq, Rusiya prezidenti Türkiyə ilə münasibətlərin düzəlməsi üçün operativ bir səy nümayiş etdirir. İki ölkə problemli bir nöqtədə olmalarına baxmayaraq, Rusiya Türkiyə ilə yaxşı münasibətlərin əhəmiyyətini dərk edir. Heç bir zaman Türkiyəyə qarşı qeyri-ciddi mövqe tutulmamalıdır. Bu növ mövqe Qərb ölkələrinin maraqları baxımından faciəvi nəticələr ortaya qoyacaqdır. Türkiyədə bizimlə bərabər səviyyədə olan həmkarlarımız, parlament üzvləri  Qərbin onları tərk etdiyi düşüncəsindədirlərsə, biz yenidən bu insanların etimadını qazanmağa çalışmalıyıq. Bu, çox əhəmiyyətlidir”

Kawczynski Türkiyəni tənqid edən Avropa ölkələrinə səsləndi: "Mən onlardan bir an dayanmalarını və Birləşmiş Krallıqda 241 vətəndaşımızın parlamentimizi dağıtmaq və Britaniya xalqının demokratik iradəsini ortadan qaldırmaq istəyən qüvvələr tərəfindən qətl edildiyini düşünmələrini istəyirəm. "Belə bir vəziyyətdə biz necə  reaksiya verərdik?" deyə düşünmələri lazımdır" 

 "Türk xalqına heyranıq "

 “Türkiyə prezidenti və baş nazirinin Türk xalqını meydanlara dəvət etmələri cəsarət tələb edirdi” deyən Kawczynski bu insanlara və çevrilişin qarşısını alan Türk xalqına heyran olduqlarını vurğuladı.

 "Gülən hərəkatının bu dövlət çevrilişi cəhdinə daxil olduğuna dair heç bir şübhə yoxdur"

 Kawczynski müsahibəsində istintaqın ilkin mərhələdə olmasına baxmayaraq Gülən hərəkatının bu dövlət çevrilişi cəhdinə daxil olduğuna dair hər hansı bir şübhə olmadığını vurğuladı.

Kawczynski Gülən hərəkatının dünyanın bir çox yerində müəyyən bir əhaliyə sahib olması, Avropa ölkələrinin də təhlükəylə üz-üzə olması barədə xəbərdarlıq etdi.

Kawczynski Türkiyənin ABŞ-dan Gülənin ekstradiyası ilə bağlı tələbinə də toxundu: "ABŞ prezidentinin Türkiyənin bu tələblərini qiymətləndirəcəyini ümid edirəm, çünki Türkiyə İraq və Suriyada DAEŞ-in məğlub edilməsində çox mühüm rol oynayır.  İraq səfiri ilə  görüşümüzdə səfir bütün region üçün təhlükə yaradan DAEŞ-ə qarşı Türkiyənin  mühüm fəaliyyətlərindən danışdı. Məncə, ABŞ Türkiyəni yalnız DAEŞ-ə qarşı müharibə aparmaq üçün deyil, eyni zamanda, əhəmiyyətli bir NATO ölkəsi olaraq yanında görmək istəyirsə Türkiyənin narahatlıqlarını dinləməlidir"

"Avropa Türkiyəni strateji tərəfdaşı kimi saxlamalıdır"

 Türkiyənin milyonlarla suriyalı qaçqınları qoruyaraq, tibbi xidmətləri təqdim edərək böyük bir iş gördüyünü bildirən Kawczynski  Aİ-nin qaçqın böhranı məsələsindəki uğursuzluğunu qeyd etdi. O,Türkiyə sayəsində böhranın aradan qaldırıldığını və Türkiyənin bir strateji tərəfdaş olaraq saxlanılmasının vacibliyini vurğuladı.

 "Avropanın Türkiyənin üzvlüyü məsələsindəki enişli-çıxışlı mövqeyi utandırıcıdır"

 Birləşmiş Krallığın Aİ-dən çıxması barədə qərarını xatırladan Kawczynski Avropanın Türkiyənin üzvlük prosesində tutduğu enişli-çıxışlı mövqeyinin utandırıcı olduğu barədə düşüncələrini ifadə etdi. O:"Türklər Aİ-yə qarşı böyük səbr nümayiş etdirdilər. Bundan başqa, Brüsseldə yerləşən bəzi məmurların Türkiyə hökumətinin bu anda üzləşdiyi təzyiqləri və çətinlikləri dərk etmədiyini düşünürəm. Türkiyənin digər namizəd ölkələr kimi dəyərləndirilməməsi çox səhv yanaşmadır" dedi.

 Kawczynski yanvar ayında Türkiyəyə gələrək buradaki tədqiqatlarını daha da genişləndirəcəyini   bildirdi.



Әlaqәli Xәbәrlәr